2024-cü ilin yanvar ayında Azərbaycanda qaz hasilatı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0,7% artaraq 4,3 milyard kubmetr təşkil edib.
Azərbaycan ötən il 24 milyard kubmetrə yaxın qaz - İXRAC EDİB
FED.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Operativ məlumatlara əsasən, 2024-cü ilin yanvar ayı ərzində Azərbaycanda 4,3 milyard kubmetr qaz hasil edilib ki, bu da 2023-cü ilin yanvar ayının göstəricisindən 30 milyon kubmetr çoxdur”, - nazirlikdən bildirilir.
Hesabat ayında qazın 2,4 milyard kubmetri “Şahdəniz” yatağından (artım 4,3%), 0,13 milyard kubmetri “Abşeron” yatağından, 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokundan (azalma 3,6% - İF), 0,7 milyard kubmetri SOCAR (2023-cü ilin yanvar ayının səviyyəsində qalıb - İF) üzrə hasil olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 fevral 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 217,4 milyard kubmetr, “Şahdəniz”dən isə 211,4 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 150 milyard kubmetri ixraca nəql edilib.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycanda qaz hasilatı 2022-ci illə müqayisədə 3,2% artaraq 48,3 milyard kubmetr təşkil edib.Həmçinin, əmtəə qazının hasilatı 36 milyard 413,8 milyon kubmetr (artım 4,2%) təşkil edib.
Hökumət 2024-cü ildə ölkədə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr, o cümlədən əmtəə qazının 36 milyard 779,6 milyon kubmetr həcmində proqnozlaşdırır.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%) və NICO şirkətidir (10%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb