6 il əvvəl. 2016-cı ilin apreli. Prezident Aparatının zalı. Prezident İlham Əliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) nümayəndə heyətini qəbul edir.
Eləcə də bax: Əhalini aldadan bankirlərə bu maddə tətbiq ediləcək – CİNAYƏT MƏCƏLLƏSİ
Azərbaycan iqtisadiyyatının təqribən 95%-nə nəzarət edən şirkətlərin səhmdarları və ya idarəçiləri bu otaqda idi.
Azərbaycanın demək olar bütün böyük şirkətlərinin üzv olduğu və böyük çəkiyə malik olan Amerika Ticarət Palatası (AmCham) üzvləri ilə prezidentin görüşü mürəkkəb vaxtda baş tuturdu.
Demək olar ki, tamamilə neftin üzərində qurulan ölkə iqtisadiyyatı dünya bazarında neftin kəskin ucuzlaşması, neft gəlirlərinin azalması və nəticədə ardıcıl iki devalvasiyanı ağır keçirirdi. Artıq hamı, o cümlədən ölkə rəhbərliyi tezliklə qeyri-neft sektorunun, biznesin inkişafının vacibliyini anlayırdı.
Görüşün bir məqsədi, bir neçə gün əvvəl ABŞ-da səfərdə olan İlham Əliyevin ABŞ və qərb biznesinə müsbət münasibətini nümayiş etdirmək idi. Amma eyni zamanda dövlət başçısı Azərbaycanın gələcək inkişafı ilə bağlı ölkədəki ən ağıllı biznes idarəçilərinin fikirlərin almaq istəyirdi.
Görüşdə çıxış edən «Deloitte and Touche» MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov prezidentin diqqətini bütün biznes nümayəndələri üçün ağrılı məsələyə yönəltdi. Söhbət vergidən yayınmaya görə cinayət işi açılan məbləğdən gedirdi.
«Cinayət Məcəlləsinin hazırkı oxunuşunda vergidən yayınma halı kimi xarakterizə olunan fəaliyyətdə 2 min manat məbləği əsas rol oynayır və bunun üçün cinayət məsuliyyəti yaranır. Biz təklif edirik ki, bu məbləğ artırılsın. Çünki bir çox hallarda vergidən yayınma niyyəti olmasa da, şəxsi mülahizəyə görə bu məbləği aşan sahibkar vergidən yayınan kimi cinayət məsuliyyətinə cəlb oluna bilər» - deyə Nurlan Kərimov prezidentə vəziyyəti izah etdi.
Dövlət başçısı Kərimovla dərhal razılaşdı. «Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq. Kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır. Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq. Sizə bu təkliflərə görə təşəkkür edirəm».
Əslində məsələ aydın idi, prezident devalvasiyadan əvvəl dedi, devalvasiyadan sonra isə 2 min manat ümumiyyətlə biznes, xüsusilə də cinayət işinin açılması kimi ağır mövzular üçün cüzi məbləğdir və maneədən başqa xeyri yox idi.
Üstündən 6 il keçəndən sonra bu mövzunu niyə xatırladıram.
İki gün əvvəl «Andromed» klinikasının rəhbəri, yəni baş həkimi Mirzəli Cəfərquliyev prezident İlham Əliyevə və hüquq müdafiə orqanlarının rəhbərlərinə ictimai şəkildə - Facebook üzərindən video müraciət edərək Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Vətən Əliyevin ondan 25 min manat rüşvət tələb etdiyin bildirərək onlardan ədatəti döərpa etməyi və kömək istəyib.
Həkimin prezidentə müraciətində bildirilir ki, onunla bağlı cinayət işinin açılmasına səbəb «Andromed» klinikasının yaxınlığında, amma ona aid olmayan ərazidə (klinikanın 15 metrliyində) 2 ağacın kəsilməsi ilə bağlıdır. Ağacların kəsilməsindən sonra bu işi görən adamla bağlı tədbir görülüb, həmin şəxs həmin ərazidə yenidən ağac əkib və Ekologiya NazirliyinƏ 2300 manat məbləğində cəriməni ödəyib. Necə deyərlər, burada məsələni bitmiş saymaq olardı.
Amma Xəzər rayonunun prokurorluğunda bununla bağlı başqa fikirdə olublar və məsələ ilə bağlı klinikanın baş həkiminə qarşı cinayət işi açılıb.
