Müəllif: Rəşad Cahangirov, "Turan Legal and Tax Services" şirkətinin hüquqşünası
Azərbaycanda bazar iqtisadiyyatı, və biznes münasibətlərinin inkişafı, biznes qurumları arasında rəqabəti gücləndirir. Bazar payı, yeni bazarlar, müştərilər, etibarlı partnyorlar, peşəkar əməkdaşlar uğrunda mübarizə ciddiləşir. Belə mühitdə şirkətlərin kommersiya sirrinin əhəmiyyəti kəskin artır. Bəzi hallarda kommersiya sirri şirkətin nəinki hər hansı əməliyyatı, hətta bütün gələcək fəaliyyəti üçün həlledici əməliyyətə malik olur.
Məhz bu səbəbdən biznes qurumları kommersiya sirlərini ciddi şəkildə qoruyurlar, amma bu sirlərin daima paylaşıldığı qrup – şirkətin öz əməkdaşlarıdır.
Əmək münasibətlərində kommersiya sirri
Şirkətin kommersiya sirrini qorumayan əməkdaşı nə gözləyir? Qanunda bu barədə hansı hallar nəzərdə tutulub? Biznes qurumları belə hallar üzləşməmək üçün öz kommersiya sirləri ilə bağlı risklərini hüquqi cəhətdən necə tənzimləməlidir?
Kommersiya sirri nədir?
Kommersiya sirri anlayışının izahı Azərbaycan Respublikası “Kommersiya sirri haqqında” qanununda verilib. Qanuna əsasən «kommersiya sirri» dedikdə - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar başa düşülməlidir.
Ümumi olaraq kommersiya sirrinin üç meyarını müəyyən etmək olar:
1. İctimai olaraq məlum olmadığına görə potensial (və ya faktiki) müstəqil iqtisadi dəyərinin olması;
2. Qanuni şəkildə digər bazar iştirakçılarının əldə etməsinin mümkünsüzlüyü (və ya çətinliyi) səbəbilə dəyərli olması;
3. Məxfiliyinin qorunması məqsədilə kommersiya sirri sahibi tərəfindən ağlabatan cəhdlərin və tədbirlərin görülməsi.
Hansı məlumatlar kommersiya sirri ola bilər?
Kommersiya sirri kimi ola bilən məlumatların sırası genişdir. Belə məlumatlara əsasən biznes ideyaları, layihə planları, işgüzar təkliflər aiddir. Müştərilərlə və partnyorlarla münasibətlərə dair məlumatlar, müqavilə tərəflərinin, kontragentlərin məlumatları, müştərilərin siyahıları, kontaktları da kommersiya sirri ola bilər.
Müqavilə ilə qarşı tərəflərə verilmiş məxfilik təminatları, ilkin razılaşmalar, maliyyə qeydləri, nəhayət işçilərin fərdi məlumatları və digər məlumatlar kommersiya sirlərinə aid edilir. Mövcud dünya və bazar şərtlərində kommersiya sirrini sahibkarın ən dəyərli aktivlərindən biri hesab etmək olar.
Kommersiya sirri və işçilər
Biznes qurumları kommersiya sirlərini nə qədər ciddi qorusalar da, onu öz personalı ilə bölüşməlidirlər. Biznes fəaliyyətinin tərkib hissəsi kimi müəyyən kateqoriya işçilərə sahibkarın kommersiya sirrləri ilə işləməyə icazə verilməsi qaçınılmazdır.
Nəticəjə kommersiya sirlərinə əlçatanlığı olan hər bir işçi - əmək fəaliyyətinin bir hissəsi olaraq məxfi hesab edilən məlumatlarla tanış olmaq və onlardan istifadə edə bilmək imkanına malikdir.
Kommersiya sirrinin yayılması qarşısını necə almaq olar?
Kommersiya sirrinin yayılması dedikdə müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə məlumatların başqa şəxslərə açıqlanması başa düşülməlidir. Yəni, işçi kommersiya sirrini hər hansı üçüncü tərəflə paylaşaraq onun “məxfi” statusunun (rejiminin) dəyişilməsinə səbəb olursa, həmin məlumat öz “sirr” mahiyyətini itirir və işçi həmin kommersiya sirrini yaymış hesab edilir.
Kommersiya sirrini təşkil edən məlumatları qorumaq üçün sahibkar formal (hüquqi) və praktiki olmaqla iki formada tədbirlər planı formalaşdıra bilər.
