Azərbaycanda vərəsəliyin keçməsi prosesi ilə bağlı qanunvericiliyin tətbiqində mühüm yenilik baş verib.
Eləcə də bax: Ailədə vərəsələrin müəyyən olunması – QAYDASI DƏQİQLƏŞİB – QANUN NƏ DEYİR?
FED.az xəbər verir ki, Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-0ci il tarixində qəbul etdiyi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» qərara əsasən ölkədə vərəsəliyin keçməsi ilə bağlı uzun illərdən bəri mövcud olan 6 aylıq vaxt limiti tələbi faktiki olaraq ləğv edilib.
Nəticədə vəfat edən şəxsin vərəsələri mirasdan pay almaq üçün 6 ay keçdikdən sonra da müraciət edə biləcək.
Ölkənin tanınmış hüquqşünaslarından olan, BDU Hüquq fakültəsi Mülki hüquq kfedrasının dosenti və Konstitusiya Məhkəməsinin eksperti Sərvər Süleymanlı bu qərarı Hüquq sistemindəki bolşevizmin qalıqlarından xilasa doğru addım adlandırıb.
Onun bu qərarla bağlı açıqladığı izahata əsasən, yeni qərar nəticəsində indiyədək vərəsəliyin qəbulu ilə bağlı hüquq sistemində nəzərdə tutulan 6 aylıq limit (bu müddət ərzində vərəsəlik üçün müracitə etmədiyi təqdirdə hüququnu itirirdi) faktiki olaraq aradan qaldırılır. Yəni vərəsələr nə vaxt müraciət etmələrindən asılı olmayaraq qanunla ona düşən mirasdan pay ala biləcəklər.
Xatırladaq ki, Konstitusiya Məhkəməsi bu məsələni Sumqayıtda iki vərəsə arasında yaranan məhkəmə mübahisəsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciətindən sonra araşdırıb.
Sərvər Süley manlı yazır:
Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərhinə dair 14 oktyabr (dərc olunub 4 noyabr) tarixli Plenum qərarı bolşeviklərin vərəsəlik hüququna olan müdaxiləsi nəticəsində ölkəmizdə 100 ildən çox mövcud olan səhv bir təcrübənin aradan qaldırılması baxımından olduqca önəmli bir addımdır.
Konstitusiya Məhkəməsinin bu Plenum qərarına görə ölənin onun ən yaxınlarının ondan qalan miras əmlaka vərəsə olması üçün artıq konkret müəyyən bir müddət ərzində öz vərəsəliklərini mütləq xüsusi qəbul prosedurası çərçivəsində təsdiq etdirməsi şərtindən asılı deyildir.
Belə ki: 1. Mülki Məcəllənin (bundan sonra qısaca MM) 1246-cı maddəsində nəzərdə tutulan altı aylıq müddət vərəsəlik statusunun yaranması və ya davam etməsi üçün deyil, sadəcə olaraq onsuz da konstitusion təminat verilən bu haqqın notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulan adi prosedura müddətidir. Bu müddət üzürlü səbəblə ötürülübsə məhkəmə notariat qaydasındakı bu rəsmiləşdirmə müddətini uzada bilər. Vərəsəliyin notariat qaydasında rəsmiləşdirilməsi baxmından “üzürlü səbəb” anlayışı isə, vərəsənin iradəsindən asılı olmayan hallar ilə məhdudlaşmır;
2. MM-in 1246-ci maddəsində nəzərdə tutulan 6 aylıq müddət üzürsüz səbəblə ötürüldükdə artıq vərəsəlik notariat qaydasında deyil (çünki notarius vərəsəlik şəhadətnaməsi verməyə ancaq 1246-da müəyyən olunmuş və 1248.1-lə uzadılmış müddətlər daxilində səlahiyyətliditr), yalnız məhkəmə qaydasında rəsmiləşdirilə bilər.
Yəni aradan nə qədər müddət keçməsindən asılı olmayaraq istənilən vaxt miras əmlak baxımından mövcud vərəsəlik payı məhkəmə qərarı ilə həmişə rəsmiləşdirilə bilər;
Nəticə etibarı ilə məsələn, ata M vəfat etdikdə onun uşaqlarının və arvadının M-dən qalan miras əmlak üzərində dərhal vərəsəlik haqları (subyektiv hüquqları) yaranır və onlar bu konstitusion haqlarını istədikləri vaxt rəsmiləşdirə bilərlər. Burada sual yarana bilər ki, onsuz da məhkəmə qaydasında miras əmlaka dair vərəsəlik hüququ həmişə həyata keçirilə bilərsə, onda qanunvericilikdə notariat qaydasında rəsmiləşdirmə ilə əlaqədar niyə müddətin uzadılması üçün məhkəməyə müraciət nəzərdə tutulub ki?
