Son vaxtlar Facebook-un Azərbaycan «məkanı»nda insanların aldadılmasına yönəlmiş reklamlarının sayı sürətlə artır.
FED.az xəbər verir ki, söhbət mərc və kazino, qumar reklamlarından gedir. Bəzi reklamlar tamamilə fərqli məhsul adı ilə təqdim edilir, sadəcə buraya daxil olanda istifadəçilər başqa təkliflərlə rastlaşırlar.
«Facebook» sosial şəbəkəsindəki reklam imkanları və şəbəkəinn büğün dünyanı əhatə etməsi nəticəsində belə reklamlara qadağa qoyulmur. Üstəlik, insanları cəlb etmək üçün adətən bu oyunlar tanınmış insanların simalarından istifadə olunaraq reklam edilir.
Texnobloqer Fərid Pərdəşünas FED.az-a bildirib ki, Azərbaycanın internet məkanında skam reklamlar artıq uzun müddətdir müşahidə edilir: «Skam ikitərəfli gedir. Qumar və kazino saytları məşhur bloqerlərin (Taleh Yüzbəhov, Əlixan və s) simasını saxta yollarla istifadə edərək, insanları onlayn qumara və kazino oyunlarına çağırır. Təəssüf ki, «Facebook» kimi bir platforma reklamın qarşısını ala bilmir, qumar reklamlarını açıq-aşkar təsdiqləyir. Dövlət Təhlükəsizlik Xidməti buna müdaxilə etməlidir».
Qeyd edək ki, internetdə «skam» dedikdə «fırıldaq» və «aldadılma» reklamları, yəni qeyri-real vədlərlə insnalar cəlb etmək üsulları başa düşülür. Texnobloqer bildirir ki, belə reklamlarda tətbiq edilən üsul daha təhlükəlidir: «Bazara «Monsbet» adlı bir platforma daxil olub. Platforma müxtəlif yerli Facebook səhifələrində özünü bet, yəni mərc saytı kimi reklam etdirir. Buna görə səhifə adminlərinə 1000-lərlə manat pul ödənilir. Əslində isə platformanın əsas gəlir mənbəyi kazinodur. Məqsəd odur ki, özünü bet saytı kimi reklam edib, istifadəçini özünə çəksin, daha sonra öz daxilində gələn müştərini qumara yönəltsin. Qanunvericiliklə hər ikisi qadağandır, amma internet belə reklamlara doludur».
Bu platformada hazırda qumar və mərc təşkil edən bir neçə səhifələr: «Best choice», «Mostnbet», «Nice info» kimi səhifələr mərc, qumar reklamlarını açıq şəkildə edirlər: «Skam və «Monsbet»lə əməkdaşlıq edən səhifələr göndərilən mesajlara cavab verilmir. Çünki onlar qeyri-leqal fəaliyyət göstərdiklərinin fərqindədirlər. Azərbaycanda yalnız qanuni idman mərc oyunu olan “TOPAZ”ın fəaliyyətinə rəsmi icazə verilib».
Qeyd edək ki, Azərbaycanda həm mərc (bet) həm də kazinoların reklamı qadağandır. Facebook-dan bunları birdəfəlik yığışdırmaq mümkün deyil. Çünki qeyd edildiyi kimi, şəbəkə bütün dünyanı əhatə edir və bəzi ölkələrdə qadağan olunan mövzular, digərlərində leqaldır. Reklamın azərbaycan dilində olmasını da qadağan etmək mümkün deyil.
Problem bu reklamların Azərbaycan səhifələrində yayılması və burada Azərbaycanın tanınmış simalarından istifadə edilməsidir. Özü də indi məlum olub ki, həmin şəxslərin bu reklamdan ya xəbəri yoxdur, ya da ona razı deyillər, sadəcə qarşısını ala bilmirlər.
Tanınmış aktyor və videobloqer Taleh Yüzbəyov FED.az-a bildirib ki, sözügedən məsələdən xəbərdardır amma bunun (yəni adının bu reklamlardan istifadə olunmasının) qarşısını almaqda çətinlik çəkir. Aktyor bunun üçün hüquqi yollardan istifadə etmək niyyətindədir və artıq Rusiyadan bir vəkillə danışıq aparır: «Görək nə etmək olur. Mən heç pul müqabilində mərc oyunlarının reklamına razı olmuram, bunlar kazino reklam edirlər».
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz FED.az-a bildirib ki, qanunvericiliyə görə, Azərbaycana ərazisində bu tip fəaliyyət qadağandır: «Kimlərsə süi-istifadə edərək onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunlarını ilə bağlı reklam yayır və nələrsə təşkil edirlər. İstər onlayn, istərsə də oflayn mühit olsun bu, qanunvericiliyə zidd hərəkətdir. Burada cinayət məsuliyyəti yaradan məqamlar var. Xüsusən də internet azyaşlıları üçün əlçatan olduğuna görə, bu tip oyunların reklamı daha ciddi məsuliyyət yaradır».
Osman Gündüz onu da qeyd edib ki, bu məsələ Azərbaycanda bir sıra aidiyyəti qurumlar tərəfindən nəzarətə götürməlidir: “Azərbaycan Reklamçılar İttifaqı, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, elədə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi monitorinq aparmalıdırlar. Xüsusilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi monitorinq aparıb nəticəni bəlli qurumlara təqdim etməlidir ki, Azərbaycan qanunvericiliyi ilə qadağan olunan fəaliyyətin qarşısı alınsın. Bu fəaliyyət gizli deyil, bəlli adamlar var və bəlli profillər vasitəsilə açıq-aşkar formada aparılır. Hesab edirəm ki, aidiyyəti orqanlar bu cür onlayn oyunların, eləcə də reklamların fərqində olmalıdır».
Ekspert ictimai qınaq fikrinin formalaşdırlmasının doğru olduğu qənaətindədir: «Təbii ki, xoşagələn hal deyil. Xüsusən də azyaşlılar və yeniyetmələr üçün burada bir təhlükə var. Onların bilərəkdən və ya bilməyərəkdən bu cür oyunların təsiri altına düşmə ehtimalı var. Buna görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ciddi narahatlıq hiss etməlidir. Eyni zamanda internetdə olan tanınmış blogerlər və tanınmış şəxslər buna bır ictimai təsir göstərməlidir».