Formal hərəkətlər –
təcrübədə əmək müqavilələrinə məxfilik bəndinin daxil edilməsi, vəzifə təlimatlarının yazılması və ya əmək müqaviləsinə məxfilik haqqında razılaşma əlavəsinin edilməsidir.
Amma bu addımlar hər zaman effektli deyil. Sahibkar bu hissədə özünü sadəcə hüquqi baxımdan sığortalayır. Daha sadə desək, kommersiya sirrinin yayıldığı halda qarşı tərəfə qarşı tədbir görmək üçün hüquqi əsas yaradır.
Amma bəzən işçilər, ümumiyyətlə, məşğul olduqları məlumatların kommersiya sirri olmasından məlumatsız olurlar və onu bilmədən də yaya bilərlər.
Nəticədə müqaviləyə məxfilik bəndinin əlavə edilməsi sahibkarları hüquqi olaraq sığortalasa da, faktiki olaraq risklərdən qorumur.
Praktiki addımlar –
kommersiya sirrinin qorunması üçün daha təsirlidir. Bura hər bir işçinin korporativ noutbuk və telefonla təmin edilməsi, işçilərə məxfi məlumatlara (kommersiya sirri) dair təlimlərin keçirilməsi aiddir. Bundan başqa, şirkətdə əlaqəli siyasətlərin (Misal üçün: Təmiz Masa Siyasəti, Məlumatlardan İstifadə Siyasəti, Kommersiya sirri rejimi haqqında reqlament və s.) qəbul edilməsi, qəbul edilən siyasətlərə dair ayrı-ayrılıqda təlimlərin, ən azından elektron vasitələrlə izahların təqdim edilməsi aid edilə bilər.
Bu kimi reqlamentlər, onlara aid müntəzəm təlimlər, maarifləndirmə sessiyaları, yeni gələn işçilərin giriş təlimlərində buna dair məlumatlandırmaların edilməsi işçilərin daha diqqətli olmasına, işlədiyi məlumatlardan daha səliqəli istifadə etməsinə səbəb olur.
İşçi kommersiya sirrini pozanda nə olur?
Bütün bu tədbirlərə baxmayaraq bəzi hallarda kommersiya sirrini qorumaq mümkün olmur. Kommersiya sirri sahibkarın icazəsi ilə əlçatanlığı olan işçi və ya belə icazəsi olmasa da, hər hansı yolla kommersiya sirri hesab edilən məlumatları əldə edən işçi tərəfindən sahibkarın iradəsinə və qanuni maraqlarının zidd olaraq yayıla bilər.
İşçilərin kommersiya sirri ilə rəftarı və kommersiya sirrini yaymasının nəticələri fərqli ola bilər. Bu zaman ilk xatırlanan tədbir işçinin işdən azad edilməsidir.
Amma bu həmişə mümkün deyil – məsələ bundadır ki, işçini cəzalandırmazdan əvvəl, işəgötürən onun vəzifə öhdəliklərini pozmasını sübut edə bilməlidir. Əks halda, yəni işçinin öz vəzifə öhdəliklərini pozması sübut edilməzsə, bu əsassız işdən çıxarılma sayıla bilər və işçilərin məhkəmələrdə işə bərpa iddialarının təmin edilməsilə nəticələnə bilər.
Ona görə də işçinin dərhal işdən çıxarılması barəsində qərar verilməsindən əvvəl - risklərin düzgün qiymətləndirilməsi üçün hüquqşünas və insan resursları üzrə mütəxəssis ilə məsləhət edilməsi tövsiyə edilir.
Çünki bu məsələ araşdırılanda işçinin əmək müqaviləsinə, vəzifə öhdəliklərinə, şirkətdaxili reqlament və təlimatlara nəzər yetirmək zərurəti yarana bilər.
Kommersiya sirrini yayın işçinin işdən çıxarılması üçün ilkin və əsas addımlar aşağıdakılardır:
1. Faktın doğruluğu (kommersiya sirrinin yayıldığı) təsdiq edilməlidir;
2. Faktın doğruluğunu təsdiq edən izahatlar, sənədləşdirmələr aparılmalıdır;
3. Şirkətdaxili əmr bütün sənədləşdirmələri, qəbul edilən daxili aktları və məxfilik razılaşmalarını əsaslandırmalı əhatə etməlidir.
Qanun nə deyir?
