Bir neçə gün əvvəl Azərbaycanın gömrük sistemində maraqlı yenilik başlayıb. Ölkədə ilk dəfə olaraq Səlahiyyətli iqtisadi operatorlar (SİO) fəaliyyətə başlayıb.
SİO gömrüyün və idxal ixrac əməliyyatına nəzarət edən digər dövlət qurumlarının səlahiyyətlərinin bir hissəsinin özəl sektordakı şirkətə həvalə edilməsidir. Yəni artıq ixrac prosesində, məhsulun yüklənməsi və ya möhürlənməsi prosesini dövlət qurumu deyil, onun səlahiyyət verdiyi özəl şirkətlər həyata keçirəcək. Nəticədə ölkədən ixrac daha da sadələşməli və sürətlənməlidir.
Ölkədə ilk dəfə SİO statusu alan şirkətlərdən biri də iş adamlarına və əhaliyə yaxşı tanış olan «Food City Agrocomplex»dir.
«Food City Agrocomplex»in fəaliyyəti, SİO qismində görəcəyi işlər, bu işləri aparmaq üçün imkanları və yeniliyin sahibkarlara yaradacağı imknalarla bağlı FED.az-ın suallarını «Food City Agrocomplex» şirkətinin baş icraçı direktoru Anar Ağayev cavablandırır.
- Anar müəllim, ölkəmizdə ilk dəfə Səlahiyyətli iqtisadi operator (SİO) statusu almağınız münasibətilə sizi və rəhbərlik etdiyiniz «Food City Agrocomplex» şirkətini təbrik edirik. Bu yenilik bəradə ətraflı danışarıq, amma əvvəlcə ümumilikdə «Food City Agrocomplex», onun fəaliyyəti barədə məlumat verərdiniz…
- «Food City Agrocomplex» əsasən qida, həmçinin də qeyri-qida yüklərinin idxal, ixrac, tranzit əməliyyatlarını həyata keçirə bilən çoxfunksiyalı bir logistik mərkəzdir. Bura həm emal edilmiş qida, yəni məsələn , sosiska, kolbasa, makaron məhsulları, həm də yaş qida, yəni meyvə-tərəvəz və heyvandarlıq məhsulları aiddir.
Bizim logistik mərkəzimizin içərisində bu əməliyyatlar üçün bütün infrastrukturumuz, yəni özümüzə məxsus laboratoriyamız, eyni zamanda bizə məxsus müvəqqəti gömrük saxlanc statuslu anbarlarımız var. Bu anbarlar həm quru, həm də soyuq zəncirə aiddir. Bundan başqa, «Food City Agrocomplex»da özümüzə məxsus 2 kilometr uzunluqda dalan dəmiryolumuz və xüsusi avtomatik tənzimlənən refrigerator (soyuducu tipli – FED.az) tipli vaqonlarımız var. Eyni zamanda, ərazimizdə KOB evi və bir sıra dövlət qurumlarını nümayəndəlikləri var.
- «Food City Agrocomplex»də məhsul çeşidləri bol olsa da, əməliyyatın böyük hissəsi bildiyimiz qədər meyvə-tərəvəz üzərindədir, eləmi?
- Hal-hazırda bəli, böyük hissəsi meyvə-tərəvəzdir, təxminən il ərzində 450 min ton məhsul daşınıb. İşimizin həcmini göstərmək üçün qeyd edim ki. Hər ay ölkədən xaricə məhsul daşıyan çıxan təxminən 25 min TIR avtomobilinin 80-82%-i bizim aqroparkdan çıxır.
- Anar müəllim, səlahiyyətli iqtisadi operator anlayışı Azərbaycan üçün yenilir, nəinki əhali, hətta bəlkə də xarici ticarətlə məşğul olan sahibkarların böyük hissəsi bundan xəbərsizdir. Bu barədə məlumat verin – SİO nə işlə məşğuldur?
