Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” öz işini yekunlaşdırıb.
FED.az xəbər verir ki, “Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal İnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik” mövzusuna həsr olunan bu beynəlxalq Sammit, regionda rəqəmsal transformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcı platforması kimi çıxış edir.
24 iyun 2025 ci il tarixində öz işinə başlayan və iki gün davam edən Sammitdə əsas diqqət maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həlləri və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinə yönəlmişdir 7 tematik panel üzrə müzakirələr aparılmışdır. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar da geniş müzakirə edilmişdir.
Tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okean regionları da daxil olmaqla 300-ə yaxın beynəlxalq və regional şirkətlər iştirak etmişdir. Ümumilikdə 1500-dən çox nümayəndənin, o cümlədən dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri, ödəniş texnologiyaları təminatçıları, investorlar, diplomatik nümayəndəliklər və akademik institutların təmsilçiləri iştirak etmişdirlər.
Sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də Türkdilli Dövlətlərin Kredit Büroları arasında qarşılıqlı əməkdaşlığı gücləndirən Anlaşma Memorandumları imzalanlanmışdır.
Həmçinin, tədbirdə ABA-nın 35 illik yubileyinə həsr olunmuş poçt markalarının möhürlənməsi mərasimi baş tutmuşdur.
Sammitin təşkilatçısı olan Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev tədbir barədə öz fikirlərini bölüşərək bunu bildirmişdir: “FINTEX Sammiti 2025 bir daha göstərdi ki, maliyyə sektorunda əməkdaşlıq, innovasiya və rəqəmsal transformasiya getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bizi sevindirir ki, Bakı artıq bankçılıq, fintex və tənzimləyici qurumlar nümayəndələrinin bir araya gələrək maliyyənin gələcəyini müzakirə etdiyi regional platformaya çevrilib. Azərbaycan Banklar Assosiasiyası adından bu uğurlu tədbirə töhfə verən bütün tərəfdaşlara, spikerlərə və iştirakçılara dərin təşəkkürümü bildirirəm.”
Sammitin ənənəvi Qlobal Sponsoru olan Visa şirkətinin Azərbaycandakı ölkə meneceri Nurlan Hacıyev vurğuladı: “Visa olaraq, biz ölkəmizdə dayanıqlı və innovativ maliyyə ekosistemi yaratmaq öhdəliyini paylaşırıq. Bu ilin Sammitin əsas mövzuları maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, əməliyyat dayanıqlılığının artırılması və rəqəmsal iqtisadiyyatın çağırışlarına uyğunlaşmaq idi — bütün bunlar Visa-nın strategiyası ilə tam uyğunluq təşkil edir. Azərbaycan 28 ildir fəaliyyət göstərdiyimiz strateji əhəmiyyətli bir bazardır. Biz ölkənin potensialına inanırıq və yerli tərəfdaşlarla birgə qabaqcıl həllərin tətbiqini davam etdirəcəyik.”
Qeyd edək ki, iki günlük Sammit Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir (digəri isə illik əsasda keçirilən Beynəlxalq Bankçılıq Forumudur, əlavə məlumat üçün – https://www.gbmevents.az/en/events.