Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
FED.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinin tələblərinə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları, həmçinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddəyə əsasən bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.