Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıq edirlər.
FED.az xəbər verir ki,sakinlərin əsas şikayətlərindən biri mənzil alışı zamanı ödənilmiş ƏDV məbləğinin geri qaytarılmamasıdır. Bildirilir ki, şirkət satış zamanı ƏDV-ni alıcıların deyil, öz adına rəsmiləşdirib. Bu səbəbdən vergi sistemində alıcıların elektron depozit hesabları yaranmayıb və ödənilmiş ƏDV-nin geri qaytarılması texniki olaraq mümkün olmur. Məlumata görə, problem təxminən 400 sakini əhatə edir.
Əlavə olaraq, kompleksdə tamamlama işlərinin hələ də başa çatmaması sakinlərin narazılığına səbəb olur. Yaşayışın başlamasına baxmayaraq bir çox texniki işlər yekunlaşdırılmayıb, binaların rəsmi təhvili isə gecikir.
Sakinlər xüsusilə təhlükəsizlik avadanlıqlarının quraşdırılmamasından narahatdırlar. Bloklarda yanğın zamanı istifadə olunmalı hidrant qutularında şlanq və digər avadanlıqların olmaması fövqəladə vəziyyət zamanı ciddi risk yaradır.
Şikayətçilər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, cavab ala bilmədiklərini bildirirlər (Patrul.az).









