Xəbər verildiyi kimi, son günlər xaricdən Azərbaycana idxal olunan məhsullara nəzarət artıb.
FED.az xəbər verir ki, artıq Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkəyə gətirilən mallara nəzarət tədbirləri həyata keçirərkən əqli mülkiyyət hüquqlarının qorunması, pirat və konfrafakt malların qarşısını almağa başlayıblar.
Komitənin bununla bağlı yaydığı açıqlamaya görə, bu işlər «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» qanun, daha dəqiqi qanunun 10-cu maddəsi əsasında aparılır.
Komitə xatırladıb ki, Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər. Dövlət Gömrük Komitəsi həmçinin bildirir ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.
Bəs bu sahədə baş verən yenilik hansı növ mallara aiddir, ölkəyə hansı malların gətirilməsinə nəzarət artırılıb?
Müxtəlif brendlərin sahibləri öz mallarının saxta variantlarının ölkəyə gətirilməsinin qarşısını necə ala bilərlər? Baş verən yenilikləri, aparılan nəzarət tədbirlərini və bu sahədə sahibkarları gözləyən dəyişiklikləri FED.az-a ölkənin tanınmış gömrük brokeri şirkətlərindən olan «Mobil Broker» şirkətinin gömrük eksperti Toğrul Surxayzadə şərh edib.
- Toğrul müəllim, əqli mülkiyyətin pozulması ilə müşayiət olunan əşyaların idxal olunması qadağandır. Bu qadağa hansı hallarda və necə tətbiq edilir?
- Son vaxtlar Dövlət Gömrük Komitəsinin bu mövzuda çalışmaları göz qabağındadır, ciddi addımlar nəticəsində artıq proses bütünlüklə qanuni cəhətdən tənzimlənir və belə halların qarşısı alınmağa başlanılıb.
Qorunan əqli mülkiyyət subyektlərinə nəzər yetirsək, Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunmuş «Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların» Siyahısını qeyd etmək olar. Məsələn, Siyahıda qeyd olunan «PUMA» əmtəə nişanının hüquq sahibi «PUMA SE» şirkətidr. Yəni malın qorunma müddəti ərzində bu hüquq «PUMA SE» şirkətinə məxsusdur və əgər hər hansı digər şəxs həmin əmtəə nişanı olan malı xaricdən gətirməyə cəhd göstərsə gömrük orqanları ona qarşı inzibati tədbirlər görə bilər.
Qanunvericiliyə əsasən pirat və ya kontrafakt malları idxal edənlər məsuliyyət daşıyırlar. Belə ki, əmtəə nişanının hüquq sahibi Əqli Mülkiyyət Agentliyinə əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
Bundan başqa, əmtəə nişanının hüquq sahibi mallar gömrük sərhədindən keçirilərkən onun hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, bunun qarşısının aınması üçün gömrük orqanına müraciət edə bilər.
Daha sadə desək, bütün bunların nəticəsində hüquq sahibi şəxslər ərizə ilə müraciət edərək saxta malların, məsələn saxta telefon və ya digər elektronik əşyaların idxalınınqarşısının alınmasına nail ola bilərlər. Bu proses «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunda da əks olunub.
- Gömrük orqanı artıq müxtəlif saxta brendlərin olkəyə gətirilməsinin qarşısını almağa başlayıb. Bu proses əsasən hansı əşyalara aiddir və belə mallar aşkar ediləndə nə baş verir?
- Qeyd etdiyim kimi, gömrük sərhədindən keçirilən pirat və ya kontrafakt mallar üzərində gömrük nəzarət tədbirləri həyata keçirilir. Belə malların gömrük orqanları tərəfindən qeydiyyatının aparılması bu sahədə qabaqcıl addımlardan biridir və işi asanlaşdırır. Belə malların reyestrinin aparılması nəticəsində gömrük orqanları, digər pirat mallarla müqayisədə əqli mülkiyyət hüquqları olan obyektləri operativ şəkildə qorumağa nail olurlar.
Məsələn, tutaq ki, gömrük rəsmiləşdirilməsi zamanı «Lacoste» markasının pirat formada hazırlanmış malı aşkarlanır. Bu zaman gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbərinin şəxsin qərarı ilə belə malların buraxılışı 10 iş günü müddətinə dayandırılır. Malı gətirən şəxsə isə bu qərar və onun səbəbləri barədə dərhal yazılı bildiriş göndərilirr. Bu proses zamanı əmin olmaq üçün malın prob və nümunələri götürülür.
Malın üstündə beynəlxalq eyniləşdirmə nömrəsinin qeyd olunması bu prosesə uğurla nəzarət etməyə kömək edir. Araşdırma zamanı gətirilən malın pirat və ya kontrafakt mal olduğu aşkarlandıqda həmin şəxsin məsuliyyətə cəlb olunması üçün məhkəmə orqanlarına işə baxılması üçün müraciət göndərilir.
Onu da qeyd edim ki, gömrük orqanlarından əlavə olaraq Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı,məlumat toplusu, kitab) nüsxələrini nəzarət markası ilə təmin edir. Yəni gömrük rəsmiləşdirilməsindən sonra bu nüsxələrə nəzarət markaları yapışdırılır. Hazırda həm eyniləşdirmə nömrələri (ştrix kod), həm də nəzarət markaları vasitəsilə bu halların qarşısı alınmağa başlayıb. Gələcəkdə həmin siyanının genişlənəcəyinə heç bir şübhə yoxdur.
- Toğrul müəllim, belə hallara yol verənləri hansı cərimə və sanksiyalarm gözləyir?
- Belə hallara yol verənlərin məsuliyyət daşıması qaçılmazdır. İnzibati Xətalar Məcəlləsində bununla bağlı müvafiq maddələr var. Belə ki, 185-ci maddəyə (Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması) əsasən mallar müsadirə edilməklə 80 manatdan 160 manatadək cərimə nəzərdə tutulub. Məcəllənin 413-cü maddəsinə (Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı) əsasən isə vurulmuş ziyanın 2-4 misli məbləğində cərimə nəzərdə tutulub.
İnzibati Xətalar Məcəlləsində sözügedən hallarla bağlı nəzərdə tutulan cərimələr:
Maddə 185. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması
Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda-
pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 185 - 188-ci maddələrində “az miqdarda ziyan vurduqda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
Maddə 413. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı
Nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə-
Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.