Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə FHN, DİN və AAYDA-nın Bibiheyət yolundakı vəziyyətlə bağlı birgə məlumatında bildirilir.
Məlumatda deyilir ki, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.
Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.
Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.
Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar aprelin 6-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov ərazidə olub.
Nazir ərazidə yaranmış vəziyyətlə yerində tanış olub, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb, atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.



















