İkinci Qarabağ Müharibəsinin sona çatmasına baxmayaraq, Dağlıq Qarabağın işğalı ilə bağlı xeyli məsələ aydınlaşdırılmamış qalır. Xüsusən də, gözlənilir ki, potensial məsuliyyət iddialarından Ermənistan boyun qaçırmağa çalışsın. Yazıda bu mövzu ilə bağlı əsas əks-iddialara aydınlıq gətirilir.
14 avqust 2020-ci il. “BBC”nin “HARDtalk” proqramı. Təqdimatçı, beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnaməsinə əsasən, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsini işğal etdiyini və oradan dərhal, tam şəkildə və şərtsiz çıxmalı olduğunu həmsöhbətinə xatırladır. Proqramın qonağı Ermənistan Baş naziri Nikol Paşinyan isə vurğulanan qətnaməyə deyil, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edərək bu sənədlərdəki tələblərin Ermənistan silahlı qüvvələrinə yox, Dağlıq Qarabağ ermənilərinin özünümüdafiə qüvvələrinə şamil edildiyini iddia edir. N. Paşinyan bu iddianı daha əvvəl, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev ilə debatında da irəli sürmüşdü (daha “səliqəsiz” formada olsa da).
Tərəflərin mövqeləri
Əvvəlcə münaqişə tərəflərinin məsələ ilə bağlı mövqelərinə qısaca nəzər yetirək. Bu münaqişə Azərbaycanda rəsmi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlanır. Beynəlxalq aləmdə də münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan tanınır. Buna görə də burada qondarma Dağlıq Qarabağ Respublikasının deyil, məhz bu iki münaqişə tərəfinin mövqelərinə yer verilir.
Azərbaycan tərəfinə görə Dağlıq Qarabağ və ətraf rayonlar (bu yazı üçün: Qarabağ) Ermənistan tərəfindən işğal olunub. Azərbaycanın bu mövqeni ortaya qoymasına səbəb Qarabağ müharibəsində Ermənistan qüvvələrinin iştirakı və Ermənistanın işğal altındakı torpaqlar üzərində faktiki nəzarətidir.
Digər tərəfdən, Ermənistan onun Qarabağdakı hərbi əməliyyatlardakı iştirakı faktını rədd edir və ortaya belə bir mövqe qoyur ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratını həll etmə prinsipindən istifadə edərək Azərbaycandan ayrılıblar və müstəqil dövlət qurublar. Ermənistan separatçı rejim ilə əməkdaşlığını inkar etməsə də, qondarma qurumu suveren, beləcə öz addımlarını müstəqil qərarlaşdıran dövlət kimi görür və münaqişənin istənilən həllinin Dağlıq Qarabağ əhalisinin öz müqəddaratını həlletmə haqqı çərçivəsində baş tutmalı olduğunu bildirir.
Ermənistan Qarabağdan çıxmalı idi?
Təhlil olunan birinci sual Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinin Ermənistana şamil edilib-edilmədiyidir. Əvvəlcədən qeyd olunmalıdır ki, sözügedən qətnamələrin mətnləri bir sıra mübahisələrin mənbəyidir və buna görə də ortada hamı tərəfindən qəbul olunan vahid baxış yoxdur. Bu yazıda qətnamələrin müəllif tərəfindən edilən şərhinə yer verilir.
Təhlükəsizlik Şurasının (TŞ) ilk qətnaməsində həqiqətən də, Kəlbəcərin yerli erməni qüvvələri, yəni Ermənistan deyil, Dağlıq Qarabağ erməniləri tərəfindən işğal edildiyi göstərilir. Etiraf etmək lazımdır ki, bu, Azərbaycan perspektivindən heç də uğurlu ifadə deyil. Təsadüfi deyil ki, yəqin ki, güclü diplomatik dirəniş hesabına növbəti qətnamələrdə sözügedən ifadəyə yer verilməyib. Bununla belə, 822 nömrəli qətnamədəki başqa məqamlara da diqqət yetirmək lazımdır. BMT TŞ qətnamədə:
– iki dövlət arasındakı münasibətlərin pisləşməsindən ciddi narahat olduğunu ifadə edir;
– hərbi qüvvələrin silahı yerə qoymasını yox, məhz çıxarılmasını tələb edir;
– çıxarılma tələbini bütün işğalçı qüvvələrə şamil edir.
Bütün bunları nəzərə alsaq, demək mümkündür ki, qətnamənin mətnində Kəlbəcərin yerli erməni qüvvələri tərəfindən işğal edilməsi təsbit edilsə də, sənəddə qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması tələbi həm də hərbi əməliyyatlara cəlb olunmuş Ermənistan silahlı qüvvələrinə şamil edilməlidir.
TŞ növbəti qətnaməsində təkrarən iki dövlət arasındakı münasibətlərin pisləşməsindən narahatlığını bildirir. Qətnamədə Ağdamın işğalı faktı təsdiqlənsə də, əvvəlki qətnamədən fərqli olaraq, burada işğalçının kimliyinə toxunulmur. Bununla belə, qətnamədə işğalda iştirak edən qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. Üçüncü qətnamədə də qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması tələb olunur. Nəzərə alsaq ki, Ermənistan silahlı qüvvələrinin ərazilərin işğalındakı iştirakı faktı öz təsdiqini tapıb, bu iki qətnamənin də (həm də) Ermənistana ünvanlanmış olmasını demək mümkündür.
