Rusiya qazından asılılığını azaltmaq istəyən və digər mənbələrdən qaz almaq istəyən Avropa ölkələri potensial satıcılardan biri olan Qətərin «sərt şərtləri» ilə üzləşiblər.
FED.az xəbər verir ki, qaz danışıqlarının bəzi təfərrüatları Bloomberg agentliyinə məlum olub.
Məlum olub ki, danışıqlar zamanı Qətər sıxılmış qaz ixracı üçün Avropa ölkələrindən 20 illik müddətli müqavilələr bağlamağı tələb edib. Avropa ölkələri bu şərtləri həddən artıq sərt hesab etdikləri üçün indi qaz danışıqlar dalana dirənib.
Avropa ölkələri daha az müddətə müqavilə bağlamaq istəyirlər ki, atmosferə tulantıların atılması ilə bağlı lazım gələrsə, qaz alışını azaltsınlar.
Almaniyanın başçılığı ilə Avropa ölkələri hesab edir ki, bu şərtlərlə razılaşsalar, hətta Avropa karbon tullantılarının sıfıra endiriləcəyi dövrdə də Qətərdan qaz almalı olacaq. Bloomberg hesab edir ki, əgər Qətər şərtlərini dəyişməsə, Avropanın qaz bazarını diversifikasiya etməsi mümkün olmayacaq.
Qeyd edək ki, Avropa ölkələri Rusiya qazına alternativ axtarışına mart ayından başlayıb. Həmin vaxt Rusiya prezidenti Vladimir Putin Rusiyaya «dost olmayan» ölkələrə (buraya Avropa İttifaqının bütün ölkələri, ABŞ və Britaniya aiddir) qazın rublla satılacağını elan edib.
Rusiya qazından asılılığı aradan qaldırmaq üçün Avropa ölkələri Afrika ölkələri ilə də danışıqlar aparırlar. Eləcə də Avropa İttifaqı Azərbaycandan alacağı qazı 20 milyard kubmetrədək artırmaq istəyir. Azərbaycan prezidenti İlham Əliyev də Bakının Avropaya qaz satışını artırmaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan qazının ixracı 22 milyard kubmetr olub, 2022-ci ildə bu rəqəm 24 milyard, 2023-cü ildə isə daha yüksək olacaq.
Qeyd edək ki, hazırda Qətər yanacaq böhranından ən çox faydalanan ölkə sayılır. 2022-ci ildə bu ölkənin qaz ixracından gəlirləri 114 milyard dollara çata bilər.