İran hökuməti ABŞ prezidenti Donald Trapmın görüşmək təklifinə cavab verib. FED.az-ın məlumatına görə, İran tərəfi cavab verib ki, ABŞ-la danışıqlar yalnız o halda başlanacaq ki, qarşı tərəf «nüvə müqaviləsi»nə qayıtsın.
Rəsmi Tehranın mövqeyini İranın prezident administrasiyasının rəhbərinin müavini Həmid Abutalebi səsləndirib. O öz tvitterində yazıb ki, Tehran Vaşinqtonla danışıqları yalnız ABŞ-ın «nüvə sazişi»nə qayıtmasından sonra başlamağa hazırdır.
«Sivilizasiyalı cəmiyyətdə mübahisələrin həlli yolu kimi dialoqu görənlər həm də bu şərtləri yerinə yetirməlidirlər: böyük İran xalqına hörmət, hərbi əməliyyatların dayandırılması və «nüvə sazişi»nə qayıtmaq». — deyə Abutalebi yazıb.
İran nümayəndəsi qeyd edib ki, «nüvə sazişinə» qayıtmaq ABŞ-la danışıqlara başlamaq üçün əsas şərtdir. Burada diqqəti çəkən məam odur ki, təklifin ABŞ prezidentinin özündən gəlməsinə baxmayaraq İran tərəfindən cavab nəinki administrasiyanın rəhbərindən, hətta onun müavinindən gəlib.
Xatırladaq ki, iyulun 30-da prezident Tramp bildirmişdi ki, İran rəhbəri ilə ilkin şərtlər olmadan görüşə bilər: «Mümkün müharibə və insanların ölümündən söhbət gedirsə başqa insanlarla danışmaq vacxibdir. Belə görüşlərdə pis heç nə yoxdur. Biz Koreya rəhbəri ilə görüşdük və artıq 8 aydır ki, nüvə sınaqları yoxdur». Tramp bildirib ki, İran tərəfi ilə görüşə ilkin şərt olmadan da razılaşa bilər: «İndi onlarda ağır dövrlərdir. Mən İranla nüvə sazişini ləğv elədim, çünki bu qəribə saziş idi. Amma əgər onlar görüşmək istəyərlərsə, heç bir ilkin şərt yoxdur. Amma hesab etmirəm ki, onlar bu görüşə hazırdırlar – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, «ağır dövrlər» haqqında danışarkən, Tramp İran iqtisadiyyatındakı ağır vəziyyəti nəzərdə tutur. Doğrudan da, hazırda İranda ağır böhran yaranıb. Milli valyuta olan İran rialı dəyərini ikiqat itirib. Ölkədə inflyasiya 203%-ə çataraq 2013-dən bəri ən yüksək həddə qalxıb.
Qeyd edək ki, iqtisadi çətinliklər İranın uzunmüddət sanksiyalarda yaşaması ilə bağlı olsa da, Vaşinqtonun nüvə sazişindən çıxması da İran üçün böyük zərbə olub. ABŞ rəhbərliyinin bu qərarı və sanksiyalar tətbiq etməsi nəticəsində ABŞ şirkətləri başda olmaqla xarici biznes İrandakı işlərini dayandırıb və investisiya layihələrini ləğv edib.
Avqustun 7-də ABŞ-ın İrana qarşı yeni sanksiyalarının qüvvəyə minməsi gözlənilir. Noyabrda isə İran ABŞ tərəfindən daha ciddi sanksiyalara məruz qalacaq.