Cavab: Bilindiyi kimi ölkəmizdə vərəsəliyin rəsmiləşdiriləsi ilə bağlı aidiyyəti qurum notariuslardır. MM-in 1246 və 1248-ci maddələri isə sırf vərəsəliyin notariuslar tərəfindən rəsmiləşdirməsi prosedurası ilə bağlımüddətlərdir. MM-in 1248-ci maddəsində bu prosedura müddətlərinin ötürülməsinin üzürlü səbəbə görə olması hallarında məhkəmələr tərəfindən bir növü həmin prosedura müddətinin bərpa edilməsi nəzərdə tutulmuşdur.
Mirasla bağlı yaranmış maneə ancaq bu müddətin keçməsi ilə bağlıdırsa, başqa sözlə, notariusun digər əsasla imtinası, yaxud digər vərəsənin mübahisəsi yoxdursa notarusun bərpa edilmiş müddət əsasında sənədləşməni aparması kifayətdir. Belə olan halda vərəsəlik hüququnun realizəsi üçün məhkəmənin əlavə bir hərəkətinə ehtiyac qalmır. Əgər notariuslar tərəfindən rəsmiləşdirmə ilə bağlı bu prosedura müddəti üzürsüz səbəbə görə ötürülmüşsə müddət bərpa oluna, bu səbəbdən də notarius sənədləşmə edə bilməz. Bu halda, habelə iddiaçı vərəsə ilə notarius arasında digər əsaslara görə, eyni zamanda iddiaçı vərəsə ilə digər vərəsələr arasında hər hansı mübahisə olarsa, onda artıq rəsmiləşdirmə notariuslar tərəfindən deyil, yalnız məhkəmələr tərəfindən ola bilər.
Qeyd edək ki, tarixən vərəsəlik hüququnda həmişə təməl yanaşma bu olub: insan vəfat etdikdə onun əmlakı ona ən yaxın hesab edilən şəxslərə keçir. Əmlakın bu cür öz-özlüyündən keçməsi formasına da vərəsəlik deyilir. Ancaq bu vərəsəlik məcburi deyildir. Yəni ölənin vərəsələri istəsə bu miras əmlakdan konkret müəyyən bir müddət ərzində xüsusi prosedura çərçivəsində imtina edə bilərlər. Marksist ideologiyanı daşıyan bolşeviklər isə, insanlar arasında əmlak bərabərliyini təmin etmək məqsədilə əvvəlcə (1918-də) vərəsəliyi ümumiyyətlə qadağan etsələr də sonradan bu qadağanı məcburən qaldırmışlar (1922-də).
Ancaq bu səfər də ölənin əmlakının onun yaxınlarına qalması ilə bağlı tarixən və hamılıqla qəbul edilən hüquqi proseduranı tam əks və ya tərs istiqamətdə dəyişdirərək ölənin əmlakının onun yaxınlarına qalmasını xüsusi qəbul prosedurası şərtinə bağlamışlar.
İnqilabçı bolşeviklərin vərəsəlik hüququna olan bu yanaşmalarına görə insan öldükdə onun əmlakı dərhal və öz-özlüyündən deyil, yalnız konkret müddət ərzində xüsusi qəbul prosedurasına əməl edildiyi təqdirdə onun yaxınlarına qala bilər.
Əgər ölənin ən yaxınları qanunda nəzərdə tutulan konkret müddət ərzində xüsusi qəbul prosedurasına əməl etməslər onda onlar artıq vərəsə ola bilməzlər, yəni miras əmlakı əldə edə bilməzlər. Bolşevik və ya kommunist yanaşma ilə vərəsəlik hüququna edilən bu süni müdaxilə məsələnin məğzinə yad olmaqla onun mahiyyətində kobud və uzlaşması mümkün olmayan hüquqi bir yara açmışdı.
Ən təəssüf doğuran hal da o idi ki, müstəqillikdən 30 il keçməsinə baxmayaraq vərəsəlik hüququna olan bu təxribedici yanaşma davam edirdi.
Konstitusiya Məhkəməsinin bu Plenum qərarı obrazlı şəkildə desək bu yaranı xeyli dərəcədə sağaltdı.