Antik Yunan və Roma dövlətləri zamanından indiyədək hüquqşünas peşəsi cəmiyyətin ən prestijli, hörmətli və sayılıb-seçilən peşələrindən biri olub. Bu həm onların cəmiyyətdəki rolu, həm ictimai, siyasi və sosial münasibətlərə təsiri, həm də lazım olduqda həkim peşəsi kimi cəmiyyətin hər bir üzvünün müraciət etdiyi bir ünvan olması səbəbindədir.
Hazırda ali məktəblərə qəbul prosesinin davam etdiyini nəzərə alaraq hüquq fakultələrini seçmək istəyən tələbə dostlarımıza hüquqşünas ixtisası, ölkəmizdə hüquqşünasların hansı sahələrdə çalışdığı və hansı işləri gördüyü haqqında yazmaq istədik.
Başlayaq iş yerinin daxil olduğu sahələrdən.
Ölkəmizdə hüquqşünaslar dövlət sektorunda, özəl sektorda və sərbəst olaraq fəaliyyət göstərirlər.
Dövlət sektorunda hüquqşünaslar məhkəmələrdə (hakim), idarəetmədə (Prezident Administrasiyası, Nazirlər Kabineti, nazirliklər və digər mərkəzi və yerli icra hakimiyyəti orqanları), hüquq mühafizə orqanlarında (Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Prokurorluq və digər), xidmət sahələrində (ASAN xidmət, BNA, TƏBİB və digər publik hüquqi şəxslər) və istehsal sahələrində (SOCAR, Azərsu, Azerenerji kimi dövlət şirkətləri) çalışırlar.
Özel sektorda isə hüquqşünaslar iqtisadiyyatın müxtəlif sahələri üzrə (istehsal, xidmət, rabitə, turizm və digər) şirkətlərdə çalışırlar.
Hüquqşünaslığın sərbəst və peşəkar forması isə vəkillikdir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün ali hüquq təhsili və 3 il hüquqşünas kimi iş stajı olduqdan sonra yazılı test, şifahi və icbari təlim mərhələlərdən ibarət olan imtahanlardan keçərək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq lazımdır.
İndi gəlin hüquqşünaslığın funksional olaraq bölgüsünə baxaq. Qeyd edək ki, bu bölgülərin hər biri şərtidir.
Görülən işin mahiyyətinə əsasən hər üç sektorda çalışan hüquqşünaslar normayaradıcılığı, korporativ hüquq və hüquqi mübahisələr üzrə fəaliyyət göstərirlər.
Normayaradıcılığı fəaliyyəti ilə əsasən dövlət qurumlarına və publik hüquqi şəxslərdə çalışan hüquqşünaslar məşğul olur ki, bu fəaliyyətə normativ hüquqi aktların (qanun, fərman, sərəncam və s) layihələrinin hazırlanması daxildir.
Korporativ hüquq fəaliyyətinə şirkətlərin yaradılması və ləğv edilməsi, onların səhmdarları və vəzifəli şəxslərinin arasındakı münasibətlərin tənzimlənməsi, qiymətli kağızlarla iş, müqavilələr, müəyyən fəaliyyətlə məşğul olmaq üçün icazələrin, lisenziyaların alınması, vergi, gömrük məsələləri, ticarət əməliyyatlarının qanuniliyinin tənzimlənməsi və digər işlər aid edilir.
Hüquqi mübahisələr üzrə fəaliyətə əsasən şirkətləri və fiziki şəxsləri təmsil etmək, sənədlər toplamaq, onların hüquq və mənafelərini məhkəmələrdə və ya digər orqanlar qarşısında müdafiə etmək, çıxarılmış qərarların icra olunmasına nəzarət etmək kimi fəaliyyətlər daxildir.
Unutmayın ki, gələcəkdə hüquqşünas kimi hansı sahədə çalışmağınızdan asılı olmayaraq universitetdə keçilən dərslərin hər birini yaxşı oxumalısınız. Çünki indi sizə maraqlı gələn hüquq sahəsi gələcəkdə gəlməyə bilər və siz heç təsəvvür etmədiyiniz sahənin hüquqşünası ola bilərsiniz.
Hər birinizə imtahanlarda və tələbə həyatınızda uğurlar arzulayırıq.
Müəllif: Hüseyn İsmayılov, hüquqşünas