Azərbaycanda cəzaçəkmə müəssisələrində bəzi məsələləri Ədliyyə Nazirliyinin qurumları ilə razılaşdırmaq tələb olunacaq.
Sahibkarlar həbsxanalarda yeni istehsalat və xidmət sahələri yaradacaq
FED.az xəbər verir ki, Ədliyyə Nazirliyinin kollegiyası «Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Sözügedən qaydalar 14 il əvvəl – 2011-ci ilin 29 dkabrında qəbul edilmişdi. İndi isə qaydalara edilən dəyişiklik, cəzaçəkmə müəssisələrində nazirliyin nəzarətini gücləndirəcək.
Dəyişikliklər cəzaçəkmə müəssisələrində cəzaçəkmə müəssisələrinin təsərrüfat və məişət xidmətinin təşkilini tənzimləyir. Məsələ bundadır ki, cəzaçəkmə məssisələrində məhkumların məişət və təsərrüfat sahələrində çalışması üstünlük sayılır və adətən bu işlərə böyük maraq olur.
İndiyədək bu məsələ birbaşa cəzaçəkmə müəssisəsi rəhbəri tərəfindən idarə olunurdu. İndi isə bu sahədə dəyişiklik var.
Yeni qərara əsasən, ilk növbədə Qaydalara yeni 48.6-cı maddə əlavə edilib. Yeni maddəyə əsasən müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumların sayı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə razılaşdırılmalıdır.
Bundan başqa, qaydaların 49-cu maddəsi yeni redaksiyada verilib. Bu maddə Təsərrüfat və məişət xidməti işlərini yerinə yetirmək üçün məhkumların seçilmə qaydasına aiddir.
Yeni maddəyə əsasən Məhkumlar müəssisənin təsərrüfat və məişət xidməti işlərinə cəzaçəkmə müəssisəsi rəisinin əmri ilə təyin olunur və əmrdən çıxarışlar onların şəxsi işlərinə əlavə olunur – bu qayda dəyişməyib və əvvəlki kimi qalır.
Əvəzində buraya yeni tələblər əlavə edilib. Belə ki, yeniliyə əsasən məhkumlar təsərrüfat və məişət xidməti işlərinə yalnız Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən verilən və yerinə yetirilməsi nəzərdə tutulan işlərin görülməsinə yararlı olmalarını təsdiq edən sağlamlıq haqqında tibbi arayış əsasında cəlb edilə bilərlər. Yəni bu sahələrdə çalışmaq üçün məhbusların sağlamlığına dair arayış tələb olunur və bunu ƏN-in Tibbi baş idarəsi verməlidir.
Məişət xidmətinə cəlb edilmiş məhkumlar dövri olaraq ildə 2 dəfə müvafiq tibbi müayinələrdən keçirilməlidirlər – bu qayda da dəyişməz qalıb.
Yeni alvə olunan tələblərdən biri cəzaçəkmə müəssisəsi ndəki müəalicə müəssisəsində işlərə cəlb olunmaqla bağlıdır. Qaydaya əsasən, müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə seçilən məhkumların siyahısı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə razılaşdırılır.
Əməliyyat-axtarış fəaliyyəti ilə bağlı həmin müəssisələrə keçirilən şəxslərin siyahısı isə Penitensiar Xidmət tərəfindən ədliyyə nazirinin özü ilə razılaşdırılmalıdır.










