“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2024-cü ili 1 milyon 761 min manat zərərlə başa vurub.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
2023-cü ildə ASC-nin zərəri 1 milyon 820 min manat idi. Bu da illik müqayisədə zərərin 59 min manat və ya 3% azalması deməkdir.
Ötən il “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin cəmi gəlirləri 37,5 min manat, başqa sözlə 0,5% artaraq 6 milyon 933 min manata yüksəlib.
Hesabat ilində şirkətin əsas əməliyyat gəlirləri 37 milyon 415 min manat , satışın maya dəyəri üzrə xərcləri 30 milyon 613 min manat, satış gəliri 3 milyon 802 min manat təşkil edib. İllik müqayisədə əsas əməliyyat gəlirləri 1 milyon 459 min manat (4,1%), satışın maya dəyəri üzrə xərcləri 1 milyon 508 min manat (5,1%) artsa da, satış gəliri 2 milyon 849 min manat (42,8%) azalıb. Digər fəaliyyət üzrə gəlirləri 114,8 min manat və ya 46,8% azalma ilə 130,6 min manata düşüb.
ASC-nin kommersiya xərcləri 4 milyon 170 min manat, inzibati xərcləri 4 milyon 214 min manat, sair əməliyyat xərcləri 23,3 min manat, maliyyə xərcləri 280,9 min manat olub. İllik müqayisə ilə kommersiya xərcləri 262 min manat (6,7%) artıb, inzibati xərcləri 151 min manat (3,5%), sair əməliyyat xərcləri 178,3 min manat (8,7 dəfə) azalıb, maliyyə xərcləri 45 min manat (19,1%) artıb.
31 dekabr 2024-cü il tarixinə şirkət 18 milyon 915 min manat cəmi aktivlərə malik olub.
Bu da əvvəlki ilə nisbətən 95 min manat və ya 0,5% azalmadır.
Hesabat dövründə “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin cəmi öhdəlikləri 15 milyon 19 min manatdan 16 milyon 521 min manata çatıb. Bu da illik 1 milyon 502 min manat (10%) artım deməkdir.
Kapitalı isə 1 milyon 596 min manat və ya 40% azalma ilə 3 milyon 990 min manatdan 2 milyon 394 min manata düşüb.