Neft-qaz və energetika üzrə ekspert, Caspian Barel resursunun rəhbəri İlham Şaban Azərbaycan qazının Avropaya ixraclna şərait yaradacaq TANAP və TAP layihələrinini reallaşdırılması tarixi, eləcə də onların Azərbaycan iqtisadiyyatına faydası barədə fikirlərini bölüşüb.
FED.az xəbər verir ki, İlham Şaban yazır:
"TANAP Azərbaycan üçün nədir? Əgər bu boru kəməri olmasaydı
a) Azərbaycanın böyük qazı hasil edilməyəcəkdi;
b) çox güman ki, Cənub Qaz Dəhlizi də olnmayacaqdı və ya onun reallaşması elə Nabucco kimi hələ bir onillikdə danışıqlar predmeti olaraq qalacaqdı.
Məsələnin bir balaca tarixinə gedək. Avropanın siyasi və iqtisadi dairələri əslində adı opera tamaşasından götürülmüş Nabucco-nu gerçəkləşdirmək yox, onun vasitəsilə bazara səs salmaq niyyətində idilər. Məqsəd isə Rusiya kimi qaz çəlləyinin imkanlarından XXİ əsrdə daha əlverişli şərtlərlə istifadə etmək imkanı əldə etmək idi. Sonrakı dövr göstərdi ki, Qərb PUL-PARƏ siyasətində həddən ziyadə ZİRƏNGdir... Rusiyanın ona çatması mümükünsüzdür. Çünki KAPİTAL ölkəsi deyil, ona malik olmağa can atır, bu isə fərqli kateqoriyalardır.
Rəsmi Bakı vaxtında "enerji oyununun nəbzini" duya bildi və 2011-ci ilin sonunda Qərb üçün gözlənilməz bir addım atdı - infrastrukturur ÖZÜMÜZ (yəni qardaş Türkiyə ilə) tikəcəyik.
Bunu ona bənzədirəm ki, 8 cərgəlik bir avtomagistralda TIXACdasınız. Başa düşürsünüz ki, süni yaradılıb. Və birdən qonşu cərgədə 2 maşınlıq yer açılır, tez özünüzü verirsiniz ora və sonra daha o biri cərgənin arasında maşınlar arasına dürtə-dürtə irəli getməyə müvəffəq olursunuz. Kimsə siqnal verir, deyir hara gedirsən. Siz isə nəzakətlə gülümsəyir "ay moment" deyib, növbəti maşını geridə qoyursunuz... Və 2018-2019-cu il FİNİŞ
Təxmini buna bənzər bir vəziyyətdə Azərbaycan uğurla irəliləyə bildi. Dünya enerji bazarında 2015-ci ildə qiymətlər dəfələrlə azalanda iş yerləri ixtisarlar edilir, kapital xərcləri minimuma endirilirdi. Məhz həmin il TANAP-ın fiziki işlərinə start verildi. O zaman qonşu Rusiya mətbuatında TANAP əleyhinə nə qədər yazılar gedirdi, hətta Putin Azərbaycanın adını çəkmədən məbuat konfransında deyirdi ki, Avropa alternativ mənbədən qaz almaq istəyir, baxaq görək ala biləcəkmi. Niyə belə deyirdi? Çünki Türk axınını bitirib 2017-ci ilin əvvəlində artıq bu marşrutla Avropaya qaz ötürməyi düşünürdü. İndi isə 2020-ci il gəlir, Azərbaycan qazı Avropaya gedəcək, Putinin marşrutu isə hələ də tikilir. Və yaxud, Xəzərin o tayında Türkmənistan 2015-ci ildə TAPİ deyilən masştablı - buraxıvılıq gücü ildə 33 mlrd m3 olan qaz infrastrukturunun tikintisinə start verdi. 2018-də bitirməliydilər. Bu il qaz getməliydi Əfqanıstan- Pakistan-Hindistan marşrutu üzrə. Bu günə qədər heç Türkmənistan ərazisində qaz kəməri tikilib başa çatmayıb.
Bu baxımdan Azərbaycanın tərəfdaşları ilə birgə ölkə sərhədlərindən kənarda meqa bir infrastrukturu zamanında reallaşdırması təqdirəlayiq bir hadisədir. Özü də təkcə ona görə yox ki, layihənin reallaşdırılması zamanı $5 mlrd kapital qoyuluşuna qənaət edildi. Əsas qazanc qarşıdadır: ilk dəfə Azərbaycan Dövlət Neft Şirkəti (#SOCAR) xaricdə boru kəmərinin operatoru rolunda çıxış edirdi və #TANAP - Azərbaycanın xaricdəki dəyərli AKTİVİ və Azərbaycanın yeni TANITIM nişanıdır.
TANAP - real olaraq infrasturkturdan Azərbaycana gəlir gətirən ən önəmli layihə olacaq - onun gəlirləri Bakı-Tbilisi-Ceyhanın Azərbaycana gətirdiyi dividentlərdən çox olacaq. BTC hazırda illik 100 milyon dollar ətrafında divident gətirir Azərbaycana. TANAP-dan gəlirlər isə bundan 6-7 dəfə çox olması planlaşdırılır".