TŞ-nin sonuncu qətnaməsində də Zəngilan və Horadizin hansı qüvvələr tərəfindən işğal edildiyi vurğulanmır. Bununla belə, bu qətnaməni onun sələflərindən fərqləndirən məqamlar var ki, bunlardan biri də burada TŞ-nin Ermənistan hökumətini Dağlıq Qarabağ ermənilərinin əvvəlki qətnamələrin tələblərinə riayət etməsi üçün öz təsir imkanlarından istifadə etməyə və iştirakçı qüvvələri hərbi əməliyyatların davam etdirilməsi məqsədilə təchiz etməməyə çağırmasıdır. Bu çağırış işğalçı qüvvələrin Ermənistanın nəzarəti və təsir dairəsi daxilində olmasını, habelə həmin qüvvələrin işğal olunmuş ərazilərdəki hərbi kampaniyanı məhz Ermənistanın hərbi dəstəyi ilə aparmasını ortaya qoyur.
Bəs “HARDtalk” aparıcısının istinad etdiyi, amma N. Paşinyanın haqqında münasibət bildirməkdən bilərək və ya bilməyərək çəkindiyi BMT Baş Assambleyasının (BA) qətnaməsi bu mövzuda nə deyir? İctimaiyyətdə TŞ-nin qətnamələri qədər müzakirə edilməsə də, BA-nın qətnaməsi də böyük hüquqi əhəmiyyətə malikdir. BA qətnamədə Dağlıq Qarabağdakı erməni və azərbaycanlı icmalarının mümkün özünüidarəetmə sistemini Azərbaycanın ərazi hüdudları çərçivəsində gördüyünü ifadə etməklə yanaşı, bütün erməni qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılmasını da tələb edir. Göründüyü kimi, BMT-nin münaqişə ilə bağlı toxunmuş olduğumuz bütün sənədləri, BA qətnaməsi işğalçı qüvvələrin, o cümlədən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması üçün hüquqi əsas kimi şərh edilməlidir.
Ermənistan işğalçı statusundadır?
Ermənistan Baş nazirinin iddiası ortaya başqa bir sual da çıxarır. Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimiz Ermənistan tərəfindən ilhaq olunmayıb və orada de-fakto hökumət fəaliyyət göstərir, ümumiyyətlə, Ermənistanın münaqişənin bir tərəfi olduğunu və Qarabağı işğal etdiyini deyə bilərikmi?
Qeyd edildiyi kimi, Azərbaycanın bu məsələdəki mövqeyi bundan ibarətdir ki, Ermənistan nəinki ötən əsrin sonlarında Qarabağı işğal edib, həm də o vaxtdan bu yana işğal altındakı torpaqları qondarma qurum vasitəsilə öz nəzarətində saxlayıb. Deməli, ortada həm işğal, həm də nəzarət faktı mövcuddur. Bəs bunlar nə deməkdir?
Beynəlxalq hüquqa əsasən, ərazi düşmən ordunun hakimiyyəti (təsiri) altına keçdiyində işğal olunmuş hesab edilir. İşğala tərif verilməsə də, Cenevrə Konvensiyalarında da işğal faktının mövcudluğunun aydınlaşdırılması üçün bu standartdan istifadə edilir. Ərazinin düşmən ordunun hakimiyyəti altında olmasını müəyyənləşdirmək üçün üç kumulyativ elementdən ibarət olan “effektiv nəzarət” testindən istifadə edilir. Testə görə işğalın mövcudluğu üçün:
– xarici dövlətin silahlı qüvvələri ərazidə yerli hökumətin icazəsi olmadan fiziki şəkildə mövcud olmalı;
– yerli suveren xarici qüvvələrin mövcudluğuna görə öz hakimiyyətini icra edə bilməməli;
– işğalçı qüvvələr ərazi üzərində öz hakimiyyətlərini tətbiq etməlidirlər.
Elementlərin dərin təhlilinə girmədən də demək mümkündür ki, bu elementlərin hər biri Dağlıq Qarabağ münaqişəsi kontekstində mövcud olmuşdur. Bununla belə, Ermənistanın Azərbaycanı işğal etməsi daha çox qeyri-ənənəvi üsulla baş vermişdir. Bu üsula hüquqi ədəbiyyatda əsasən “vasitəçiliklə işğal” deyilir. Bəs vasitəçiliklə işğal nədir?
