Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlər qismində müştəri uyğunluğu tədbirləri müəyyənləşir.
FED.az xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, maliyyə institutları uydurma adlarla və ya anonim hesablar açmamalı, sənədləri və əmlakı uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul etməməli (xüsusi otaqlarda və ya seyf qutularında saxlamamalı), anonim depozit sertifikatları buraxmamalı və anonim bank kitabçaları təqdim etməməlidirlər. Öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər:
- işgüzar münasibətlərin yaradılmasından əvvəl;
- İyirmi min manat məbləğində (limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);
- maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl;
- əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda;
- əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda.
Əməliyyatın ümumi məbləği əməliyyatın icrasından əvvəl məlum deyilsə, müştəri uyğunluğu tədbirlərinin tətbiqi əməliyyatın məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi anda həyata keçirilir.
Peşəkar fəaliyyət çərçivəsində üçüncü şəxslərə hüquqi şəxsləri və ya onların filial və nümayəndəliklərini təsis etmək, hüquqi şəxslərin qanuni təmsilçisi qismində çıxış etmək, hüquqi şəxslər və ya onların filial və nümayəndəlikləri üçün hüquqi ünvan təmin etmək kimi xidmətləri göstərən şəxslər şirkətin xidmət təminatçıları hesab edilir. Xarici ölkədə (ərazidə) təsis edilən (qeydiyyatdan keçən) hüquqi şəxsin kənar idarəçisi qismində çıxış edən şirkətin xidmət təminatçıları, fəaliyyət istiqamətlərinə uyğun olaraq, öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən, şirkətin xidmət təminatçısı qismində iştirak etdiyini bəyan etməli və bununla əlaqədar zəruri bütün məlumat və sənədləri təqdim etməlidirlər.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.