Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin müəyyən edən daha bir qərar qəbul edib.
Ali Məhkəmə bəzi inzibati və mülki işlər üzrə məhkəmə aidiyyəti məsələsinə aydınlıq gətirib
FED.az xəbər verir ki, sığorta ödənişi ilə bağlı iddia müddətindən bəhs edən qərarın mahiyyətini təqdim edirik.
Qərarda deyilir ki, sığorta ödənişi ilə bağlı iddia müddəti 2019-cu il 26 mart tarixində sığorta obyektində yanğın hadisəsi baş vermiş, həmin gün fakt üzrə iddiaçı da daxil olmaqla bir sıra şəxslər barəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, iddiaçı hadisədən dərhal sonra qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ərzində sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən sığorta ödənişi verilməmiş, habelə sığorta ödənişinin verilməsindən imtina barədə yazılı əsaslandırılmış bildiriş göndərilməmişdir.
İddiaçı barəsində cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmaması ilə əlaqədar 2021- ci il 17 mart tarixdə xitam verildikdən sonra cavabdehə 2022-ci il 18 oktyabr tarixli pretenziya məktubu ünvanlamış, 2022-ci ilin oktyabr ayında mediasiya təşkilatına müraciət etmiş, 2022-ci ilin 3 noyabr tarixində isə məhkəmədə iddia qaldırılmışdır. Cavabdeh 3 illik idda müddətinin ötürülmüş olması səbəbindən iddia müddətinin tətbiq olunmasına dair ərizə vermişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə cavabdehə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuş, lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq, sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmuşdur. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 3 noyabr tarixində müraciət etmiş, bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur.
Məhkəmədə iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, hazırkı halda MM-in 379- cu maddəsində nəzərdə tutulmuş iddia müddətinin dayandırılması əsaslarından hər hansı birinin mövcud olmadığını bildirmişdir. İddiaçının hüquqlarının müdafiəsi üçün Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə başlanılmış cinayət işinin yekunlaşmasına zərurət olmadığından iddia müddətinin bağlanğıcının hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasına dair apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmuşdur.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
Qanunverici həm sığortalı, həm də sığortaçı üçün icrası məcburi olan konkret vəzifələr müəyyən etmiş, hazırkı işdə sığortalı (iddiaçı) üzərinə düşən vəzifəni icra edərək, sığorta hadisəsinin baş verməsindən sonra 1 aylıq müddət ərzində zəruri sənədləri əlavə etməklə sığorta ödənişinin verilməsi ilə bağlı sığortaçıya müraciət etmiş, lakin sığortaçının (cavabdeh) özünün də bildirdiyi kimi, sənədləri aldığı gündən 7 iş günü ərzində nə sığorta ödənişi, nə də sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı bildiriş verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı halda sığortalı şəxslə Cinayət Məcəlləsinin 225.2-ci maddəsi üzrə barəsində cinayət təqibi aparılan şəxsin eyni olması mühüm əhəmiyyət kəsb edir. Belə ki, sığortalı barəsində başlanmış cinayət işinin yekunlaşmasını gözləmədən sığorta şirkəti tərəfindən sığorta ödənişi edilərsə (məhkəmə aktı əsasında) və hadisə üzrə başlanmış cinayət işinin gedişində sığortalının (faydalanan şəxsin və ya onların rəhbər işçilərinin) hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər müəyyənləşdirilərsə, bu zaman sığorta ödənişinin edilməsindən imtina üçün əsaslar olduğu halda, sığortalıya əsasız olaraq sığorta ödənişi edilmiş olacaqdı ki, qanunvericinin hadisənin baş verməsində təqsirli olan şəxs barədə arayışın təqdim edilməsi barədə imperativ qayda qoymaqda əsas məqsədi də məhz bir şəxs barəsində biri digərini inkar edən iki məhkəmə aktının (sığortalıya sığorta ödənişi edilməsi barədə məhkəmə qətnaməsi və sığortalının baş vermiş hadisədə təqsirli bilinməsi barədə məhkəmə hökmü) mövcudluğunun qarşısını almaq və sığortalını bu kimi ziddiyyətli halların yaranmasından və onların nəticələrindən müdafiə etməkdir.
Cavabdeh sığorta qanunvericiliyinin tələblərini pozaraq, imtina üçün əsas olmadığı halda nəinki sığorta ödənişi etməmiş, hətta sığorta ödənişi verilməsindən imtina barədə yazılı bildiriş də verməməklə sığortalını hər ikisinə məlum olan hala görə (sığortalı barəsində başlanmış cinayət işinin yekunlaşması) suni surətdə gözləmə mövqeyində arxayın saxlamış, iddiaçı tərəfindən sığorta ödənişinin verilməsinə dair tələb irəli sürüldükdə isə iddia müddətinin tətbiqinə dair ərizə vermək hüququndan istifadə etmişdir.