Beynəlxalq arenada elə hallar olur ki, bir dövlət (birinci dövlət) işğal məqsədilə öz silahlı qüvvələrini istifadə etmək əvəzinə və ya buna əlavə olaraq, digər dövlətin (ikinci dövlət) ərazisi ilə bağlı öz işğalçılıq siyasətini sonuncuda fəaliyyət göstərən yerli silahlı qrupları dəstəkləməklə həyata keçirir. İlk baxışdan belə bir vəziyyət ikinci dövlət ilə onun ərazisindəki silahlı qrup arasında beynəlxalq olmayan silahlı münaqişə kimi görünə bilər. Bununla belə, birinci dövlət həmin silahlı qüvvələr üzərində ümumi nəzarət həyata keçirirsə, bu situasiya dövlətlər arasında beynəlxalq silahlı münaqişəyə bərabər hesab edilir. Belə bir ümumi nəzarət o zaman mövcud olur ki, məsələn, birinci dövlət mütəşəkkil silahlı qrupların hərbi əməliyyatlarının təşkili, koordinasiyası və ya planlaşdırılmasında rol oynayır və bu qrupları maliyyələşdirir, təlim ilə hazırlaşdırır, təchiz edir və ya əməliyyat dəstəyi ilə təmin edir. Birinci dövlət silahlı qrup üzərində bu cür ümumi nəzarəti həyata keçirirsə, silahlı qrup həmin dövlətin adından fəaliyyət göstərən vasitəçi qüvvə hesab olunur. Vasitəçiliklə işğalda da öz növbəsində iki elementin məcmusu mövcud olmaldır:
– de-fakto qurumun ərazi üzərində effektiv nəzarəti olmalı;
– xarici dövlətin de-fakto qurum üzərində ümumi nəzarəti olmalı.
Birinci elementin mövcudluğu mübahisə edilmədiyindən, yazıda bu mövzu üzərində durulmur. İkinci element isə Ermənistan tərəfindən mübahisələndirilir. Bəs Ermənistan qondarma Dağlıq Qarabağ Respublikası üzərində ümumi nəzarəti necə həyata keçirir? Bu nəzarət nədən ibarətdir?
Ermənistan qondarma qurum üzərində ümumi nəzarəti ona hərbi və qeyri-hərbi dəstək vermək yolu ilə həyata keçirir. Qeyri-hərbi dəstəyə siyasi, iqtisadi, sosial, loqistik və digər növ dəstək aiddir. Hərbi dəstək ümumi nəzarətin mövcudluğuna daha çox dəlalət etdiyindən, yazıda bu mövzuya daha çox diqqət ayrılır. Ermənistan və qondarma qurumun silahlı qüvvələri arasında sıx əlaqə hərbi dəstəyin əsas təzahür formasıdır.
Sözügedən əlaqə özünü daha çox 1994-cü il tarixli müqaviləyə əsasən, Ermənistan hərbi xidmət çağırışçılarının oyuncaq-dövlətin nəzarət etdiyi əraziyə hərbi xidmətə yollana bilməsi faktında, Ermənistan qoşunlarının cəbhə xəttində yerləşməsində və döyüşlərdə iştirakında, ümumilikdə iki qüvvə arasındakı inteqrasiyanın yüksək dərəcədə olmasında göstərir.
Bundan başqa, bəzi şəxslərin həm Ermənistanda, həm də qondarma qurumda yüksək hərbi vəzifələrdə çalışmış olması da işğal olunmuş ərazilərdə Ermənistanın nəzarətinin mövcudluğunu təsdiqləyən amillərdəndir. Məsələn, münaqişənin ilkin dövrlərində “DQR” Özünümüdafiə Qüvvələri Komitəsinin rəisi olan Serj Sarkisyan daha sonra Ermənistanın Müdafiə naziri, Baş Naziri və Prezidenti vəzifələrini icra etmişdir. Daha bir nümunə isə Movses Hakobyanın adı ilə bağlıdır, hansı ki Ermənistan Silahlı Qüvvələrində şəxsi heyət üzrə rəis vəzifəsində xidmət etməzdən əvvəl “DQR” Müdafiə naziri olub.
Son olaraq da qeyd etmək olar ki, İkinci Qarabağ Müharibəsinin yekununda razılaşdırılmış bəyanatla işğalda qalmış əraziləri Azərbaycana təhvil vermək öhdəliyini Ermənistan öz üzərinə birbaşa olaraq götürmüş, bununla da sözügedən nəzarəti bir daha təsdiqləmişdir.
Bütün bunlar və burada toxunulmayan digər məqamlar sübut edir ki, Ermənistan “DQR” üzərində ümumi nəzarətə (Avropa İnsan Hüquqları Məhkəməsinə görə isə Dağlıq Qarabağda hətta effektiv nəzarətə18) malikdir və beləliklə, Qarabağı işğal etmişdir.
Nəticə nədir?
Qeyd edildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin məzmunu bəzi mübahisələrin mənbəyidir. Bununla belə, qətnamələrin tekstual yox, daha əhatəli teleoloji şərhinin üzərində dayansaq, Ermənistan Baş Naziri Nikol Paşinyanın iddiası nəinki təsdiq olunmur, hətta qüvvələrin çıxarılması tələbinin (həm də) Ermənistana ünvanlandığı məlum olur.
Mənbə: lawblog.az
Müəllif: Azad Məmmədli
Bu yazı Gənc Hüquqşünaslar Şəbəkəsi qrupunun təşkil etdiyi onlayn forumda edilmiş çıxış üzərində inkişaf etdirilib.