Türkiyə Rusiya, İran və Azərbaycandan aldığı boru qazından qat-qat daha ucuz olan mayeləşdirilmiş təbii qazın (LNG) idxalında rekord vurur.
Eləcə də bax: Ötən il SOCAR-ın büdcəyə ödədiyi vergi - MƏLUM OLUB
FED.az xarici mətbuata istinadən xəbər verir ki, koronavirus epidemiyasından sonra dünyada əmtəə qiymətləri sürətlə aşağı düşüb. Neftin və təbii qazın qiymətinin, xüsusən də spot bazarda ucuzlaşması "tarixi" olaraq qiymətləndirilən yeniliklərə səbəb olub.
Ənənəvi olaraq təbii qaz və neft idxal edən Türkiyə bu vəziyyətdən maksimum faydalanmağa çalışır. Türkiyə ölkədəki bütün çənləri ucuz neft və yanacaqla, xüsusilə dizellə doldurub. Bu ehtiyatlarını artırıb. Türkiyənin xam neft və yanacaq saxlanması üçün ümumi saxlama tutumu 15,8 milyon kubmetr. LPG ehtiyatı 924 min kubmetrdir. Bu tutumların 90%-i artıq doldurulub.
Boru qazı yerinə LNG
Bu baş verənlər özünü təbii qaz sektorunda da göstərir. Türkiyə təbii qazda da konyunkturanın təklif etdiyi imkanlara uyğun addımlar atır. Daha dəqiqi, nisbətən bahalı boru qazı idxalında «əyləc» basılıb, əsas diqqət boru qazından 2 dəfədən də çox ucuz olan LNG qazının idxalına üstünlük verilib. Qeyd edək ki, Türkiyə Rusiyadan gətirilən təbii qazın hər 1000 kubmetrinə 230 dollar ödəyir, LNG isə 80-100 dollar arasındadır.
Qeyd edək ki, 2019-cu ildə Türkiyə 45 milyard kubmetr qaz idxal edib, bunun 29-30 faizini, yəni 13-14 milyard kubmetrini LNG təşkil edib. Bu sahədə ABŞ Türkiyənin əsas tərəfdaşına çevrilib.
Türkiyə LNG qazının idxalını bu il daha da artacaq. LNG-nin ümumi qaz idxalındakı payını 29-30 faizdən 35 faizə (bəlkə də bir qədər çox) artırmaq əsas məqsəddir.
Bacardığı qədər ucuz LNG qazı alacaq
Haberturk.com xəbər verir ki, Türkiyə 2020-ci ilin ilk yarısında bacardığı qədər ucuz LNG qazı alıb toplayacaq. Maksimum "ucuz" LNG müxtəlif ölkələrdən, xüsusən də ABŞ-dan gətiriləcəkdir. İdxal sonradan tədricən azalacaq. Üçüncü və xüsusilə 4-cü rübdə isə sanksiyalardan qorunmaq üçün Rusiya, İran və Azərbaycandan boru qazı idxalı artacaq.
Qaz satışında «al, ya da ödə» prinsipi
Məsələ bundadır ki, Türkiyənin bağladığı qaz müqavilələri «al, ya da ödə» prinsipi ilə işləyir, yəni müəyyən edilmiş həcmdə qaz alınmasa da, onun ödənişi edilməlidir. Türkiyə də boru qazını əsasən bu sanksiyalardan yayınmaq üçün alacaq.
Həm də ilin son rübü qış mövsümünə təsadüf edir, onsuz da qaz istehlakı artacaq. Beləliklə, Türkiyə "al ya da ödə" müqavilələri üzrə sanksiyaya məruz qalmadan tədarükçü ölkələrdən qaz alacaq.
“LNG kimi variantımız var, qiymətləri endirin”
Amma məsələ təkcə LNG qazı və 2020-ci illə bitmir. Türkiyə dünya bazarında sıxılmış qazın qiymətinin aşağı olması və istehsalçıların çoxluğundan istifadə etməklə boru kəməri ilə aldığı qazın qiymətini aşağı salmaq niyyətindədir.
Qeyd edək ki, Türkiyənin boru qazı üzrə əsas müqavilələri 2021-2022-ci ildə başa çatır. Bir qədər əvvəl, daha dəqiqibu ilin fevralında İstanbulda keçirilən konfransda energetika nazirinin müavini Alparslan Bayraktar bildirmişdi ki, yaxın vaxtlarda boru qazı üzrə müqavilələr yenilənəcək və ucuz qiymətə sıxılmış qazın olması Türkiyəyə boru qazı satan ölkələri qiymətləri aşağı salmağa vadar edəcək.
«Ucuz sıxılmış qazın olması və qaza tələbatın aşağı düşməsi bizim boru qazı tədarükçülərimiz üçün (yəni Türkiyəyə qazı boru ilə satanlar, o cümlədən Azərbaycan üçün - FED.az) siqnal olmalıdır ki, onlar daha çevik olsunlar. Danışıqlar yaxşı gedir və biz sıxılmış təbii qazın ucuzluğundan faydalanmaqdayıq»-deyə Bayraktar bildirib.
Qeyd edək ki, hələlik bu ilin əvvəlində Azərbaycan Türkiyəyə qaz nəqlini artırıb. 2020-ci ilin yanvarında Azərbaycan «Şahdəniz» yatağından Türkiyəyə 945,2 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 16,9% artıqdır. Ümumilikdə yanvar aynıda Türkiyənin qaz idxalının 15,78%-i Azərbaycanın payına düşüb. Türkiyə yanvar ayında xaricdən 5,9 milyard kubmetr qaz idxal edib, bunun 3 milyard 859 milyon kubmetri və ya 64,4%-i boru kəməri ilə nəqli edilən qazın, 2,1 milyard kubmetr və ya 35,6% isə sıxılmış qazın payına düşür. Azərbaycandan başqa, Türkiyə İran və Rusiyadan da qaz idxal edir.