Kommersiya sirri ilə bağlı işçilərin və şirkət rəhbərlərinin nəzərə almalı olduğu vacib məqamlar aşağıdakılardır:
Əmək Məcəlləsinə əsasən, kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq işçilərin əsas vəzifələridir [1].
Əlavə olaraq Əmək Məcəlləsinə əsasən, istehsal və kommersiya sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır [2].
Bunların fonunda nəzərə almaq lazımdır ki, işçi ilə kommersiya sirri yalnız onun razılığı əsasında paylaşıla bilər [3].
Ona görə də bütün yükü əmək qanunvericiliyinin üzərinə atmaqdansa, əmək müqaviləsi və ya əlavə razılaşma ilə kommersiya sirrini təşkil edən məlumatların rejimi və riayət edilməsi öhdəlik kimi müəyyən edilməlidir. Bu halda ehtimal olunan risklərə münasibətdə daha təhlükəsiz qorunmanı təmin etmək mümkündür. Hətta əmək müqaviləsinə xitam verilsə belə, işçi kommersiya sirrinin rejimi işəgötürən tərəfindən dəyişdirilənədək həmin məlumatları məxfi saxlamağa borcludur [4].
Kommersiya sirrinin yayılması həmçinin cinayət və inzibati məsuliyyətə də səbəb ola bilər.
İnzibati Xətalar Məcəlləsinə əsasən (maddə 431), bu halda zərər vuran şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir [5].
Sahibkarın razılığı olmadan kommersiya sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, şəxslər az miqdarda ziyan vurduqda inzibati məsuliyyətə, külli miqdarda ziyan vurduqda isə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Cinayət Məcəlləsinə əsasən (maddə 202.2), bu halda zərər vuran şəxs cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır [6].
Həmçinin Kommersiya sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə də şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Cinayət Məcəlləsinə əsasən (maddə 202.1), bu halda zərər vuran şəxs min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır [7].
Nəticə - Bütün məqamlar sənədləşməlidir
Yuxarıda sadalanan qanunvericilik istinadları kommersiya sirrinin yayılması hallarını kobud pozuntu olaraq şərh etsə də, sahibkar hər bir halda rəsmiləşdirmə və əsaslandırma məqamlarında diqqətli olmalıdır.
İşçinin hansı şəkildə məlumatları əldə etdiyini, məlumatların yayılmasında niyyətinin nə olduğunu, qəsdin olub-olmamasını müəyyənləşdirməyə imkan verən faktlar düzgün qiymətləndirilməlidir.
Kommersiya sirrinin yayılmasının sahibkarın fəaliyyətinə vurduğu zərərləri işdən çıxarılmaya dair əmrində əhatəli formada əsaslandırmalı, o cümlədən kommersiya sirrinə və ya məxfi məlumatlara dair reqlamentlərə, məxfilik razılaşmalarına istinad etməlidir.
Belə hadisə artıq bir dəfə baş verib
Nümunə üçün Ali Məhkəmənin Mülki Kollegiyasının 27.07.2021-ci il tarixli qərarına nəzər yetirə bilərik.
Həmin qərar üzrə mübahisədə işçinin kommersiya sirrini yaydığı təsdiq edilsə belə, sahibkar düzgün əsaslandırmadığına görə, məhkəmə sahibkarın qəbul etdiyi işdən çıxarma əmrini ləğv edib.
Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, işçinin işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi üçün istinad etdiyi halların (kommersiya sirrinin yayılması faktının) həqiqiliyi müəyyən edilsə belə, iddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün yetərli olmayacaqdır.
Çünki işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. [8]
Mənbə:
[1] Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin d bəndi
(https://www.e-qanun.az/framework/46943);
[2] Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin d bəndi
https://www.e-qanun.az/framework/46943;
[3] Kommersiya sirri haqqında Azərbaycan Respublikası qanununun 10-cu maddəsi
(https://www.e-qanun.az/framework/2861);
[4] Kommersiya sirri haqqında Azərbaycan Respublikası qanununun 11-ci maddəsi
(https://www.e-qanun.az/framework/2861);
[5] Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431-ci maddəsi
(https://e-qanun.az/framework/46960);
[6] Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202.2-ci maddəsi
(https://www.e-qanun.az/framework/46947);
[7] Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202.1-ci maddəsi
(https://www.e-qanun.az/framework/46947);
[8] Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.07.2021 tarixli, 2(102)-3165/2021 saylı qərarı
(https://sc.supremecourt.gov.az/storage/Mulki/2021/2_3165+27.07.2021.pdf).