Sahibkarlıq və peşə fəaliyyəti ilə əlaqədar olmayan, şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən hər bir şəxs istehlakçı hesab olunur. Hər bir istehlakçı isə sərbəst seçim etmək, lazımi keyfiyyətli və təhlükəsiz mal (xidmət) almaq, həmçinin onun haqqında tam və düzgün məlumat əldə etmək kimi bir sıra hüquqlara malikdir. Əgər hər bir istehlakçı öz hüquqlarını bilərsə, bu hüquqlar pozulduğu hallarda da necə davranmalı və ya hansı orqana müraciət etməli olduğuna dair düzgün qərar verə bilər.
Məlum olduğu kimi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həllini tapmayan mübahisələrin ən son instansiyası məhkəmə orqanlarıdır. Bəzən istehlakçılar hüquqlarını məhkəmə qaydasında müdafiə etməkdən çəkinərək, yalnız inzibati orqanlara müraciət etməklə kifayətlənirlər. Əksər istehlakçılar bunu məhkəmələrə iddia ərizələri verilən zaman mülki mübahisələrlə əlaqədar rüsumun ödənilməsi ilə əsaslandırır.
FED.az xəbər verir ki, məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, “Dövlət rüsumu haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlakçılar hüquqlarının pozulması barədə məhkəmə qaydasında qaldırdıqları iddialara görə dövlət rüsumu ödəməkdən azad edilirlər.
Vəkillər Kollegiyasının üzvü Elvin Quliyevin sözlərinə görə, istehlakçılar o halda rüsum ödəməkdən azad olunurlar ki, burada iddiaçı qismində olan istehlakçılar, yəni şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan fiziki şəxslər, yaxud onların nümayəndələri, cavabdeh qismində isə yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər çıxış edir.
Hər iki tərəf (iddiaçı və cavabdeh) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs statusuna malik olduğu təqdirdə yaranan mübahisə kommersiya mübahisələri hesab olunur, qeyd olunan güzəştlər isə kommersiya mübahisələrinə şamil edilmir.
Belə ki, əgər istehlakçı aldığı malda və ya ona göstərilən xidmətdə hər hansı qüsur və ya saxtalaşdırma halları aşkar edərsə, bununla bağlı satıcıya, xidmət göstərilməsi ilə bağlı isə icraçıya müraciət edərək malın dəyişdirilməsi, xidmətin yenidən göstərilməsi, məbləğin müvafiq qaydada azaldılması və ya müqavilənin ləğv edilməsi və ona dəymiş zərərin əvəzinin ödənilməsi tələblərindən birini irəli sürə bilər.
Qarşı tərəf istehlakçının tələblərini təmin etmədiyi təqdirdə isə o, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməklə yanaşı, heç bir rüsum ödəmədən məhkəməyə iddia verərək pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa olunmasını tələb edə bilər. (Qafqazinfo)