Hazırda Azərbaycanda biznes və maliyyə sahəsində aktual məsələlərdən biri də borcu şəxsin ölkədən kənarda yaşayayıb pulu qaytarmamasıdır. FED.az xəbər verir ki, ölkə qanunvericiliyi, borclu şəxslərdən pulun geri alınması üçün bir sıra təsir mexanizmlərinə malikdir. Bunların arasında borcun şəxsin əmək haqqına və ya əmlakına yönəldilməsi (yəni əmlakın satılıb borcunu ödətdirmək), eləcə də xaricə çıxışına qadağa qoyulması və sair aiddir.
Eləcə də bax: Azərbaycanda inzibati cərimə edilənlərin sayı artıb - AÇIQLANDI
Amma bütün bunlar vətəndaşın adına əmlak olduğu halda və onun ölkə daxilində yaşadığı halda təsirlidir. Borclu şəxs ölkədən kənarda olanda isə bu mexanizmlər təsirsizdir.
Bəs belə olan halda borcu olan vətəndaşı xaricdən gətirtmək mümkündürmü?
Hüqüqşünas, 22 saylı hüquq məsləhətxanasının rəhbəri Tahir Əlirzayev FED.az-a açıqlmasında bildirib ki, borclu şəxs ölkədən kənarda yaşayırsa onu «İnterpol»un xətti ilə axtarışa vermək mümkün deyil: «Çünki qanunlara əsasen, «İnterpol» xətti ilə yalnız cinayətkarlar axtarışa verilə bilər, borc mübahisələri isə mülki işlərə aiddir». T.Əlirzayev bildirib ki, borclunu yalnız ölkə daxilində axtarışa vermək mümkündür: «Əgər şəxsə aid heç bir mülk yoxdursa və ölkəyə qayıtmayacaqsa bu məsələ icra olunmayacaq».
Bununla yanaşı, vəkil bildirir ki, əgər haqqında məhkəmə qərarı olan şəxsin hansı ölkədə yaşadığı və hansı şəhərdə qeydiyyatda olduğu məlum olarsa, məhkəmə qərarlarının icrasını həyata keçirən İcra İdarəsi həmin ölkənin müvafiq qurumuna - ya icra idarəsinə, ya da daxili işlər-polis xidmətinə müraciət edərək həmin şəxsin Azərbaycana gətirilməsi barədə məktub göndərməlidir. Belə olan halda həmni şəxs ölkəyə ekstradisiya edilə bilər.
Hüqüqşünas bildirir ki, bu məsələdə (yəni borclunun harada qeydiyyatda olduğunu müəyyən etməkdə) tələbkar, yəni borcunu istəyən şəxs də icra xidmətinə kömək etməli, ona məlum olan informasiyaları xidmətlə bölüşməlidir.