Xəbər verildiyi kimi, son günlər, xüsusilə də Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Rusiyadan xarici ölkələrə axın başlayıb.
Bu ölkədə yaşayan bəzi həmvətənlərimiz, eləcə də Rusiyanın digər vətəndaşlarının bir qismi də Azərbaycana üz tuturlar.
Azərbaycana gələn xaricilər necə qeydiyyata düşməli və bu barədə hansı qurumları xəbərdar etməlidir? Əks halda onları hansı cərimələr gözləyir?
Eləcə də bax: KİV: "Səfərbərlik elan edildikdən sonra Rusiyanı 261 min kişi tərk edib"
Hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Hüseyn İsmayılov FED.az-a açıqlamasında ölkə qanunvericiliyinin bununla bağlı tələblərini izah edib:
Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).
Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.
Viza tələb olunmayan qaydada gələnlər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 90 gün müddətinə qeydiyyata alınırlar:
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Müraciət üçün Zəruri olan sənədlərin siyahısı
- Ərizə-anket;
- Şəxsiyyət vəsiqəsi;
- Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla).
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi əcnəbinin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmasını təmin etməlidir. Bu xidmət bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Miqrasiya xidmətinin internet səhifəsində qeydiyyat üçün link.
https://e-regv2.migration.gov.az/Security/SignIn?lang=az
Məsuliyyət
İnzibati xətalar Məcəlləsinin 277-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Həmin məcəllənin 575.-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə həmin şəxslər beş yüz manat məbləğində cərimə edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.