«Müstəntiq Vətən Əliyev mənə bildirdi ki, bu işi bağlamaq üçün 25 min manat verməliyəm. Həmin vaxt ağacların kəsilməsinə hər hansı aidiyyətim olmadığını dedim, ağacı kəsənin də məlum olduğunu, həmin şəxsin günahını etiraf etdiyini və cərimələndiyini qeyd etdim. Lakin məni rahat buraxmadılar. 4 ay ərzində ardıcıl olaraq lüzumsuz yerə məni 20-25 dəfə idarəyə çağırtdırıb saatlarla gözlətdilər, azadlığımı bir növ məhdudlaşdırdılar»
Ötən ilin oktyabrından - yəni ndiyədək təqribən 6-7 ay ərzində zəruri istintaq hərəkətləri aparılıb, bir neçə dəfə məhkəmə iclası keçirilib.
M.Cəfərquliyevin sözlərinə görə, müstəntiqin ondan 25 min manat tələb etməsindən sonra iş məhkəməyə gedib çıxdıqda hakimin adından da ondan artıq 30 min manat tələb ediblər və bildiriblər ki, «məsələni indi həll etməsən Apellyasiya məhkəməsində 50 min manat ödəməli olacaqsan».
Ən maraqlı məqam ittihamını qurulması ilə bağlıdır. Rəsmi versiyaya əsasən Mirzəli Cəfərquliyev həmin 2 ağacın kəsilməsini bir nəfərə tapşırıb, həmin şəxs başqa bir nəfərə bunu həvalə edib və 2 ağacın kəsilməsi üçün sonuncuya 3 min manat (!) ödənilib. Yəni rəsmi versiyaya görə «ağacın kəsilməsi əməliyyatı»na 3 nəfər cəlb edilib (bu 3 rəqəmini yadda saxlayın) və 2 ağacın kəsilməsi üçün 3 min manat ödəniş edilib.
Əslində bu məsələdə qarışıq məqamlar həddən artıq çoxdur.
Məsələn, Ekologiya Nazirliyi məhkəməyə məktub yazıb şikayətçi olmadığını və vurulan zərərin tamamilə kompensasiya olunduğunu bildirməsinə və ağacı kəsən şəxsin bunu etiraı edib zərəri ödəməsinə baxmayaraq açılan cinayüət işi indiyədək başa çatdırılmayıb.
Eləcə də M.Cəfərquliyevə dövlət tərəfindən ayrılan vəkil, sonradan məlum olub ki, məhkəmə katibinin qardaşı imiş və əslində müdafiə etməli olduğu şəxsə, təkildə «məsələni ona deyilən kimi (yəni pulla) həll etməyi» təklif edirmiş. Həkim özünə vəkil tutandan sonra vəkilin işinin əslində necə olduğunu görüb.
Digər tərəfdən, məhkəmədə çağrılan 8 şahidin hamısı Mirzəli Cəfərquliyevdən belə göstəriş almadıqlarını, ümumiyyətlə onu tanımadıqlarını bildirib və sair. Əslində məsələ indi də araşdırılır və ona görə oxucularnın vaxtını bu detallara almaq istəmirik.
Diqqəti çəkən məsələ nədir:
Həkimin müraciətindən sonra Baş Prokurorluğun Mətbuat xidməti bununla bağlı açıqlama yayıb. Bildirilib ki, "Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi aparılarkən, həmin tikilinin qarşısında 2 ədəd yaş sərv ağaclarının qanunsuz kəsilməsi nəticəsində 2700 manat ziyan dəyməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb: “İş üzrə təqsirləndirilən Cəfərquliyev Mirzəli Cəfərqulu oğluna Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib».
Deməli vəziyyət belədir, 2 ağacın kəsilməsinə görə (baxmayaraq ki, ağacı kəsən başqa şəxsdir, bunu etiraf edib və vurulan zərəri kompensasiya edib, ödəyib, Ekologiya Nazirliyinin də şikayəti yoxdur) təqsirlənldirilən şəxs olaraq Mirzəli Cəfərquliyev polis nəzarətinə verilib, Bu o deməkdir ki, o hara getsə, gəlib polisdə məluma verməli, burada hər gün imzal etməli və sair həyata keçirməliir (məqalənin sonunda polisin nəzarətinə vermə tədbirinin detalları açıqlanıb).
Amma yenə də əsas məsələ bunlar deyil. Əsas məsələ Cinayət Məcəlləsi və burada nəzərdə tutulan, törədilən əməllərə qətiyyən adekvat olmayan qeyri-adi dərəcədə sərt cəzalardır.
Söhbət nədən gedir –
Cinayət işi Cinayət Məcəlləsinin 259.3-cü maddəsi üzrə açılıb.
Bəs bu maddə nə deyir? Ümuümiyyətlə CM-də 259-cu maddə Ağacların qanunsuz kəsilməsi ilə bağlıdır – «Maddə 259. Qanunsuz ağac kəsmə».
