Azərbaycanda 2015-ci ildə baş verən 2 devalvasiya nəticəsində zərərə düşən və şərikinə borcunu tam ödəyə bilməyən iş adamı məhkəmə qərarı ilə həbs edilib.
FED.az xəbər verir ki, bu barədə həmni şəxsin vəkili, Azərbaycanda bank və maliyyə mübahisələri üzrə tanınmış vəkil Əkrəm Həsənov bildirib.
Sözügedən işə Nərimanov məhkəməsində baxıldığını bildirən vəkil bu qərara görə məhkəmənin hakimi Xalidə Əlisoyu qınayıb. Vəkilin sözlərinə görə, 2 il əvvəl Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda kredit borcunu ödəmədiyinə görə, insanların həbsi ilə bağlı qərar çıxarsa da, ona əməl olunmur.
«Nərimanov rayon məhkəməsini hakimi Xalidə Əlisoy devalvasiya nəticəsində müflisləşmiş sahibkar tərəfindən şəriklərinə (əsas şəriki məmurdur) tam deyil, qismən ödəniş edildiyinə görə (imkanı daxilində) onu 1 il müddətinə azadlıqdan məhrum etdi. 2 il əvvəl Avropa İnsan Haqları Məhkəməsi mənim şikayətim əsasında borcunu ödəyə bilməyən şəxslərin həbsinə dair Azərbaycana qarşı qərar çıxarsa da, bu qanunsuz, barbar və biabırçı təcrübə tam aradan qalxmayıb.
Məhkəmə-hüquq sistemində real islahat üçün bunlar tələb olunur: elmi yanaşma, savadlı və dürüst hakimlər, mütərəqqi qanunvericilik və məhkəmə təcrübəsinin şəffaflığı və vahidliyi» - deyə vəkil bildirib.