İyunun 20-də Daxili İşlər Nazirliyi (DİN) tərəfindən “Qadınlara qarşı zorakılıq hallarının, ailə-məişət zəminində törədilən cinayətlərin qarşısının alınması” mövzusunda konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən FED.az-a bildirilib ki, tədbirdə nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri iştirak ediblər.
Konfrans zamanı ailə münaqişəsi, həmçinin məişət zorakılığı ilə bağlı polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşıldığı, cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində nazirlik tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlərin görüldüyü, proqramların qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxışçılar nazirliyin “102” Xidməti-Zəng Mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt” kimi sistemlərinin, “E-polis” mobil tətbiqi və DİN-in sosial şəbəkə hesablarının qadınlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin qarşısının vaxtında alınmasına, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət etdiyini və ötən dövr ərzində bu istiqamətdə effektiv nəticələrin əldə olunduğunu bildiriblər.
Qeyd olunub ki, nazirlik tərəfindən ailə-məişət zəminində zorakılıq hallarına qarşı fəaliyyətin məqsədyönlü təşkili, o cümlədən işin aidiyyəti dövlət qurumları, beynəlxalq və QHT-lərlə koordinasiyalı qurulması, ictimaiyyətlə polis orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, davamlı məlumat mübadiləsinin aparılması daim diqqətdə saxlanılır.
Sonda konfrans iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.