“Məhkəmə təcrübəsində əmək mübahisələri daha çox əmək müqaviləsinə xitam verilməsi fonunda yaranır. Əmək münasibətlərinə xitam veriləsi hallarına tərəflərin təşəbbüsü, müqavilənin müddətinin bitməsi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar və əmək müqaviləsində şərtləşdirilmiş hallar daxil ola bilər”.
Bu barədə FED.az-a Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının sədri Rəfael Eyvazov bildirib
O bildirib ki, məhkəmələrdə daha çox tərəflərdən birinin təşəbbüsü ilə əmək münasibətlərinə xitam verilməsi hallarına rast gəlinir: “Qanunvericilik bu hüququ tərəflərdən birinə vermişdir. İşçi bir təqvim ayı müddətində əvvəlcədən işəgötürəni yazılı formada xəbərdar etməklə, əmək münasibətlərinə xitam verilməsini tələb edə bilər. Bəzən bu norma işçilər tərəfindən səhv anlaşılır. Sual verirlər ki, ərizə yazdıqdan sonra işə getməyə bilərikmi? Bu belə deyil. İşçi ərizə yazdıqdan sonra 1 ay müddətinə əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirməlidir.
İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinə müəssisə, işçi və ya ştatlar ixtisar olunduqda, işçinin vəzifəyə uyğun olmaması barədə səlahiyyətli orqanın qərarı olduqda, işçinin əmək funksiyalarını lazımi qaydada yerinə yetirməməsi, kobud vəzifə pozuntusu, sınaq müddətində özünü doğrultmadığı hallarda xitam verilə bilər. Təbii ki, bu hallar ciddi rəsmiləşdirilməlidir”.
Hakim əlavə edib ki, məhkəmə təcrübəsində işdən çıxma barədə ərizənin işəgötürənin təzyiqi altında yazıldığı kimi iddialara da rast gəlinir. Təbii ki bu hallar da hərtərəfli araşdırılır və hüquqi qiymət verilir.