Astara Gömrük İdarəsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınmaq üçün nəzərdə tutulan külli miqdarda narkotik vasitə - heroin aşkar edilib.
Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi - FƏRMAN
Dövlət Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, heroin İrandan Estoniyaya göndərilən «kafel yapışdırıcısı"nın içərisindən aşkar edilib.
Komitə bildirir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Estoniyaya “kafel yapışdırıcısı” yükü aparan vaqon “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb. Əvvəlcə yükə ənənəvi olaraq stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunub və buna görə, yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib.
Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı vaqondakı 3 250 kisədən 44-də xüsusilə külli miqdarda, qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Qeyd edək ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır.
Faktla bağlı araşdırma aparılır.



















