Azərbaycanın enerji nəhəngi olan Dövlət Neft Şirkəti Avropanın daha bir ölkəsində yeni layihəyə başlayıb.
FED.az xəbər verir ki, SOCAR Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsini reallaşdıracaq.
Bununla əlaqədar olaraq aprelin 19-da Albaniyanın Korça şəhərinin qazlaşdırma layihəsi-Nur layihəsinin təqdimatına həsr olunmuş tədbir keçirilib.
Albaniyanın Baş naziri Edi Rama, Baş nazirinin müavini - infrastruktur və energetika naziri Belinda Balluku, şəhərin meri, millət vəkillərinin qatıldığı tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov və “SOCAR Balkan” şirkətinin icraçı direktoru Murad Heydərov təmsil edib.
Xatırladaq ki, Kórça Albaniyanın cənub-şərqində kiçik şəhərdir, əhalisi 60 min nəfərə yaxındır.
Tədbirdə Albaniyanın baş naziri Edi Rama layihəyə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O bildirib ki, layihə Albaniya üçün olduqca vacib və strateji bir dövrə təsadüf edir: «Hazırda Albaniya regionda ən yüksək həcmdə enerji istehsal edən ölkəyə çevrilmək ərəfəsindədir. Azərbayca ilə dostluğumuzun göstəricisi olan bu layihənin 2026-cı ilin sonunadək reallaşmasını və Korça əhalisinin qazla təmin olunmasını gözləyirik»-deyə baş nazir layihə ilə bağlı planları açıqlayıb.
Energetika naziri Pərviz Şahbazov isə çıxışında xatırladıb ki, Azərbaycan və Albaniya Cənub Qaz Dəhlizinin üzvləri kimi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji tədarükünün şaxələndirilməsində uğurla əməkdaşlıq edir. Belə ki, indiyədək 45,5 milyard kubmetr Azərbaycan qazı Albaniya ərazisindən keçərək Avropa bazarlarına çatdırılıb.
Nazir Pərviz Şahbazov deyib: «Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycanın investisiyaları hesabına SOCAR tərəfindən həyata keçiriləcək. Albaniyanın qaz infrastrukturunun inkişafında ilk addım olan bu layihə strateji və rəmzi əhəmiyyət daşıyır. Layihə Albaniyanın enerji təchizatını şaxələndirəcək, iqlim gündəliyini dəstəkləyəcək və dekarbonizasiya hədəflərinə nail olunmasına töhfə verəcək. Bu təşəbbüs, həmçinin enerji çıxış imkanlarının genişlənməsini, eləcə də kömür və odun kimi ənənəvi yanacaq növlərindən asılılığın azalmasını dəstəkləyəcəkdir. Albaniya tranzit ölkə olmaqla yanaşı, həm də qaz qəbul edən və istehlak edən ölkəyə çevriləcək».
Tədbirdə ötən ilin noyabrında Bakıda COP çərçivəsində SOCAR ilə Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasından sonra “SOCAR Gas Albania” ofisinin fəaliyyətə başlaması müsbət qiymətləndirilib, növbəti mərhələ üzrə proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.