Dövlət Neft Şirkətinin (SOCAR) xaricdə neft-qaz əməliyyatları ilə məşğul olan bölməsi “SOCAR Trading” xarici ölkələrə mayeləşdirilmiş qaz (LNG) satmağa başlayıb.
FED.az-ın məlumatına görə, bu məqsədlə SOCAR ilk dəfə olaraq xaricə qazı qaz kəmərləri ilə yanaşı, dənizlə də satmağa start verib. SOCAR-ın ictimaiyyətlə əlaqələrinin rəhbəri İbrahim Əhmədov bildirib ki, hazırda təbii qazı quru yolu ilə əldə edə bilməyən ölkələrə şirkət LNG-ni dəniz vasitəsilə çatdırmaq niyyətindədir.
“Azərbaycan qazı boru kəmərləri vasitəsilə digər ölkələrə nəql olunur. Lakin, bəzi ölkələrin quru ilə əlaqələri olmadığından (bu əsasən adalara aid ölkələr üçün səciyyəvidir) onlara qazın boru kəmərləri vasitəsilə nəqli mümkün deyil. Üstəlik, məsafə də uzaq olduğundan qazın boru kəmərləri ilə deyil mayeləşdirilmiş halda (LNG) dəniz vasitəsilə nəql olunması tələb olunur».
Qeyd edək ki, LNG mayeləşdirilmiş qazdır və müxtəlif ölkələrə tankerlə daşınır. Çatdırma ölkəsində LNG yenidən mayedən qaz halına gətirilir və daha sonra elektrik enerjisinin istehsalı üçün istifadə olunur.
Artıq SOCAR bununla bağlı ilk müqaviləsini bağlayıb. Belə ki, “SOCAR Trading” digər şirkətlərlə birgə Maltada qazdan elektrik enerjisinin alınması ilə bağlı layihə həyata keçirib: «Layihəyə əsasən Maltada elektrik enerjisinin istehsalı üçün elektrostansiya tikildi. Həmin elektrostansiya uzunmüddətli müqavilə əsasında “SOCAR Trading” tərəfindən qazla təmin edildi. İndi isə Şri-Lanka, Afrika və başqa ölkələrdə bu cür imkanlar var və bununla bağlı layihələr müzakirə olunur».
İbrahim Əhmədov qeyd edib ki, “SOCAR Trading” zaman-zaman bu cür layihələrə maraq göstərir, çünki şirkət son illərdə LNG ticarətinin həcmini xeyli artırıb və dünyanın aparıcı LNG oyunçularından birinə çevrilib:
«Azərbaycandan LNG ixrac olunmur və bizim birbaşa okeanlara çıxışımız yoxdur. Bir çox treydinqlə məşğul olan şirkətlər müxtəlif ölkələrdən aldıqları məhsulları dünyanın fərqli yerlərinə satırlar və bununla da gəlir əldə edirlər. Biz də bu yolla əlavə gəlir əldə edirik. Dünyanın bir çox ölkə və qitələri arasında istər üçüncü tərəflərin neft və neft məhsulları, istərsə də mayeləşdirilmiş qaz kimi məhsullarla ticarət əməliyyatları aparırıq».
Şirkət rəsmisi bildirib ki, SOCAR bu sahədə uzunmüddətli tərəfdaşlıq və ya öhdəlik yarada biləcək layihədə iştirakada baxır: «Buna görə də “SOCAR Trading” hansısa ölkədə elektrik stansiyasının tikilməsində ya paydaş, ya səhmdar, ya da təchizatçı qismində iştirak edə bilər. Bizim əlimizdə LNG ilə təchizat imkanı olduğuna görə bu kommersiya baxımından maraq kəsb edə bilər».
Qeyd edək ki, “SOCAR Trading” LNG-dən elektrik enerjisi əldə edilməsində fəaliyyətini şaxələndirmək üçün artıq müəyyən qrup yaratdığını elan edib. Bununla da şirkət sektorun əsas oyunçusuna çevrilməyi hədəfləyir.
Xatırladaq ki, “SOCAR Trading” 2017-ci ildə Maltada LNG-nin elektrik enerjisinə çevrilməsini təmin edəcək layihədə iştirak etdi və bununla da inşa edilən elektrik stansiyasından öz kapital payını əldə edərək LNG təminatını həyata keçirdi.