- Səlahiyyətli iqtisadi operator, ümumiyyətlə, Avropa Birliyində və həmçinin MDB dövlətlərində tətbiq edilən bir gömrük prosedurudur. Bu, gömrük-özəl tərəfdaşlığının bir nümunəsidir, eyni zamanda, həm idxal, ixrac, tranzit əməliyyatlarının sürətlə aparılması, qeyd edildiyi kimi, hər hansı gecikmələrin olmaması, şəffaflığın və dürüstlüyün aparılması üçün Dövlət Gömrük Komitəsindən müəyyən səlahiyyətlərin özəl sektora ötürülməsidir. Bu da müxtəlif kateqoriyalar üzrə verilir. Bu, Azərbaycanda ilk dəfə tətbiq olunur. Biz bu barədə elan verildikdən sonra müraciət etmişik və ötən ildən bu statusu almaq üçün prosesə başlamışdıq.
- Statsusun alınması prosesi təxminən bir il davam etdi?
- Bəli, təxminən bir il çəkdi. Bu müddətdə biz sənədləşmə və sair məsələlərini həll elədik və nəticə etibarilə bu gün (17 dekabr 2024-cü il – FED.az) təltif olunma mərasimi həyata keçirildi və biz səlahiyyətli iqtisadi operator statusu aldıq.
- Səlahiyyətli iqtisadi operator – nə deməkdir? Bu statusu almaqla hansı əməliyyat aparmaq səlahiyyəti əldə edirsiniz?
- Səlahiyyətli iqtisadi operator – 3-cü tərəflərə, yəni sadə desək, başqa şirkətlərə idxal ixrac əməliyyatlarını daha sürətli, çevik və maliyyə mənbələrinə qənaət eləməklə aparmağa imkan verir, daha dəqiqi bu sahədə onlara xidmət göstərir.
- Aydın olması üçün misal göstərə bilərsiniz?
- Məsələn, hər hansı bir ixrac, idxal və ya tranzit prosesində iştirak edən müştəri, sahibkar bizim kimi səlahiyyətli iqtisadi operatorlara müraciət edərək gömrük rüsumlarını və digər yığımları ödəmədən malını ölkəyə idxal eləyir, malı satır və o maldan əgər satılan maldırsa, istehsal prosesinə yönəldir və nəticə etibarilə əldə edilən vəsaitdən gömrük rüsumlarını ödəyir.
- Bəs məhsulunu xaricə ixrac eləyən sahibkar, səlahiyyətli iqtisadi operator olaraq sizin xidmətlərdən necə istifadə eləyə bilər? Sizdən hansı xidmətləri ala bilər?
- Ümumiyyətlə, biz logistik mərkəz olaraq, məhsulların ölkədən ixracına da dəstək veririk. Bu təcrübə – səlahiyyətli iqtisadi operator statusu - ilk dəfə tətbiq olunduğuna görə, nəyin necə həyata keçiriləcəyiylə bağlı növbəti addımlar hələ müəyyən ediləcək. Bizə reqlament təqdim olunacaq və biz o reqlament əsasında sahibkarlara məlumat verib xidmətə başlayacağıq.
- Anar müəllim, bu xidmətləri göstərmək üçün «Food City Agrocomplex»də müvafiq infrastruktur varmı?
- Əlbəttə, bizdə bütün lazımi infrastrukturumuz, şərait, o cümlədən Dövlət Gömrük Komitəsi, eləcə də digər dövlət qurumlarının nümayəndələri, o cümlədən KOB evi təmsil olunur, KOB evində 8 dövlət qurumu var. Bu qurulmuş infrastruktur, o cümlədən burada çoxsaylı dövlət qurumlarının nümayəndələrinin olması imkan verir ki, gömrük xidməti öz səlahiyyətlərinin və məsuliyyətinin bir hissəsini kommersiya qurumuna, yəni bizə - səlahiyyətli iqtisadi operatora ötürsün. Nəticədə digər şirkətlərin, sahibkarların idxal ixrac prosesləri sürətlənir, həmçinin, onlar dövlət qurumlarından daha çox kommersiya qurumlarıyla ünsiyyətdə olurlar.
