Ötən il dekabrın 2-də Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli fərmanına və “Mediasiya haqqında” qanuna uyğun olaraq Mediasiya Şurasının təsis edilməsi və mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə işçi qrup yaradılıb.
Eləcə də bax: Azərbaycanda bəzi - CƏZALAR YUMŞALDILACAQ
FED.az "report"a istinadən xəbər verir ki, işçi qrupda Azərbaycan Respublikasının Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vəkillər Kollegiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi öz səlahiyyətli nümayəndələri vasitəsilə təmsil olunublar.
İşçi qrupun fəaliyyəti nəticəsində Mediasiya Şurasının nizamnaməsi bütün aidiyyəti qurumlarla razılaşdırılaraq təsisçi qismində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyası çıxış etməklə cari il fevralın 12-də “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxsi təsis edilib, fevralın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Mediasiya Şurasının idarə edilməsi hazırda müvəqqəti olaraq Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurası Məhkəmə Hakimləri Assosiasiyası İttifaqı tərəfindən təyin edilmiş hakim (Səməd Cəfərov), Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkil (Elçin Usub), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təyin edilmiş sahibkar (Vüqar Zeynalov), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı (Məryəm Hacı-İsmayılova) və müstəqil mediasiya ekspertindən (Ruslan Mirzəyev) ibarət tərkibdə formalaşıb.
Mediasiya Şurası tərəfindən qısa müddət ərzində mediasiya təlimlərinin təşkili, belə təlimlərdən keçmiş mediatorların Şuraya üzv olaraq qəbul edilməsi, belə mediatorlardan ibarət Mediasiya Şurasının İdarə Heyətinin yaradılması və ölkə ərazisinində “Mediasiya haqqında” qanunun tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu istiqamətdə martın 3-də Mediasiya Şurasının qərarı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Mediasiya Şurasının üzvlüyünə qəbul edilib. Mediasiya Şurası “Mediasiya haqqında” qanunun 20.1.6-cı maddəsini rəhbər tutaraq aprelin 8-də “Mediasiya prosesinin tətbiqi barədə təklif”, “Mediasiya üçün müraciət”, “Mediasiyaya dəvət məktubu”, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”, “Barışıq sazişi”, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”, “Müqavilədə mediasiyaya dair qeyd-şərt olduqda ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış”, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”, “Mediasiya prosesinə xitam verilməsi barədə protokol” formalarını təsdiq edib.
Bununla yanaşı, Mediasiya Şurası tərəfindən statistik məlumatların toplanması qaydasını və qiymətləndirmə sorğusunu özündə əks etdirən “Statistik məlumatların toplanması üçün təlimat” və üzvlüyə qəbul prosesini əks etdirən “Mediasiya Şurasının üzvlüyünə qəbul edilmə proseduru” təsdiq edilib.
Koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində mart və aprel aylarında keçirilməsi planlaşdırılan təlimlər təxirə salınıb. Lakin qısa müddət ərzində qeyd edilən tədbirlər nəzərə alınmaqla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlığı üzrə təlimlərin keçirilməsi və müvafiq istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur.