Xəbər verildiyi kimi, yeni yaranan Sosial Tədqiqatlar Mərkəzinə idarə heyətinin sədri tətin edilmiş Zahid Oruc tanınmış iqtisadçıları, o cümlədən Samir Əliyev, Rövşən Ağayev və digər iqtisadçı ekspertləri mərkəzlə əməkdaşlığa səsləyib. FED.az xəbər verir ki, artıq Samir Əliyev Zahid Orucun təklifinə münasibətini açıqlayıb.
S.Əliyev “Yeni Müsavat”a bildirib ki, Sosial Tədqiqatlar Mərkəzi çox məsuliyyətli və lazımlı bir institutdur. Əməkdaşlıq etmək məqsədəuyğundur: “İlk növbədə Zahid Orucu yeni vəzifəsi ilə bağlı təbrik edirəm. Qeyd edim ki, çox məsuliyyətli və lazımlı bir institutdur. Çünki ölkədə uzun müddət ictimai fikir və rəy ya nəzərə alınmayıb, ya da selektiv qaydada nəzərə alınıb. İndi həm hakimiyyətin, həm də cəmiyyətin diqqəti bu qurumun ortaya çıxaracağı məhsulda olacaq və etimad da həmin məhsulun keyfiyyətindən asılı olaraq formalaşacaq. Bu istiqamətdə Zahid bəyə uğurlar arzulayıram.
İkincisi, mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Müxtəlif tədbirlərdə görüşü zamanı Zahid bəy həmişə bizim fəaliyyətə yüksək qiymət verdiyini, hökumətin təkliflərimizdən yararlanmalı olduğunu dəfələrlə bəyan edib. Bu baxımdan belə bir təklif çox da gözlənilməz olmadı. Xüsusilə də mövqeyimizin müstəqil və obyektiv olduğunu qeyd etməsi bizim üçün çox vacibdir. Çünki hər zaman məsələyə qrup marağından yox, obyektiv yanaşmağa çalışmışıq. Buna nə dərəcədə nail ola bildiyimizi peşəkarların və mütəxəssislərin öhdəsinə buraxıram. Əməkdaşlıq təklifinə gəlincə, onu deyə bilərəm ki, biz həmişə əməkdaşlığa hazır olmuşuq.
Bu vaxta qədər dövlət qurumları ilə müxtəlif səviyyələrdə müzakirələr aparmışıq. Buna Vergilər Nazirliyini və Mərkəzi Bankı misal çəkə bilərəm. Bundan başqa illərdir hazırladığımız hesabatları, tədqiqatları və tövsiyələri hökumətin müvafiq qurumlarına, parlamentə göndərmişik. Bu təkliflərin bir çoxu qəbul edilib və gələcəkdə də nəzərə alınması mümkündür. Bundan sonra əməkdaşlıq edəcəyim daha bir ünvan-Sosial Tədqiqatlar Mərkəzi olacaq. Bu qurumla da əməkdaşlıq edəcəyik. Dəvət olunarıqsa, müzakirələrdə iştirak edəcəyik, rəylərimizi göndərəcəyik, cəmiyyətdə müşahidə etdiyimiz problemləri çatdıracağıq, baxışlarımızı bildirəcəyik. Fikrimcə, Mərkəz cəmiyyətin bütün təbəqələrinin, o cümlədən müxalifyönlü siyasi partiyalarda təmsil olunan iqtisadçıların fikir və rəylərini öyrənməlidir”.