Rusiyadaha daha bir azərbaycanlı iş adamı, Voronej şəhərində Azərbaycan diasporunun lideri, Voronejdə ən böyük bazarın sahibi Yusif Xəlilov həbs edilib.
FED.az biznes portalı Rusiyanın “Mash” teleqram kanalına istinadən xəbər verir ki, hüquq mühafizə orqanları iş adamını oğlunun orduya çağırılmaması üçün bu ilin mart ayında həkimə 330 min rubl rüşvət verməkdə ittiham edirlər. Bildirilir ki, Xəlilovun 18 yaşlı oğlu ali məktəbdə İT üuzrə oxuyur və ailəsi onun müharibəyə getməsini istəməyib.
Bildirilir ki, iş adamı məbləğin bir hissəsini vasitəçi ilə göndərib, qalan 100 min rubl vəsaiti isə kart vasitəsilə həkimin hesabına köçürüb. Məhz bu köçürmə cinayət işi üçün sübut dəlil kimi istifadə olunur.
Buna qədər verilən məlumata görə, Yusif Xəlilovun evinə hüquq mühafizə orqanları bir neçə həftə əvvəl də gəliblər. İyulun 1-də onlar evdə axtarış aparıblar, iş adamının telefonunda isə cinayətin sübutu – yazışmalar tapılıb.
Nəticədə Yusif Xəlilov oktyabr ayınadək həbs edilib, onu 7-12 il müddətində həbs və deportasiya gözləyir. İş adamı ittihamlarla razılaşmır, özünü günahkar saymır və ifadə verməkdən imtina edir.
Qeyd edək ki, Yusif Xəlilov təkcə diaspora rəhbəri deyil, həm də Voronejin ən nüfuzlu iş adamlarından biridir, şəhərdəki Alekseyev bazarı ona məxsusdur. Bu bazar təkcə Voronejin deyil, bütün rejionun ən böyük ticarət mərkəzi sayılır, burada yüzlərlə iş adamı çalışır, hər gün minlərlə alıcısı olur.
Xatırladaq ki, son həftələr Rusiyadakı Azərbaycan diaspor üzvlərinə qarşı kampaniya geniş şəkil alıb.
Belə ki, iyul ayının 4-də Podmoskovye vilayətində Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edilib. Mətbuatda yayılan məlumata görə, buna səbəb guya diapora rəhbərinin Rusiya təhlükəsizliyinə təhlükə yaradan hərəkətləri olub. Bundan bir neçə gün əvvəl isə Rusiya hüquq mühafizə orqanları Yekaterinburq şəhərindəki azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini həbs etmişdilər.