"Bank Melli İran"ın Bakı filialı 2025-ci ilin ilk yarımilliyinin maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri artsa da, inzibati xərclərin kəskin yüksəlməsi yekun mənfəətin azalmasına səbəb olub.
Belə ki, bank 2025-ci ilin yanvar-iyun aylarında 2 milyon 835 min manat faiz gəliri əldə edib. Bu, ötən ilin eyni dövründəki 2 milyon 404 min manatlıq göstərici ilə müqayisədə 431 min manat və ya 17,9% çoxdur. Faiz xərclərinin sıfıra enməsi nəticəsində bankın xalis faiz gəliri 2 milyon 835 min manat təşkil edib ki, bu da illik müqayisədə 17,9% artım deməkdir.
Hesabat dövründə bankın risklərin idarə edilməsində müsbət dinamika müşahidə edilib. Belə ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlara ayırmalar ötən ilki 1 milyon 912 min manatdan 1 milyon 129 min manata düşüb. Bu, ehtiyat ayırmalarının 784 min manat və ya 41% azaldığını göstərir.
Bankın xarici valyuta əməliyyatlarında da ciddi dönüş yaranıb. Əgər 2024-cü ilin ilk yarısında xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən 64 min manat zərər yaranmışdısa, bu il həmin əməliyyatdan 177 min manat gəlir əldə edilib. Bununla yanaşı, xarici valyuta əməliyyatları üzrə birbaşa gəlirlər bir qədər azalaraq 7 min 798 manatdan 6 min 627 manata enib.
Bankın haqq və komissiya gəlirləri 5 min 95 manatdan 6 min 389 manata yüksəlsə də, bu istiqamətdəki xərclər daha sürətlə artaraq 73 min 96 manatdan 79 min 927 manata çatıb. Bankın digər gəlirləri isə 3 min 978 manatdan 2 min 694 manata qədər azalıb.
Mənfəətin azalmasında həlledici rol oynayan amil isə inzibati xərclərin artması olub. Bu xərclər illik müqayisədə 93 min manat (12,2%) artaraq 759 min manatdan 851 min manata yüksəlib.
Hesabatda ticarət məqsədilə alınmış qiymətli kağızların satışından və ya torpaq, tikili və avadanlıqların xaric olmasından gəlir və ya zərər qeydə alınmayıb.
Nəticədə, bütün gəlir və xərclər nəzərə alındıqdan sonra bank 2025-ci ilin ikinci rübünü 3 milyon 226 min manat xalis mənfəətlə başa vurub. Bank 2024-cü ilin ilk yarımilliyində 3 milyon 437 min manat xalis mənfəət əldə etmişdi. Bu da illik müqayisədə mənfəətin 212 min manat və ya 6,2% azaldığını göstərir.
Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
30 iyun 2025-ci il tarixinə bankın cəmi aktivləri 123 milyon 768 min manat təşkil edib. Bu, 2024-cü ilin sonu ilə müqayisədə 4 milyon 662 min manat və ya 3,9% artım deməkdir.
Aktivlərin tərkibində ciddi dəyişikliklər baş verib. Bankın kredit portfeli kəskin kiçilib. Müştərilərə verilmiş kreditlər son 6 ayda 380 min manat (25,4%) azalaraq 1 milyon 496 min manatdan 1 milyon 116 min manata enib.
Eyni zamanda, bankın maliyyə institutlarından alınacaq vəsaitləri də 19 milyon 365 min manat (47,5%) azalaraq 40 milyon 765 min manatdan 21 milyon 400 min manata düşüb.
Bunun əvəzində bank qiymətli kağızlara investisiyaları kəskin artırıb. Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara qoyuluşlar 21,8 milyon manat (66,7%) artaraq 32 milyon 762 min manatdan 54 milyon 599 min manata çatıb. Bankın nağd pul vəsaitləri və müxbir hesabları isə 2,3 milyon manat (6%) artaraq 41 milyon 174 min manata yüksəlib.
Öhdəliklər və Kapital
Hesabat dövründə bankın öhdəlikləri də cüzi artıb. Cəmi öhdəliklər 1 milyon 437 min manat (2%) artaraq 70 milyon 165 min manatdan 71 milyon 602 min manata yüksəlib.
Öhdəliklərin artımı əsasən müştəri hesabları və subordinasiya borcları hesabına baş verib. Müştəri hesabları (depozitlər) 572 min manat (1,6%) artaraq 36 milyon 168 min manata, subordinasiya borc öhdəlikləri isə 2 milyon manata yaxın (12,5%) artaraq 17 milyon 950 min manata çatıb.
İlk yarımildə bankın cəmi kapitalı 3 milyon 224 min manat (6,6%) artaraq 48 milyon 941 min manatdan 52 milyon 166 min manata yüksəlib. Kapitalın artması bankın 2025-ci ilin ilk 6 ayı ərzində əldə etdiyi 3 milyon 224 min 556 manatlıq xalis mənfəət hesabına baş verib. Bu mənfəət bankın yığılmış zərərini azaldıb. Nəticədə, bölüşdürülməmiş zərər 24 milyon 670 min manatdan 21 milyon 445 min manata enib. Bankın nizamnamə kapitalı isə dəyişməyərək 73 milyon 611 min manat olaraq qalıb.