Qax rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı yerli sakini, Qarabağ müharibəsi qazisini döyərək ona ağır xəsarət yetirib.
FED.az xəbər verir ki, Qax rayon sakini Fərrux Xudaverdiyev yanvarın 12-də rayonun digər sakini Qarabağ müharibəsi qazisi Müşfiq Sultanovu döyərək ona ağır xəsarətlər yetirib.
M.Sultanlının yaxınlarının FED.az-a verdiyi məlumata görə, F.Xudaverdiyev əvvəlcə Sultanlını pilləkəndən itələyib, yıxılaraq huşsuz hala düşdükdə isə onun başına və bədəninin digər hissələrinə zərbələr endirib.
Bir qəər sonra özünə gələn Müşfiq Sultanov telefonla təcili yardım çağırmaq istəyərkən F.Xudaverdiyev yenidən ona hücum edərək təkrar zərbələr endirib.
Nəticədə M.Sultanov ağır xəsarətlər alıb, o cümlədən kəllə sümüyündə çat yaranıb, o ağır vəziyyətdə elə həmin gün – yanvarın 12-də rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
FED.az xəbər verir ki, zərərçəkənin ağır xəsarət almasına və hadisəni törədənin şəxsiyyətinin hamıya məlum olmasına baxmayaraq indiyədək Fərrux Xudaverdiyev saxlanılmayıb.
Bundan başqa, hadisənin yanvarın 12-də baş verməsinə və zərərçəkənin ağır xəsarətlər almasına baxmayaraq zərərçəkmişin vəziyyəti ilə bağlı məhkəmə tibb ekspertizası (Nazim adlı mütəxəssis) yalnız yanvarın 16-da yəni hadisədən 4 gün sonra keçirilib.
M.Sultanovun yaxınları hadisə ilə bağlı cinayət işinin başlanılmadığını bildirirlər. Qeyd edək ki, Müşfiq Sultanov Əfqanıstan veteranı və 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı, qazisidir. Qarabağ müharibəsi zamanı torpaqların azad olunması uğrunda döyüşlərdə aldığı xəsarətdən sağlamlığını qismən itirib.
Fərrux Xudaverdiyev isə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə Xidmətinin əməkdaşı, Qax rayonundakı idarədə bölmə rəhbəridir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov FED.az-ın sorğusuna cavab olaraq bildirib ki, yanvarın 12-də Qax şəhər sakini Müşfiq Sultanovun Fərrux Xudaverdiyev tərəfindən döyülməsi ilə bağlı polis şöbəsinə müraciət daxil olub.
Müraciət əsasında tərəflərin izahatları alınıb, elə həmin gün zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Yanvarın 16-da isə o, ekspert həkimin iştirakı ilə müvafiq ekspertizadan keçirilib. Ekspertizanın rəyindən asılı olaraq cinayət işinin başlanıb-başlanmaması barədə qərar qəbul ediləcək və qarşı tərəfin əməlinə hüquqi qiymət veriləcək. Hazırda faktla bağlı araşdırma aparılır.