Bu maddəyə daxil olan
259.1-ə əsasən ağaclarnın kəsilməsi ilə xeyli miqdarda (yəni 1000 manatdan artıq) ziyan vurduqda:
5000-7000 manat cərimə;
və ya 2 ilədək müddətdə islah işləri;
və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması;
və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası var.
259.2. Eyni əməllər təkrar və qulluq mövqeyindən istifadə etməklə törədildikdə
7000-9000 manat cərimə;
və ya 2-5 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq vurma – FED.az)
və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası var.
Amma Mircəli Cəfərquliyevə cinayət işi 259.3-cü maddə ilə açılıb. Yəni 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə
259.3-cü maddə üzrə
9000-11000 manat cərimə
və ya 2-5 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq vurma – FED.az)
və ya 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Başqa sözlə, ittihama inansaq, Mirzəli Cəfərquliyev tərəfindən ağacların kəsilməsi əməliyyatı qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə vasitəsilə kəsdirib.
«Burada qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə haradadır?» soruşmağa tələsməyin. Məsələ bundadır ki, işdə ikidən artıq adamın adı hallarınsa, bu hərəkəti əlbir şəxs kimi tövsif etmək mümkündür.
Birinci şəxs Mirzəli Cəfərquliyev) bu işi birinə, o isə öz növbəsində 3-cü şəxsə tapşırıbsa, bu hal – «cinayət»in «əlbir olaraq» törədilməsi sayılır.
İndi isə qayıdaq 6 il əvvələ, prezident İlham Əliyevlə Amerika Ticarət Palatasının (AmCham) nümayəndə heyətininin görüşünə.
Bu görüşdə səsləndirilən 2 min manata görə cinayət işi açılmasının absurdluğu fikrini Cinayət Məcəlləsninin başqa maddələrinə də əlavə etmək və Məcəlləni diqqətlə yoxlamadan keçirmək lazımdır.
Məsələ bundadır ki, ağacların kəsilməsi kimi, ağır sayılmayan cinayət halına görə, cəzanın 5 min manat cərimədən 2 il müddətinə həbsə qədər dəyişməsi nonsensdir. Xeyri miqdarda – yəni 1000 manatdan yuxarı zərər vurmağa görə belə cəza nə qədər adekvatdır?
Üstəlik, ağırlaşdırıcı hallarda (yəni əlbir şəxslər və ya mütəşəkil dəstə) cəza daha da ağırlaşır və artıq 9-11 min manat cərimədən 3-6 il müddətində həbs cəzasına qədər artır.
Cəzanın belə geniş diapazonda dəyişməsi məhkəmə polisə, istintaq qurumlarına və məhkəmələrə geniş manevr imkanı yaradır.
2 min manat vergidən yayınmağa görə cinayət işinin açılması absur sayılırsa, 1 min manatlıq pozuntya görə nəyə görə cinayət işi açılmalıdır, özü də 3-6 illik həbs və faktiki olaraq bütün həyatın məhv olması perspektivi ilə?
Amma hələ bu da hamısı deyil. Cinayət Məcəlləsinin başqa maddələri ilə müqayisə etdikdə ağacların kəsilməsi və 1 min manatləq zərərə görə cəzaların nə qədər ağıl olduğunu görmək mümkündür. Bəzi hallarda ağac kəsilməsinə görə cəzalar, hətta adam öldürmək və ya qəsdən sağlamlığa xəsarət yetirmək cinayətlərinin cəzasından ağır olur.
Məsələn,
Maddə 121. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi - 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə.
Maddə 122. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə - 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Adam bu vəziyyətdə 2 və ya daha artıq adamı qəsdən öldürürsə, 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 123. Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə - 2-3 ilədək müddətə islah işləri və ya 2-3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 124. Ehtiyatsızlıqdan adam öldürmə - 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ehtiyatsızlıqdan 2 və ya daha çox adamı öldürmə isə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 127. Qəsdən sağlamlığa az ağır zərər vurma – 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağırlaşdırıcı hallarda eyni əməl 1-3 müddətə azadlığın məhdudlaşdırılması və ya 1-5 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Başqa sözlə, yuxarıda sadalanan, ölüm işi də daxil, bütün cinayət hərəkətlərinə görə, cəzalar ağac kəsmək üçün nəzərdə tutulan cəzadan daha yüngüldür. Bu nədiri? - Ağac insan həyatından qiymətlidir?
Son illər Azərbaycanda cəzaların yüngülləşdirilməsi geniş müzakirə edilir. Belə müzakirələr və dekriminilizasiya belə, konpensasiya oluna bilən, zərəri qarşılıqlı ödənilən halları əhatə etməlidir.
Hələlik isə belə ağır cəzalar yalnız hüquq mühayizə orqanlarının və məhkəmələrin manipulyası üçün şərait yaradır.