Evlər, həyətlər su içində qalıb...
FED.az xəbər verir ki, ötən gün Hacıqabul rayonunda intensiv yağan leysan xarakterli yağışlar selə səbəb olub. Rayonun bir neçə kəndində evlərə, təsərrüfatlara ciddi ziyan dəyib.
Həyətlərə dolan suların dərinliyi 30-40, bəzi yerlərdə hətta 60 santimetrə çatıb. Sakinlər deyirlər ki, evlərindəki əşyalar da su içində qalaraq yararsız hala düşüb.
Subasmaya məruz qalan ərazilərə FHN-nin Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunub. Məlumata görə, rayon mərkəzini, rayonun Muğan qəsəbəsini, 1-ci Udullu, 2-ci Udullu, Şorbacı, Rəncbər, Qubalı Baloğlan və Pirsaatçay kəndləri seldən zərər görüb.
Rayon Fövqaladə Hallar Komissiyasından verilən məlumata görə, sel nəticəsində ümumilikdə 200-ə yaxın ev və təsərrüfatları su altında qalıb. Hazırda vətəndaşlara dəymiş ziyanı öyrənmək məqsədilə araşdırma aparılır.
Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün öz məcrasından çıxması və suyun ətraf ərazilərə dolması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib. Təbii fəlakətin fəsadları əsasən rayonun Aşağı Salahlı kəndi ərazisini əhatə edib.
Aşağı Salahlı kənd icra nümayəndəliyindən bildirilib ki, 4 hektar günəbaxan sahəsinə və 10 hektarlıq örüş torpaqlarına ziyan dəyib. O da qeyd edilib ki, Kürün subasma ehtimalı olan ərazilər nəzarətdə saxlanılır və suyun səviyyəsi qalxarsa, texnikalarla da müdaxilə ediləcək.