Kürdəmir rayonundakı «Naftalan» restorannıda zəhərlənmə baş verib.
FED.az xəbər verir ki, iyulun 19-da saat 23:30 radələrində Kürdəmir rayonunda zəhərlənmə şübhəsi ilə 17 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilənlər arasında azyaşlı uşaqlar da var, sonradan onların sayı 24-ə yüksəlib.
Pasiyentlərə xəstəxanada zəruri tibbi yardım göstərilib, səhhətləri nəzarətə götürülüb, vəziyyəti qənaətbəxş olanlar ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə ilə bağlı araşdırma başlayıb. Tezliklə bu hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də açıqlama yayıb.
Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Elşən Qıtan oğlu Əzizova məxsus “Naftalan” ailəvi restoranında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb ediblər. Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.