Azərbaycanda Beynəlxalq ticarət müqavilələri hüququna aid kitab dərc edilib. Azərbaycanlı hüquqşünasın “Beynəlxalq ticarət müqavilələri hüququnun unifikasiyası” kitabı ölkənin hüquq cəmiyyətinə 2022-cti ilin sonunda təqdim edilib.
FED.az xəbər verir ki, kitabın müəllifi Vəkillər Kollegiyasının üzvü, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Hüquqi təminat departamentinin Hüquqi məsələlərin tənzimnlənməsi şöbəsinin müdiri h.f.d. Ilgar Babayevdir.
Kitab müəllifin İstanbul Ticarət Universitetində Beynəlxalq ticarət və Avropa Birliyi hüququ sahəsində aldığı doktorantura təhsili zamanı yazdığı doktorantura dissertasiyası əsasında hazırlanıb və Ankarada "Seçkin Yayınevi" tərəfindən nəşr edilib.
Beynəlxalq ticarət müqavilələri hüququ hazırda bütün dünya, o cümlədən Azərbaycan iqtisadiyyatı üçün olduqca vacib mövzudur.
Məsələ bundadır ki, ölkələrin milli hüquq sistemləri arasında olan fərqlər dövlətlər üçün bir sıra problemlər ortaya çıxarmaqdadır. Bu problemlərdən biri də bu cür fərqlərin beynəlxalq ticarətin sürətinə və inkişafına mane olmasıdır. Hər bir dövlətin xarici ticarət dövriyyəsi həcmini artırmağı arzuladığını nəzərə alsaq, ən azından beynəlxalq ticarət hüququ sahəsində dövlətlərin hüquq sistemləri arasında olan fərqlilikləri ortadan qaldırılmasının əhəmiyyətini başa düşmək mümkündür. Bunun üçün ən optimal yod Beynəlxalq ticarət hüququnun unifikasiyası - bir-birinə uyğunlaşdırılmasıdır.
Xüsusilə hazırda dünya bazarına çıxan şirkətlərin sayının artması, xarici partnyorlarla işlərin aktivləşməsi dövründə Azərbaycan şirkətləri bu mövzularla getdikcə daha tez-tez üzləşməli olurlar.
Məsələnin əhəmiyyətini sadə misalla göstərmək olar:
Tutaq ki, Amerikanın «A» şirkəti Çinin «B» şirkətinə müəyyən məhsul satmaq istəyir. Tərəflər razılaşır. «A» şirkəti digər risklərlə birlikdə hüquqi riskləri də nəzərə almaq məcburiyyətindədir. «A» şirkəti tərəfindən Çin hüququnun öyrənilməsi nisbətən baha başa gəlməkdə və öngörüləbilməyən problemlərin ortaya çıxma ehtimalını artırmaqdadır. Eyni vəziyyət «B» şirkəti üçün də keçərlidir.
Həm ABŞ-ın, həm də Çinin üzvü olduğu beynəlxalq alqı-satqı hüququnun unifikasiyasını təmin edən “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası” bu problemin həllini təmin etməkdədir. Beynəlxalq ticarət hüququnun unifkasiyasının əhəmiyyəti bu cür məqamlarda özünü göstərir.
Beynəlxalq ticarət hüququ və onun ən mühüm sahəsi olan beynəlxalq ticarət müqavilələri hüququnun unifikasiyasının üstünlükləri aşağıdakılardır:
• Birincisi, bu sahədə unifikasiya müxtəlif hüquq sistemlərinin mürəkkəbliyindən irəli gələn maneələri aradan qaldırmaqla ticarəti asanlaşdırır.
• İkincisi, beynəlxalq kommersiya hüququnun unifikasiyası ölkədaxili əməliyyatların tənzimlənməsindəki fərqləri nəzərə almayaraq beynəlxalq əməliyyatlar üçün uyğunlaşdırılmış hüquqi baza yaradır.
• Üçüncüsü, hüququn unifikasiyası ümumiyyətlə obyektiv hüquqi qaydalar yaradır. Məsələn, CISG həm roman-german, həm də anlo-sakson hüquq sisteminə uyğun olan beynəlxalq alqı-satqı hüquq sistemi yaratmışdır.
• Dördüncüsü, unifikasiya çox vaxt milli qanunvericiliklə tənzimlənməyən sahədə normalar təmin etməklə hüquqi boşluğu doldurur. Məsələn, UNCITRAL-ın “Elektron Ticarət haqqında Model Qanunu” elektron ticarətin hələ qanunla tənzimlənmədiyi ölkələr üçün nümunəvi hüquqi baza yaradır.
• Beşincisi, hüququn unifikasiyası beynəlxalq ticarətdə əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnir.
• Altıncısı, unifikasiya hüquqi kolloiziyanı xeyli azaldır, proqnozlaşdırıla bilənlik və hüquqi müəyyənlik təmin edilir və nəticədə hüquqi risk azalır.
• Nəhayət, bir çox hüquq sistemləri üçün hüququn unifikasiyası hüquq islahatlarına müsbət təsir edir. Belə ki, bəzi ölkələrdə hüquq islahatları çox mürəkkəb və qarışıq bir problemdir, lakin qaydalar beynəlxalq səviyyədə qəbul edildikdən sonra islahatlar daha asan həyata keçirilə bilər, yəni bu qaydalar daxili qanunvericiliyə daha asan daxil oluna bilər.
Sözügedən kitabda «Beynəlxalq ticarət hüququ sahəsində unifikasiyanın əhəmiyyəti», «Unifikasiya metodları», «Beynəlxalq ticarət müqavilələri hüququ sahəsində unifikasiya fəaliyyəti aparan qurumlar», «Beynəlxalq ticarət müqavilələri hüququ sahəsində aparılan unifikasiya çalışmaları» «Qlobal çalışmalar», «Konvensiyalar», «Yumşaq hüquq vasitələri», «Model müqavilələr və maddələr», «Hüquqi təlimatlar», «Beynəlxalq ticarət müqavilələri hüququnun unifikasiyasında ortaya çıxan problemlər», «Dövlətlərin sayının çox olması», «Unifikasiya vasitələrində edilən yeniləmələr», «Dövlətlərin unifikasiya edilmiş qaydaları qəbul edərkən müxtəlif faktorları diqqətə alması», «Unifikasiya vasitələrinin öz aralarındakı münasibətlərdən doğan problemlər», «Unifikasiya vasitələrinin keyfiyyətindən qaynaqlanan problemlər», «Dil problemi», «Fərqli interpretasiya problemi», «Unifikasiya vasitələrinin tanıdılması və tədrisinin kifayət qədər olmaması», «Dövlətlərin məhkəmələrinin unifikasiya vasitələrini istifadəsində yaranan problemlər» kimi mövzular araşdırılıb.
«Beynəlxalq ticarət müqavilələri hüququnun unifikasiyası» kitabı beynəlxalq ticarət hüququ sahəsində fəaliyyət göstərə mütəxəssislər üçün, həmçinin bu sahədə təhsil alan tələbələr və akademik fəaliyyət göstərən araşdırmaçılar üçün maraqlıdır. Eləcə də sözü gedən kitab bğeynəlxalq ticarətin digər aktyorları üçün, o cümlədən sahibkarlar və biznesmenlər üçün də yararlıdır.
«Beynəlxalq ticarət müqavilələri hüququnun unifikasiyası» kitabını bu linkdən onlayn şəkildə əldə etmək olar.