“Arbitraj haqqında” yeni qanun layihəsi hazırlanıb.
FED.az xəbər verir ki, layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Arbitraj konkret mübahisələrə baxılması üçün yaradılmış və ya daimi arbitraj təşkilatı tərəfindən idarə edilən arbitraj məhkəməsi tərəfindən məcburi hüquqi qüvvəyə malik qərarın çıxarılması məqsədilə həyata keçirilən mübahisəyə baxılma prosesidir. Arbitraj məhkəməsi təkbaşına və ya arbitrlər kollegiyası, arbitraj sazişi müqavilədən irəli gəlib-gəlməməsindən asılı olmayaraq tərəflər arasında yaranan və ya yarana biləcək mübahisələrin (onların bir hissəsinin) arbitraja verilməsi barədə tərəflərin razılaşmasıdır.
Qanun layihəsi arbitraj icraatının həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyir, arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.
Layihə 8 fəsil, 59 maddədən ibarətdir.
Bu qanun arbitrajin yeri Azərbaycan Respublikasında olan beynəlxalq və daxili arbitraja tətbiq ediləcək.
Layihəyə əsasən, aşağıdakı hallardan hər hansı biri mövcud olduqda arbitraj beynəlxalq sayılacaq:
- arbitraj razılaşması (sazişi) tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer, həmin razılaşmanın bağlandığı vaxtda, ayrı-ayrı dövlətlərdə yerləşdikdə
- aşağıdakı yerlərdən biri tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövlətin hüdudlarından kənarda yerləşdikdə:
arbitraj sazişində və ya ona əsasən müəyyən edilmiş arbitrajin yeri;
kommersiya münasibətlərindən irəli gələn öhdəliklərin əsas hissəsinin icra edilməli olduğu yer və ya mübahisə predmetinin ən sıx əlaqəli olduğu yer;
- arbitraj sazişinin predmetinin birdən çox dövlət ilə əlaqəli olması barədə tərəflər qəti razılığa gəldikdə.
Yuxarıda qeyd edilən məqsədlər aşağıdakı qaydalar tətbiq edilir:
- tərəf birdən çox ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda arbitraj sazişinə ən sıx aidiyyəti olan yer tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer hesab olunur;
- tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer olmadıqda həmin tərəfin olduğu yer əsas götürülür.
Bu Qanun mübahisələrin arbitraja verilə bilmədiyini və ya bu Qanunda olan
müddəalardan fərqli qaydada verilə bildiyini nəzərdə tutan Azərbaycan Respublikası
qanunlarının qüvvəsinə təsir göstərmir. Bu Qanunun tənzimləmə predmetinə aid olan, lakin birbaşa həllini tapmayan məsələlər arbitrajın əsaslandığı ümumi prinsiplərə uyğun həll olunmalıdır.
Ələt azad iqtisadi zonasında arbitraj icraatının həyata keçirilməsi ilə bağlı
münasibətlər “Ələt Azad İqtisadi Zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Bu qanun məhkəmələr tərəfindən arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının yerinə yetirilməsi xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası, habelə məhkəmə icraatı çərçivəsində arbitraj prosesi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Mülki Prosessual Məcəlləyə dəyişiklikləri müəyyən edən qanunla eyni gündən qüvvəyə minəcək. Bu qanun onun qüvvəyə mindiyi tarixə Ali Məhkəmənin icraatında olan xarici arbitraj qərarlarının tanınması və icrası üzrə işlərə tətbiq edilmir.