2024-cü ildə xaricdən Azərbaycana kütləvi şəkildə idxal olunan mallardan biri də müxtəlif seqmentə daxil olan qadın çantaları olub.
FED.az xəbər verir ki, ötən il Azərbaycana xarici ölkələrdən 3 milyon 349 min ədəd müxtəlif qadın çantaları gətirilib. Onların ümumi dəyəri 19,1 milyon dollar olub.
Azərbaycana çantaların əksəriyyəti Çindən gətirilir. Belə ki, ötən il Çindən Azərbayana ümumi dəyəri 11,73 milyon dollar olan 2 milyon 695 min ədəd qadın çantası gətirilib. Bu bütün çanta idxalının 80%-i deməkdir.
Bundan başqa, Azərbaycana ən çox qadın çantaları Türkiyədən (500 min ədəd), İrandan (91 min ədəd), Hindistan (20 min ədəd) və Myanma (13 min ədəd) olub.
Çindən Azərbaycana idxal olunan qadın çantalarının orta idxal qiymətləri fərqlidir.
Belə ki, ötən il Çindən Azərbaycana 1 milyon 66 min ədəd üz səthi təbii, kompozisiyalı və ya lak dəridən çiyin qayışı olan və olmayan qadın çantaları gətirilib. Bunların ümumi dəyəri 5 milyon 961 min dollar təşkil edib. Başqa sözlə bu çantaların orta idxal qiyməti 5,6 dollar və ya 9,5 manat olub.
Bundan başqa, ötən il Çindən Azərbaycana 798 min ədəd səthi plastmas və ya tekstil materiallardan, çiyin qayışı olan və olmayan qadın çantaları gətirilib, onların ümumi dəyəri 2 milyon 831 min dollar olub. Başqa sözlə, bu çantaların orta idxal qiyməti 3,55 dollar və ya 6 manat təşkil edib.
Nəhayət, ötən il Çindən Azərbaycana 831 min ədəd çiyin qayışı olan və olmayan digər qadın çantaları gətirilib. Onların ümumi dəyəri 2 milyon 937 min dollar təşkil edib. Başqa sözlə bu çantaların orta qiyməti 6 manat təşkil edib.












