“Məhkəmədə proses zamanı tərəflərin ekspertiza təyin etməsi ilə bağlı Vəkillər Kollegiyası ilə müxtəlif dövrlərdə müzakirələrimiz olub. Vəkillər həmişə ekspertiza tələb etmək hüququ irəli sürürdülər. Bugünki qanunvericiliyə verilən təkliflərlə demək olar ki, bu məsələ də həll olunur. Artıq tərəflər proses zamanı öz vəsaitləri hesabına espertiza təyin etmək hüququna malik olurlar. Bu qanunun necə işləyəcəyini isə təcrübə göstərəcək. Çünki burda bir sıra məsələlər var”.
FED.az E-Huquq.az-a istinadən xəbər verir ki, bunu Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayevdeyib.
O, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə məhkəmə tərəfindən ekspertiza təyin edilməsi ilə bağlı hüquqların genişləndirilməsini müsbət qiymətləndirib. H. Musayev Fərmanla bir çox problemlərin aradan qaldırıldığını deyib: “Ekspertizanın icra müddətinə görə cinayət prosesual qanunvericilik mülki prosesual qanunvericilikdən fərqlənirdi. Cinayət posesual qanunvericilikdə 1 ay müddət qoyulduğu halda, mülki prosesual qanunvericilikdə qeyd olunurdu ki, qərardadın məzmununu müəyyən edəndə hakim eyni zamanda burada ekspertizanın icra müddətini də göstərməlidir. Bu da qeyri-dəqiqliyə gətirib çıxarırdı. Bir sıra hallarda hakimlər hansı müddəti qoyacaqlarını müəyyən edə bilmirdilər. Bu da təbii idi. Ona görə ki, bir çox hallarda ekspertizanın icra müddətini hətta ekspert özü də tədqiqata başladıqdan sonra bilirdi. Yəni, ekspertizanın hansı müddətə başa çatacağı əvvəlcədən məlum olmurdu. Bunları nəzərə alaraq, biz mülki prosesual qanunvericiliyin cinayət prosesual qanunvericiliyin müddəalarına uyğunlaşdırılmasını təklif etdik. Bundan əlavə, elə işlər olur ki, onların icrasını heç bir aya da yerinə yetirmək omur. Bu halda əlavə mübahisələrin yaranmaması üçün ekspertizanı təyin edən orqanla ekspertiza müəssisəsi arasında əlavə zamanın razılaşdırılması barədə maddə əlavə olunmasını təklif etdik”.
Alternativ ekspertizalarla bağlı danışan H.Musayev bu sahədə beynəlxalq təcrübənin öyrənildiyini qeyd edib. O bildirib ki, daha çox MDB ölkələrində yayılan özəl ekspertiza yarandığı ilkin dövrlərdə xaosa səbəb olub: “Özəl ekspertiza Avropada geniş yayılmayıb. Daha çox MDB ölkələrində yayılıb. Sovet sistemi dağıldıqdan sonra özəl ekspertizalar yarananda çox böyük bir xaos baş verib. Özəl ekspertizalarla dövlət ekspertizaları arasında ziddiyətlər baş verirdi. Ümumiyyətlə, MDB ölkələrində özəl eksperizaların yaradılması çox rahatdır. Bunu Ədliyyə Nazirliyi həyata keçirir. Ekspert kimi fəaliyyət göstərmək istəyən şəxslər Ədliyyə Nazirliyində kursa gedir və imtahan verirlər. Daha sonra hər 5 ildən bir könüllü şəkildə attestasiyadan keçirlər. Avropada isə bu attestasiya məcburi şəkildə həyata keçirilir. Fransa təcrüəsinə nəzər salsaq görərik ki, burada kimsə özəl ekspert kimi fəaliyyət göstərmək istəyirsə, öz yaşadığı ərazidəki prokurorluğa müraciət edir. Prokurorluq onun sənədlərini baş prokurorluğa göndərir. Baş prokurorluq bütün sənədlərinə baxdıqdan sonra Apellyasiya məhkəməsinə təqdimat verir. Apellyasiya məhkəməsi onu öz hesabına oxumağa göndərir. Sonra həmin şəxs imtahan verir və ilkin olaraq ona 2 illik lisenziya verilir”.
Rəis müavini Azərbaycanda özəl ekspertizaların yaradılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, bu prosesə dövlətin ədliyyə siyasətini həyata keçirən orqan nəzarət etməlidir. H.Musayevin sözlərinə görə, artıq bununla bağlı layihə və təkliflər də verilib və həmin təkliflər müxtəlif maddələrdə öz əksini tapıb. H.Musayev Məhkəmə Ekspertizası Mərkəzinin maddi-texniki bazasının təkmilləşdirilməsi məsələsinə də toxunub. Xatırladıb ki, ölkə başçısının 11 iyul 2018-ci il tarixli Sərəncamına əsasən, mərkəzin inzibati binasının layihələşdirilməsi üçün vəsait ayrılıb və bu istiqamətdə işlər davam etdirilir.
“Əslində biz maddi texniki bazadan o qədər də şikayətçi deyilik. Lakin məhkəmə tibbi ekspertizanın fəaliyyətini həyata keçirmək üçün tələb olunan avadanlıqlar demək olar ki, hər gün yenilənir. Biz yeni müasir avadanlıqların alınması ilə bağlı da təkliflər hazırlamışıq. Nəzərdə tutulub ki, yeni bina ən müasir avadanlıqlarla təmin olunsun”, - deyə, o əlavə edib.