- Əgər əmlak NİKAHDAN ƏVVƏL əldə olunubsa.
Emil toydan altı ay əvvəl yığdığı pul hesabına alqı-satqı yolu ilə kiçik mənzil alır və həmin mənzili elə öz adına da rəsmiləşdirir. İlk vaxtlarda evlilk yolunda getsə də, üç il sonra tərəflər boşanmaq qərarına gəlirlər. Səbinə həmin mənzildən pay tələb etsə də, tələb əsassız olduğundan rədd edilir.
NƏTİCƏ: Nikaha daxil olanadək tərəflərin birinə məxsus olan əmlak onların AYRICA mülkiyyəti hesab edilir.
- Əgər əmlak BAĞIŞLANIBSA.
Nikahdan üç il sonra Gülnarın valideynləri öz hesablarına gənc ailəyə ev alır və həmin evi bağışlama müqaviləsi ilə qızlarına hədiyyə edirlər. Zamanla ər və arvad arasında münasibətlər pisləşir və Famin məhkəmədə hədiyyə olunmuş evdən pay tələb edir. Lakin evin bağışlanması faktı sübuta yetirildikdən sonra Faminin tələbi təmin edilmir.
NƏTİCƏ: Nikah dövründə hədiyyə şəklində əldə olunan əmlak ər-arvadın HƏR BİRİNİN ayrıca əmlakıdır.
- Əgər əmlak ümimi qazanc hesabına deyil, ŞƏXSİ VƏSAİT HESABINA əldə olunubsa.
Lamiyənin atası qızının təhsil aldığı dövrdə onun adına torpaq sahəsi alır. Lamiyə ailə qurduqdan sonra, torpaq sahəsində tikinti aparmağa nə vaxt, nə də pul tapa bilir. Bu səbəbdən, o, həmin torpağı satıb əvəzinə özünə avtomobil alır. Tərəflərin boşanması zamanı Lamiyənin həyat yoldaşı Fuad həmin avtomobilin üzərində onun da payının tanınmasını iddia edir. İddia əsassız olduğundan rədd edilir.
NƏTİCƏ: Birgə nikah dövründə alınsa belə, lakin tərəflərdən birinin öz (şəxsi) vəsaiti hesabına alınan əmlak ər-arvadın ümumi əmlakı hesab edilmir.
- Nikah müqaviləsində belə bir müddəa varsa.
Fazil və Sevinc evliliyin elə ilk vaxtından nikah müqaviləsi bağlayır və onu notariusda təsdiq edirlər. Həmin müqaviləyə əsasən, nikah dövründə əldə olunacaq avtomobil ərin (Fazilin), torpaq sahələri isə arvadın (Sevincin) öz (şəxsi) mülkiyyəti hesab ediləcəkdir. Münasibətlər pisləşdikdən sonra tərəflər qarşılıqlı razılıq ilə əmlakları bölə bilmirlər və iş gedir məhkəməyə. Nəticədə, Sevinc avtomobildən pay tələb edir, lakin işi uda bilmir.
NƏTİCƏ: Nikah müqaviləsi ilə tərəflər ümumi əmlaka ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
- Əmlak uşağın adına rəsmiləşdirilibsə
Nikah dövründə bağ evi alınır və rəsmiləşdirilir uşağın adına. Tərəflər boşanmaq üçün məhkəməyə müraciət edirlər və sonda hakim uşağın anasının yanında qalmasını qət edir. Bundan sonra, uşağın atası həmin bağ evindən ona pay çata biləcəyini guman edir və belə bir iddianı məhkəmədə qaldırır. Atanın iddia tələbi təmin edilmir.
NƏTİCƏ: Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər.
Yuxarıda qeyd olunan məqamlar qanunvericiliyə əsaslanmış ümumi qaydalardır. Bununla belə, hər bir iddia tələbinə fərdi və hərtərəfli yanaşılmalıdır. Çünki hər-hansı iddianın təmin olunma ehtimalı müxtəlif nüanslardan və işin təfərrüatlarından asılıdır.
Müəllif: Vəkil Əkbərova Leyla