Azərbaycanın məhkəmə sistemində yeni və mühüm dəyişikliklər qüvvəyə minib. FED.az xəbər verir ki, dekabrın 30-da prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilmiş dəyişiklikləri təsdiqləyib. Qanuna edilən mühüm dəyişikliklərə görə, bundan sonra məhkəmələrin bütün qərarları elektron şəkildə internetə yerləşdirilməlidir.
Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsində deyilir: “Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır”.
Eləcə də bax: Vəkillər Kollegiyasının sədri: “İnhisarı düzgün hesab edirəm”
İndiyə qədər həmin norma fərqli idi: “İnzibati-iqtisadi məhkəmələrin iqtisadi mübahisələrlə bağlı qərarları, habelə kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq elektron qaydada yayılır. Kassasiya və apelyasiya instansiyası məhkəmələrinin qərarları ilə birlikdə aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları da yayılmalıdır. Birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarları qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır”.
Qeyd edək ki, oxşar qayda indiyədək də qüvvədə olsa da, məhkəmələrin əksəriyyətinin saytında yalnız qərarların axtarış rejimi var. Yəni tapmaq üçün işin rekvizitlərini (nömrə, tərəflərin adı və s.) bilmək lazım gəlirdi. Amma bəzən heç rekvizitlərlə də qərarı tapmaq olmurdu. Hüquqşünas Əkrəm Həsənov bildirir ki, «bəzi hallarda məhkəmələr özlərinə sərf etmədiyi hallarda (məsələn, rüşvət müqabilində qərar verilibsə) qərarları dərc etmirdilər».
Bundan sonra isə bütün qərarlar anonimləşdirilməklə yayılmalıdır. Başqa sözlə, məhkəmələr qərarları axtarış rejimi çərçivəsində deyil, ardıcıl olaraq yerləşdirməlidir: «Burada əsas odur ki, qərarların nömrəsi olduğu kimi göstərilsin ki, bəzi qərarar gizlədilə bilməsin. Məsələnin mahiyyəti də elə məhz budur».
Hüquqşünas bildirir ki, məhkəmə qərarlarının açıq dərc edilməsi onların keyfiyyətini artırmaqla yanaşı məhkəmələr tərəfindən eyni cür işlərə vahid yanaşmanı formalaşdıracaq. Qanunvericilik aktlarında olduğu kimi, məhkəmə qərarlarının da elektron sistemləri yaradılacaq. Həmin sistemdən nəinki hakimlər və vəkillər, həmçinin hər hansı şəxs də istifadə edə biləcə: «Nəticədə hüquq sistemimizdə müəyyənlik yaranacaq: həm tərəflər, həm də onların vəkilləri işin nəticəsini qabaqcadan təxmin edə biləcək. Hakimlər ayrı-seçkiliyə yol verə bilməyəcək. Bu da korrupsiyanın və əyintilərin qarşısını alacaq».
Hüquqşünasın sözləinə görə, indi əsas odur ki, bu işə ciddi nəzarət olunsun və məhkəmələr həqiqətən də bütün qərarlarını dərc etsinlər: «Nəzarəti o cümlədən ictimaiyyət də etməlidir. Bir daha vurğulayıram ki, bunun üçün qərarlar nömrə ardıcıllığı ilə yerəşdiriməlidir. Əks halda, məsələn, korrupsiya əsnasında qəbul edilmiş qərarlar dərc edilməyəcək...».
Dəyişiklik artıq indidən vəkillər və məhkəmə iştirakçıları tərəfindən razılıqla qarşılanıb. Məsələn, kiçik sahibkar Hafiz Babalı bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş qərarını 3 aydır əldə edə bilmir: «Həmin qərarı birbaşa və Ombudsmanın vasitəsilə əldə etməyə çalışıram. Hələ ki, mümkün olmayıb». Digər hüquqşünaslar da yeniliyin mühüm olduğunu və hüquq praktikasına rəvac verəcəyini bildiriblər.