“Azərbaycan Avropanın enerji təhlükəsizliyə xüsusi töhfə verən ölkədir”.
"Təbii qaz ehtiyatlarımız 600 il kifayət edəcək"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Vüqar Bayramov deyib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bugünkü iclası tamamilə fərqli bir dönmə təsadüf edir: “Bir tərəfdən 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada enerji böhranı daha da dərinləşdi, digər tərəfdən biz 2022-ci ildə Azərbaycanın Avropa bazarına daha böyük həcmdə enerji resursları ixrac etməsini müşahidə etdik. Azərbaycan 2022-ci ildə Avropaya mavi qaz nəqlini 40 faiz artıraraq 11,4 milyard kubmetrə çatdırdı. Bütövlükdə son 2 ildə Azərbaycan Avropaya 20 milyard kubmetrə yaxın qaz nəql edib”.
Deputat qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bu gün keçirilən iclası və iclasda iştirak edən tərəflərin, o cümlədən Avropa İttifaqının və Avropa İttifaqına üzv ölkələrin rəsmilərinin mövqeləri bir daha Azərbaycan Avropanın enerji təhlükəsizliyə xüsusi töhfə verən ölkə olduğunu təsdiqlədi: “Avropa hələ uzun müddət Azərbaycanla bu sahədə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsində maraqlıdır. Eyni zamanda Azərbaycan qazını almaq istəyən ölkələrin sayında kəskin artım var. Nəzərə alınmalıdır ki, Cənub Qaz Dəhlizi birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşıb. Bu gün Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində formalaşan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında xüsusi paya və rola malikdir ”.
Vüqar Bayramov nəzərə çatdırıb ki, Azərbaycanın regionda və Avropa İttifaqı üçün önəmi artır. Eyni zamanda Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsi müşahidə olunur. Azərbaycan yaxın illərdə Avropa İttifaqı, eləcə də region ölkələrinə daha çox enerji resursları, o cümlədən alternativ mənbələrdən əldə edilən yaşıl enerji ixrac edə biləcək: “Cənub Qaz Dəhlizi bu gün regionun və Azərbaycanın iqtisadi və strateji maraqlarına cavab verir. Bu, Azərbaycan üçün yeni imkan, Avropa üçün enerji təhlükəsizliyinin formalaşması baxımından yeni alternativ mənbədir. Bütün bunlar göstərir ki, Azərbaycan Avropa ittifaqı daxil olmaqla, öz tərəfdaşları ilə enerji və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirəcək”. (Apa)