SOCAR və Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (SCPC) tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda (MIT) 35 dövlət qulluqçusunun MikroMaster Proqramı çərçivəsində “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” üzrə təliminə başlayır.
SOCAR-dan FED.az-a verilən məlumata görə,10 ay müddətində distant formada keçilicək MikroMaster Proqramı iştirakçıların milli inkişaf strategiyaları və inkişaf layihələri hazırlamaq, həyata keçirmək, qiymətləndirmək üçün bütün lazımi bilik və bacarıqlarla təmin edilməsi məqsədi daşıyır. 1 fevral 2022-ci il tarixində start veriləcək təlimdə iqtisadiyyat üzrə Nobel mükafatçıları Ester Duflo və Abhijit Banerji, bir sıra MIT professorları iştirakçılara Mikroiqtisadiyyat, Təsadüfi Qiymətləndirmələrin Dizaynı və Tətbiqi, Sosial Elmdə Data Analizi, İnkişaf Siyasətinin Əsasları və Ali İnkişaf İqtisadiyyatı, Siyasi İqtisadiyyat və İqtisadi İnkişaf kimi 5 əsas fənni tədris edəcəklər.
Müxtəlif nazirlik və dövlət qurumlarından seçilmiş 107 namizəd Proqramda iştirak etmək üçün 2021-ci ilin noyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili və riyaziyyat fənləri üzrə imtahandan keçirilib.
14 dövlət qurumunu təmsil edən 35 namizəd uğur qazanaraq 2021-ci il dekabr və 2022-ci il yanvar aylarında 2 aylıq intensiv hazırlıq kursuna cəlb edilib və UNEC professorları tərəfindən aparılan bu kursu müvəffəqiyyətlə başa vurub.
2020-ci ilin fevral-oktyabr aylarında davam edəcək MikroMaster proqramını uğurla tamamlamaq məqsədilə UNEC professorları tərəfindən iştirakçılar üçün həftəlik fasilitasiya dərslərinin keçirilməsi də planlaşdırılıb.
Xatırladaq ki, “SOCAR Midstream Operations” MMC SOCAR-ın törəmə şirkətidir və Cənubi Qafqaz Boru Kəmərinin Kommersiya (2015-ci ildən) və Texniki Operatorudur (2020-ci ildən). SOCAR Midstream Operations MMC 2021-ci il avqust ayından etibarən SCPC-dəki tərəfdaşları adından Sosial İnvestisiya strategiyasının həyata keçirir. Sosial investisiya layihələri CQBK ilə yanaşı icmaların sosial-iqtisadi inkişafı, təhsil və ətraf mühitin mühafizəsi kimi üç sahəni əhatə edir.
SCPC-nin səhmdarları: bp (28,8%), TPAO (19,0%), PETRONAS (15,5%), LUKOIL (10,0%), NICO (10,0%), AzSCP 10% və SGC Midstream 6,7% şirkətləridir.
- CQBK dünya səviyyəli sistemdir və 2006-cı ildən təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyənin regional bazarlarına çatdırılmasını, təhlükəsiz, etibarlı və səmərəli şəkildə idarə olunmasını həyata keçirir.
- Artmaqda olan “Şahdəniz” hasilatını təmin etmək üçün CQBK sistemi “Şahdəniz-2” qazını Türkiyə (6 milyard kubmetr/il) və Avropaya (10 milyard kubmetr/il) ixrac etmək üçün ildə 24,04 milyard kubmetrə qədər genişləndirilib.
- Boru kəmərinin genişləndirilmiş hissəsiilə 2018-ci ilin iyun ayında Türkiyəyə kommersiya tədarüklərinə başlanılıb.
- 2020-ci ilin 30 dekabrından başlayaraq ilk dəfə olaraq “Şahdəniz” qazının Avropaya birbaşa ixracına imkan yaranıb.
- CQBK ixrac sisteminə Azərbaycanda 443 km, Gürcüstanda isə 248 km uzunluğunda boru kəmərləri, həmçinin Azərbaycanda iki kompressor stansiyası, Gürcüstanda isə iki kompressor stansiyası və iki ölçmə stansiyası daxildir.