Qazaxıstanda məmurlar arasında korrupsiyaya qarşı mübarizənin yeni üsulları başlayır.
«Təmiz» işləyən nazir nə qədər maaş almalıdır? — ARAŞDIRMA
FED.az xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Korrupsiya ilə mübarizə və dövlət himayəsinə götürülən şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qazaxıstan Respublikasının qanununu imzalayıb.
Bu dəfəki yeniliklər üç məcəlləyə və səkkiz qanuna dəyişiklikləri nəzərdə tutulub – onların hamısı korrupsiyaya qarşı yeni üsulların tətbiqi məqsədi daşıyır.
Bu dəfə əsas yenilik odur ki, xərcləri rəsmi gəlirindən çox olan məmurları ağır cəzalar və işdən qovulma gözləyir.
Özü də dəyişikliklər təkcə məmurların özlərini deyil, həyat yoldaşları və yaxınlarını da əhatə edir. Belə ki, dövlət qulluqçularının, onlara bərabər tutulan şəxslərin və həyat yoldaşlarının qanunsuz varlanmasına görə cərimələr nəzərdə tutulur.
Budəfəki yeniliklər Qazaxıstanda 2021-ci ildə başlanmış korrupsiyaya qarşı tədbirlərin davamı olacaq. Həmin vaxt gəlirlər barədə deklarasıya tətbiq edilmişdi. Və qaydalara əsasən, bəyannamələrdəki uyğunsuzluqlara görə 10 faizlik fərdi gəlir vergisinin tutulurdu.
Yeni qaydalar isə daha sərtdir və məsələ təkcə vergi ödənişi ilə bitməyəcək.
Vergi sanksiyaları: Yeni qaydalara görə, məmurların və dövlət qulluqçularının rəsmi gəlirləri ilə xərcləri arasında fərqdən 90%-lik vergi tutulacaq. Sadə desək bu fərqin 90%-i büdcəyə qaytarılacaq. Doğrudur, bu qayda yalnız o zaman işə düşcək ki, məmurun gəlir və xərci arasında fərq aylıq hesablaşma vahidi (AHV) 1000 mislindən artıq olsun. Hazırda Qazaxıstanda aylıq hesablaşma vahidi 3180 tenqedir. Yəni məmurun gəlirləri ilə xərcləri arasında fərq 3,2 milyon tenqeni keçməməlidir. Bu halda sanksiya tətbiq ediləcək. Məsələn, əgər dövlət qulluqçusunun bir təqvim ili üçün illik gəliri 5 milyon tenge təşkil edibsə və o, 9 milyon tengeyə əmlak alıbsa, bu, yoxlama üçün əsas sayılacaq.
Qazaxıstanda 1 dolların 465 tenqe olduğunu nəzərə alanda 3,2 milyon tenqe 6,9 min dollar təşkli edir. Yəni məmurun gəlirləri ilə xərcləri arasında təqribən 7 min dollardan artıq fərq yarandıqda sanksiyalar başlayır. İlk olaraq artıq məbləğin 90%-i alınaraq vergi kimi büdcəyə ödənilir.
Məmurlar üçün 2-ci cəza karyera ilə bağlıdır: gəlirləri ilə xərci arasında 1000 AHV qədər fərq yaransa, həmin məmur maddə ilə işdən çıxarılacaq və 3 il ərzində dövlət qulluğunda işləyə bilməyəcək. Başqa sözlə, xərcləri illik gəlirini üstələyən məmuru üç il dövlət qulluğunda işləməkdən məhrum edən “karyera cəzası” gözləyir.
Doğrudur, hər bir halda məmura imkan veriləcək ki, xərclərinin qanuni olduğunu əsaslandırsın.
Yeni qanunlarla tətbiq olunan digər yenilik korrupsiya barədə məlumat verən vətəndaşların müdafiəsinə aiddir. Belə ki, korrupsiya barədə məlumat verən şəxslər xüsusi komissiyasının təqdimatı olmadan intizam məsuliyyətinə cəlb edilə, tutduğu vəzifədən azad oluna və ya başqa vəzifəyə keçirilə bilməz. Korrupsiya ilə bağlı məlumatlar məxfi hesab olunacaq və onları yayanlar (yəni korrupsiya barədə məlumat verən şəxslər barədə məlumatları yayanlar) cinayət məsuliyyətinə səbəb ediləcək.
Yeni qaydaların tətbiqi üçün son müddət 2027-ci il üçün müəyyən edilib, çünki məhz bu dövrdən ölkədəki bütün vergi ödəyicilərinin xərc və gəlirlərinin müqayisəsinə başlanılacaq.
Bundan əvvəl Qazaxıstanda ümumi gəlir və əmlak bəyannaməsinin birinci mərhələsi başa çatıb. Onun tərkib hissəsi kimi dövlət qulluqçuları, onlara bərabər tutulan şəxslər, bank, sığorta və qiymətli kağızlar bazarının əsas iştirakçıları, habelə siyahıda olan bütün şəxslərin həyat yoldaşları müntəzəm olaraq vergi bəyannamələrini təqdim etməli idilər.
Hələlik isə 2023-cü ilin yanvarından - yeni kateqoriya vətəndaşların iştirak edəcəyi ikinci mərhələ başlayır. Yeni ildən etibarən dövlət qurumlarının, kvazi-dövlət sektorunun və milli şirkətlərin əməkdaşları, eləcə də onların həyat yoldaşları hesabat təqdim etməyə başlayacaqlar. Bu, həkimlərə, müəllimlərə, idman və mədəniyyət xadimlərinə də aiddir.