- Gəlin göstərəcəyiniz xidməti misalla izah edək, ölkədən xaricə mal ixrac edən sahibkar sizin terminala gələcək, onların malları necə deyərlər, maşında möhürlənəcəkdir, düz başa düşdüm?
- Bəli, mallar bizim anbardan yükləndiyi zaman, eyni zamanda, bizim terminaldan yükləndiyi zaman o, artıq belə deyək, dövlət qurumlarıyla çox ünsiyyətdə olmayacaq. Onsuz da ixrac üçün lazım olan sənədləşmə və s. elektron qaydada da alınır, məsələn ixrac bəyannamələri, məişət sertifikatı, sağlamlıq və ya fitosanitar arayışları və sair.
- Deməli, ixracla bağlı bütün sənədləşdirməyə siz kömək eləyəcəksiniz?
- Bəli, hamısı bizim ərazimizdə baş verir, bir binada. Burada, necə deyərlər, Asan Xidmətin ticarət modelini xatırladan bir sistem var. Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Qidə Təhlükəsizliyi Agentliyi, həmçinin Yerüstü Nəqliyyat Agentliyi, Azterminal Gömrük İstehsalat Kompleksi və sairin nümayəndələri var. Dediyim kimi, hazırda bizim ərazidə yerləşən KOB evində 8 dövlət qurumu təmsil olunur.
- Gəlin bir də dəqiqləşdirək, oxucularımıza aydın olması üçün – buradan, siz operatorluğunuzla istənilən məhsulun ixracına dəstək verilir, yoxsa yalnız sizin anbarda saxlanan malların?
- Xeyr, ümumiyyətlə, bizim terminalımız istənilən məhsulun idxal-ixrac və tranzitində iştirak eləyə bilir. Səlahiyyətli İqtisadi Operator isə dediyim kimi, təzə bir model olduğuna görə, onun hansı məhsullara aid olması və prosesin necə gedəcəyi Gömrük Komitəsindən veriləcək reqlament əsasında baş verəcək. Böyük ehtimalla, ilkin mərhələdə bu xidmətlər anbarımızdan yüklənən məhsullara aid olacaq.
- Düz başa düşdümsə, sahibkar öz yükünü sizin anbara verəcək, və həmin yük buradan avtomobillərə yüklənib sənədləşdiriləcək, möhürlənəcək və yola düşəcək?
- Bəli. Proses bizim və gömrük xidmətinin nəzarəti altında olacaq. Amma biz artıq səlahiyyətli iqtisadi operator statusu aldığımıza görə, gömrük artıq öz işini, səlahiyyətinin bir hissəsini və inam etibarını bizə ötürmüş sayılır. Biz gömrüyün səlahiyyətli nümayəndəsi olaraq operator kimi prosesdə iştirak eləyirik.
- «Food City» bu xidmətlərə görə xidmət haqqı alacaq?
- Xeyr, Səlahiyyətli iqtisadi operator xidməti göstərdiyimizə görə xidmət haqqı alınmır. Yəni SİO statusu almaqda məqsədimiz sahibkarlara kömək eləməkdir, prosesi sürətləndirmək, şəffaflaşdırmaqdır, SİO-nun əsas məqsədləri gəlir əldə eləmək deyil. Amma, anbar xidmətləri və digər xidmətlərimizə görə xidmət haqqı alınacaq.
- Anar müəllim, «Food City Agrocomplex» fəaliyyəti barədə danışdıqda ildə 450 min ton yük daşındığını qeyd etdiniz. Yəqin ki, bu yük axınlarının böyük hissəsi Rusiyaya yönəlib, eləmi?
- Bəli, əsas yeri Rusiya tutur, amma bundan başqa, ixrac olunan ölkələr arasında Mərkəzi Asiya respublikaları var, eləcə də bəzi müştərilərimiz Monqolustana, Hindistana, Tayvana, Sinqapura, Yaxın Şərqdə olan ərəb ölkələrinə məhsul çıxarırlar. Necə deyərlər az sayda olsa da, özlərinə alternativ bazarlar tapırlar.
