Mülki-Prosessual Məcəlləyə edilən son dəyişikliklər ölkə bankları və mobil operatorların işini çətinləşdirəcək. FED.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, məcəlləyə edilən dəyişikliklər nəticəsində bəzi hallar əmr icraatı siyahısından çıxarılıb. Bunlardan biri də kredit müqavilələləri və telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə ödənişlərdir. Dəyişikliklərə əsasən, artıq yeni ildən etibarən banklar və mobil operatorlar borclulara qarşı əmr icraatından istifadə edə bilməyəcəklər. Hüquqşünas yazır:
"Mülki-Prosessual Məcəlləyə dəyişikliklər dərc edilib (1 yanvar 2019-cu ildən qüvvəyə minəcək). Onlardan ən mühümü budur: lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər əmr icraatı qaydasında tələb edilə bilməz.
Əmr icraatından əsasən kredit təşkilatları (banklar və bank olmayan kredit təşkilatları) və mobil rabitə operatorları istifadə edir. Məhkəmələr kütləvi şəkildə onların müraciəti əsasında borclulara (əsasən fiziki şəxslərə) qarşı əmrlər çıxarır. Əmr icraatı sadələşdirilmiş icraat növüdür. Mülki Prosessual Məcəllənin 23-cü fəsli ilə tənzimlənir. Əsasən pul tələbinə aiddir. Məsələn, vətəndaş bankdan kredit götürüb və hər hansı səbəbdən ödəmir. Bank məhkəməyə ərizə ilə müraciət edir və borcluya qarşı əmr verməsini xahiş edir. Məhkəmə 3 gün ərzində ya ərizəni rədd edir, ya da tərəfləri çağırmadan, baxış keçirmədən (!) borcun ödənilməsinə dair əmr verir. Düzdür, əmri aldıqdan sonra borclu 10 gün ərzində həmin məhkəməyə yazılı etirazını bildirə bilər. Bundan sonra məhkəmə əmri ləğv etməli və işə iddia icraatı qaydasında baxmalıdır. Yəni tərəflərin iştirakı ilə iclaslar keçirməlidir.
Lakin təcrübədə əksər hallarda borclu vətəndaşlar hüquqlarını bilmədikləri üçün əmr icraatı qarşısında aciz olur. Məhkəməyə yazılı etiraz vermirlər, ümumiyyətlə, barələrində qiyabi məhkəmə aktı çıxarıldığı üçün vahiməyə düşürlər (banklar onlara deyir: “Gördünüz, heç sizi dəvət də etmədilər, qərar verdilər, hər şey əlimizdədir!”). Son zamanlar isə bəzi hakimlər ümumiyyətlə çıxardıqları əmri borclulara göndərmir. Vətəndaş əmrin çıxarıldığı barədə məlumatı artıq icra məmuru onu dəvət edəndə bilir (əslində, həmin anda onun yazılı etiraz vermək üçün hələ 10 günü var, lakin bunu bilmir). Təbii, bu halda vətəndaş daha da çox qorxmağa başlayır. İcra məmuru da bu qorxunu şiddətləndirir.
Vətəndaşdan heç soruşan da yoxdur ki, əmri alıbmı, etiraz hüququnun olduğunu bilirmi və s. və i.a. Bir sözlə, vətəndaşda dövlətə, ədalət mühakiməsinə inamsızlıq yaranır. Düşünməyə başlayır ki, gör bu banklar nə qədər güclüdür ki, məhkəmədə onun iştirakı olmadan qərar çıxatdırıb və artıq icraya da yönəldib.
Bu baxımdan Milli Məclisin qəbul etdiyi və möhtərəm Cənab Prezidentin təsdiq etdiyi dəyişiklik olduqca önəmlidir. Bu addım ilk növbədə vətəndaşımızı düşünərək atılıb ki, haqları tapdalanmasın, borcu üzrə hər hansı əks-arqumenti varsa, onu açıq əyani məhkəmə prosesi zamanı bildirə bilsin".
Banklara və mobil operatorlara zərbə – DƏYİŞİKLİK
13:37
13 Avq 2018