SOCAR-da 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyəti müzakirə olunub.
FED.az xəbər verir ki, Dövlət Neft Şirkətindən verilən məlumata əsasən, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə əlaqədar onlayn iclas keçirilib.
Rövnəq Abdullayev çıxışında qlobal pandemiya ilə əlaqədar hesabat dövrünün bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini qeyd edərək, hazırkı şəraitdə qənaət rejiminin vacibliyindən danışıb, SOCAR-ın bu yolla maksimum səmərə əldə etməsinin zəruriliyini vurğulayıb.
Şirkətin İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov 9 ayın iqtisadi göstəriciləri ilə bağlı hesabatı təqdim edib. Hesabatda bildirilib ki, OPEC+ razılaşmasının şərtlərinə əsasən neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn islahat və optimallaşdırma tədbirləri diqqət mərkəzindədir. Ötən 9 ay ərzində istehsal edilmiş məhsulun satışından şirkətin hesabına 4,1 milyard manat ümumi pul vəsaiti daxil olub ki, bunun da 2,8 milyard manatı (68,3 faiz) daxili bazarın, 1,3 milyard manatı (31,7 faiz) isə xarici bazarın payına düşür.
2019-cu ilin analoji dövrü ilə müqayisədə şirkətin istehsalat və xidmət fəaliyyətindən daxil olan vəsaitlər 863,7 milyon manat və ya 17 faiz azalıb. Neft emalı və neft-kimya məhsullarının ixracından əldə edilən vəsaitlərdə artım müşahidə olunsada, xam neftin ixracından və neft məhsullarının daxili bazarda satışından daxil olan vəsaitlərin həcmində azalma qeydə alınıb.
S.Qasımıov məxaric maddələri üzrə göstəricilərə diqqət çəkərək, vurğulayıb ki, əmək haqqı məbləği və sosial müdafiə fonduna ayırmalardan başqa bütün xərclər üzrə plana qarşı qənaət edilib, şirkətin maliyyə portfeli optimallaşdırılıb, investisiyaların həcmi azaldılıb. Bunun nəticəsində şirkətin xərcləri azaldılıb və proqnoza nisbətən 1,3 milyard manat vəsaitə qənaət olunub.
Beləliklə, dünya bazarlarında lokdaun və neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR-ın məhsul satışından daxil olan pul vəsaitləri və buna uyğun olaraq xərcləri də azaldılıb, bununla da əməliyyatların dayanıqlığı təmin olunub.
SOCAR prezidenti Rövnəq Abdullayev iclasa yekun vuraraq bildirib ki, şirkətin bütün strukturlarında rəqəmsallaşma irəliləməli, vəsaitlərə maksimum qənaət olunmalı, 2021-ci ilin gəlir və xərclər smetası yaxın dövrdə hazırlanıb təqdim edilməlidir. Dünya bazarlarında hökm sürən çətin iqtisadi vəziyyət yeni çağırışlar gətirməklə, SOCAR-da aparılan islahatları da sürətləndirib. R. Abdullayev qeyd edib ki, aparılan islahatlar nəticəsində SOCAR-ın dayanıqlığı daha da artacaq, şirkət hazırki böhrandan daha güclü çıxacaq.
oxu.az