- Yaxın Şərqdə olan ölkələrə ixrac üçün də mallar sizin terminaldan keçir?
- Bəli, çünki belə deyək, ölkənin ixrac edilən yaş meyvə-tərəvəzin böyük hissəsi, daha doğrusu, meyvəsinin böyük hissəsi şimal bölgəsində alınır. Məsələn, ixrac edilə bilən meyvələrin sayı 100-lərlə deyil, maksimum 3-4-dür, şaftalıdır, gilasdır, almadır, xurmadır, hansı ki, Azərbaycanda kütləvi şəkildə əkilib-becərilir. Digər də meyvə-tərəvəzlər, məsələn, cənub regionundan xüsusilə mandarin, feyxoa, kivi və sair ixrac edilir.
- Rusiya bizim bir ənənəvi bazarımızdır, bu aydındır. Başqa hansı ölkəyə ixracın artımını müşahidə edirsiniz?
- Statistika və elə sahibkarların öz tərcihlərini də nəzərə alsaq, Rusiya onlar üçün bu və ya digər formada sərfəli bazardır. Burada qurulmuş müəyyən bir sistem və uzunmüddətli ticarət əlaqələri var.
Amma fikir veririk, son dövrlərdə xüsusən Mərkləzi Asiya ölkələrinə - Özbəkistana da maraq bir az artıb. Bu da başa düşüləndir təbii ki, və əsas bazarlar demək olar ki, Özbəkistan, Qazaxıstan və Rusiyadır. Amma biz düşünürük ki, bizim də belə deyək də, apardığımız bir alət var, hansı ki, ixrac üçün Azərbaycana marağı ola biləcək ölkələrdəki bizim kimi terminallarla kontragent müqavilələr bağlayırıq, sazişlər imzalayırıq ki, Azərbaycan məhsulları məsəlçün, yaxın gələcəkdə Çinə çıxsın. Çin çox böyük, həddindən artıq böyük bir bazardır. Eyni zamanda, istəyirik məhsullarımız Hindistana da çıxa bilsi. Artıq ölkəmizdə yetişdirilən məhsulların keyfiyyəti da yavaş-yavaş buna imkan verməyə başlayır ki, bu kimi ölkələrdə ixracı artırsınlar.
- Anar müəllim, «Food City Agrocomplex» ölkənin başqa ərazilərində də filial açmağı planlaşdırırmı?
- Xeyr, hələlik bu yenilik uğurlu şəkildə tətbiq olunmağa başlayıb, yavaş-yavaş da hər gün də yeniliklərlə davam eləyir. Hərçənd düşünürəm ki, bu, bir pilot lahiyə kimi yəqin ki, Zəngəzur tərəfdə də dövlət tərəfindən bəlkə də planlaşdırıla bilər, eyni zamanda da, cənub qapısında. Yəni ki, bizim əsas hədəfimiz tranzit yük daşımalarıdır. Cənab prezidentin də bu istiqamətdə göstərişləri var, biz də belə deyək öz kiçik miqyasımızda çalışırıq ki, aldığımız o mesajı biznes qurumu olaraq tətbiq eləyək və baxırıq ki, ölkəmiz üzərindən tranzit üçün kifayət qədər böyük tələblər var.
- Ölkəmiz üzərindən tranzit daşımalarına tələbatın artdığını siz də hiss edirsiniz?
- Bəli, xüsusilə Azərbaycanın yerləşdiyi coğrafi mövqe, istər quru, istər su, belə deyək, nəqliyyatı istifadə eləyən daşıma şirkətləri üçün ən əlverişli bu yerdir.
Fikrimcə prosesləri də bu şəkildə sadələşdirsək, ümumiyyətlə, daşınma həcmlərinin təsəvvür edilə bilinməyəcək qədər artma ehtimalı çox böyükdür.
- Ətraflı məlumata görə təşəkkür edirəm.
- Siz sağ olun.