Dəmiryol nəqliyyatı infrastruktur qurğularının subasması, yanğını barədə dəmiryol nəqliyyatının struktur bölmələri tərəfindən dərhal məlumat verilməlidir.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, ərazisində baş vermiş aşağıdakı hadisələr barədə dəmiryol nəqliyyatının struktur bölmələri tərəfindən dəmiryol nəqliyyatının aidiyyəti məsul işçilərinə, əlaqəli olan dəmiryol hərəkət tərkibinin sahiblərinə, həmçinin daşıyıcıya (bu Qaydalarda nəzərdə tutulmuş hallarda, əlavə olaraq aidiyyəti hüquq mühafizə orqanına) mövcud əlaqə vasitələrindən, o cümlədən telefondan, teleqrafdan və elektron əlaqə vasitələrindən istifadə etməklə dərhal məlumat verilir:
- dəmir yollarında vaqonun və ya konteynerin istismarı zamanı yükün alışması;
- qəza, ağır qəza, təhlükəli yükün dağılması (axması) kimi nəticələr olmadan, mənzildə və dəmiryol stansiyasında qatarların hərəkəti və ya manevr işləri, təchizat, həmçinin digər yerdəyişmələr zamanı dəmiryol hərəkət tərkibinin digər dəmiryol hərəkət tərkibi, nəqliyyat vasitəsi ilə toqquşması, dəmiryol hərəkət tərkibinin relsdən çıxması;
- dəmiryol nəqliyyatı infrastruktur qurğularının subasması, yanğını, konstruksiyalarının bütövlüyünün pozulması;
- qəza, ağır qəza və təhlükəli yükün dağılması (axması) kimi nəticələr olmadan, nəqliyyat vasitəsinin dəmir yollarına icazəsiz hərəkəti ilə əlaqədar baş vermiş hadisə və ya təyin olunmuş dəmiryol keçidlərindən kənar yerlərdə dəmiryol hərəkət tərkibinin nəqliyyat vasitəsi ilə toqquşması (bu halda əlavə olaraq aidiyyəti hüquq mühafizə orqanına mövcud əlaqə vasitələrindən, o cümlədən telefondan, teleqrafdan və elektron əlaqə vasitələrindən istifadə etməklə dərhal məlumat verilir);
- qəza, ağır qəza və təhlükəli yükün dağılması (axması) kimi nəticələr olmadan, dəmiryol keçidlərində dəmiryol hərəkət tərkibinin nəqliyyat vasitəsi ilə toqquşması (bu halda əlavə olaraq aidiyyəti hüquq mühafizə orqanına mövcud əlaqə vasitələrindən, o cümlədən telefondan, teleqrafdan və elektron əlaqə vasitələrindən istifadə etməklə dərhal məlumat verilir);
- yüklərin daşınması (nəqli) zamanı vaqonun və ya konteynerin və qablaşdırmanın zədələnməsi, vaqonun lüklərinin kip bağlanmaması, vaqon-sisternin çəninin və onun armaturunun defekti
(zədələnməsi), vaqon-sisternin boşaltma cihazının defekti (zədələnməsi) səbəbindən yükün dağılması (axması);
- qatarın hazır olmayan marşrutla qəbulu və ya göndərilməsi;
- dəmiryol hərəkət tərkibinin altında yoldəyişənin çevrilməsi;
- yolda hərəkət zamanı sərnişin və ya şəhərətrafı qatarın tərkibindən vaqonun açılması;
- dəmiryol hərəkət tərkibinin texniki nasazlığına görə göndərmə dəmiryol stansiyasından sərnişin qatarının göndərilməsinin ləğv edilməsi və ya aralıq dəmiryol stansiyalarında sərnişinlərin qatardan düşürülməsi;
- yolda hərəkət zamanı sərnişin qatarında lokomotivin nasazlığına görə qatarın mənzildə və ya aralıq dəmiryol stansiyasında məcburi dayanması və köməkçi lokomotivin köməyi ilə qatarın sonrakı hərəkətini davam etməsi;
- dəmiryol hərəkət tərkibləri arasında sonluq kranın bağlı halında qatarın göndərilməsi;
- dəmiryol hərəkət tərkibinin altında relsin sınması;
- qatarlarda avtoqoşucuların öz-özünə açılması;
- yolda hərəkət zamanı mənzillərdə və ya aralıq dəmiryol stansiyalarında buksun qızması səbəbindən vaqonun yük qatarından açılması;
- aralıq dəmiryol stansiyasında yükün, baqajın və ya yükbaqajın yükləmənin texniki şərtlərinin pozulması səbəbindən vaqonun qatardan açılması;
- dəmiryol hərəkət tərkibinin avtoqoşucusunun qırılması;
- dəmiryol hərəkət tərkibinin detallarının dəmir yolunun üzərinə düşməsi;
- dəmiryol hərəkət tərkibinin mexanizmlərin, avadanlıqların və kənar əşyaların (obyektlərin) üzərinə çıxması (vurması);
- dəmir yolu hərəkət tərkibinin qatarın qəbul, göndərmə marşrutuna və ya mənzilə icazəsiz hərəkəti;
- dəmiryol hərəkət tərkibinin işıqforun qadağanedici siqnalını və ya hüdud dirəkciyini keçməsi;
- qatarın tutulu yola qəbulu;
- qatarın tutulu mənzilə göndərilməsi;
- yolda hərəkət zamanı dəmiryol nəqliyyatının istismarına və hərəkətə təhlükə yaradan yükün dağılması (aşması);
- dəmiryol hərəkət tərkibinin onurğa tirinin, arabacığın yan və ya yayüstü (ressorüstü) tirinin, təkər cütü oxunun, təkərin ox boynunun və ya təkərin sınması;
- çöl işıqforunda qadağanedici siqnal əvəzinə yanlış icazəverici və ya qatarın aşağı sürətlə hərəkət tələb edən siqnal əvəzinə daha yüksək sürətə icazəverici siqnalın olması;
- mənzillərdə və stansiyalarda işlərin icrası zamanı qatarların hərəkəti üçün təhlükəli yerlərin siqnallarla çəpərlənməməsi;
- stansiyada dəmiryol hərəkət tərkibinin qadağanedici siqnalın keçilməsinə səbəb olan icazəverici siqnal göstəricisinin qadağanediciyə keçirilməsi (və ya keçməsi);
- yoldəyişənin kəsilməsi;
- yolun, kontakt şəbəkəsinin və digər qurğuların nasazlığı səbəbindən yolölçən və defektoskop vaqonun (və ya defektoskop arabacığın), diaqnostik kompleksin və digər vaqon-laboratoriyanın rəisinin qatar dispetçerinə sahədə hərəkətin dayandırılması və ya qatarların hərəkət sürətinin saatda 15 kilometrədək məhdudlaşdırılması barədə bildiriş verməsi;
- dəmiryol hərəkət tərkibinin, yolun, siqnalizasiya, mərkəzləşmə, bloklama (SMB) və rabitə, kontakt şəbəkəsi, elektrik təchizatı qurğularının və digər texniki vasitələrin nasazlığından mənzilin yolunun birində və ya stansiyada qatarın qrafik üzrə nəzərdə tutulmuş vaxtdan 1 saat və daha çox müddətə gecikməsi (ləngidilmənin müddəti birinci qatarla müəyyən edilir).