Xəbər verildiyi kimi, SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları müxtəlif ixtisaslar üzrə təhsil alan, tədrislə məşğul olan və araşdırma aparan şəxslərin müasir akademik ədəbiyyatdan istifadəsini təmin etmək və biliklərini artırmaq məqsədi ilə dünyanın ən qabaqcıl universitetlərində istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcüməsinin və nəşrinin maliyyələşdirilməsini planlaşdırır.
SOCAR-dan FED.az-a verilən məlumata görə, layihə “SOCAR Midstream Sosial Sərmayə Təşəbbüsləri” çərçivəsində həyata keçirilir. İqtisadiyyat və kimya mühəndisliyi ixtisasları ilə yanaşı, biologiya üzrə dərs vəsaitləri də bu sırada mühüm yer tutur. Dünyanın ən qabaqcıl universitetlərində bu fənn üzrə tədris olunan iki dərslik layihə çərçivəsində Azərbaycan dilinə tərcümə ediləcək.
Ölkəmizin tanınmış biologiya mütəxəssisləri tərəfindən seçilib tərcümə və nəşr edilməsi məqsədəuyğun sayılan kitablar aşağıdakılardır:
• Biotexnologiyaya giriş, 4-cü nəşr, Müəlliflər: Villiam J. Thieman, Michael A. Palladino (Introduction to biotechnology 4th Edition, Authors: William J. Thieman, Michael A. Palladino);
• Karp hüceyrə və molekulyar biologiya, 9-cu nəşr, Müəlliflər: Janet İvasa, Vallace Marshall (Karp`s cell & molecular biology, 9th edition, Authors: Janet Iwasa, Wallace Marshall).
Qeyd edək ki, layihə çərçivəsində nəşr ediləcək kitablar biologiya üzrə təhsil verən dövlət ali təhsil müəssisələrinin kitabxanalarına təmənnasız olaraq veriləcək. Kitabların tərcüməsi, redaktəsi və korrekturası üçün peşəkar tərcüməçilər və ali məktəb müəllimləri cəlb edilib. Kitablar 2022-2023-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrində dərs vəsaiti kimi müəllim və tələbələrin istifadəsi üçün hazır olacaq.